Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:10

Köhnə Bakı taxta tablolarda (VİDEO)


Köhnə Bakı taxta üzərində
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
Direct-ə keçid

Oymaçı Ələkbər Məmmədov taxta üzərində daha çox köhnə Bakını canlandırır

Bakının köhnə, dar küçələri, milli geyimli, bığı burma kişiləri, çadralı qadınları – biz sözlə köhnə Bakının xiffətini çəkənlər usta Ələkbərin emalatxanasına baş çəksələr yaxşıdır. Köhnə Bakının bir-birindən fərqli mənzərələrini usta Ələkbər taxtanı oymaqla canlandırır. Gəncliyində rəssam animator, karikaturaçı rəssam kimi fəaliyyət göstərən Ələkbər Məmmədov 15 ildən çoxdur ki, özünü bu sənətə - taxta üzərində rəsm oymağa həsr etdiyini deyir. Onun təxminən 10 kvatrat metrlik emalatxanasında dörd bir tərəf əl işləridir – «İçərişəhərdə fayton», «Qız Qalası», «Məşədi İbad» obrazı, «İçərişəhərdə çadralı qadın», «Samovar dəzgahı» və daha nələr-nələr:

«Daha çox Bakı mövzusunu işləyirəm. Könhə Bakı, köhnə adamlar, İçərişəhər, Azərbaycanın tarixinə və ədəbiyyatına dair işlər, milli obrazlar üstünlük təşkil edir».

Usta Ələkbər deyir ki, həm də əl işlərini satışa qoyduğu emalatxanasının qarşısından çoxu ayaq saxlamadan keçmir. Amma kimi ala bilməsə belə heyrətlə baxır, kimi də «taxta parçasıdır» deyib keçir:

«Müxtəlif təbəqədən insanlar olur. Adam var ki, baxır, imkanı yoxdur almağa. Qənd, çay deyil ki, hər gün ala biləsən. Almaq üçün həm də gərək insanın buna ruhi, mənəvi ehtiyacı ola. Eləsi də var ki, gəlib baxır, pulu da var, amma deyir «taxtadır da». Başa düşmür ki, taxtanı manqalda yandırarlar, bu isə taxtalıqdan çıxıb, bu sənət əsəridir».

Ələkbər Məmmədovun hazırladığı əsər

10 MANATDAN 500 MANATADƏK

10 manatdan tutmuş 500 manatadək – burada hər qiymətə taxtadan oyulmuş əl işi almaq mümkündür. Usta Ələkbər deyir ki, qiyməti nisbətən baha olur deyə böyük və daha mürəkkəb əl işləri bəzən illərlə vitrində qalır. Tələbat daha çox 20-50 manatlıq kiçik suvenirlərədir. Bu günədək ən baha satdığı əsəri isə Dədə Qorqud obrazını canlandırdığı tablo olub. 700 manatlıq bu əl işi hazırda İngiltərədə şəxsi kolleksiyada saxlanır. Dediyinə görə, bəzi ölkə başçılarının da kolleksiyasını həm də onun əl işləri bəzəyir:

«Əl işlərim bir çox ölkələrdə var, İngiltərədə, Amerikada, Almaniyada, Rusiyada var. Bir neçə xarici ölkə rəhbərlərinə də öz əl işlərimi vermişəm. Məsələn, Medvedevə, Saakaşviliyə, Polşa prezidentinə hədiyyə etmişəm».

Ələkbər Məmmədov
««EUROVİSİON» MƏNLİK DEYİL»

Həmsöhbətim tarixi şəxsiyyətlərdən şah İsmayıl Xətai, Babək, İmadəddin Nəsimi, Xəqaninin də portretlərini taxta üzərinə köçürüb. İndi isə bir istəyi var – Səfəvilərə aid tablo yaratmaq. Istəyi olsa da, imkanları məhduddur:

«İstərdim ki, Səfəvilər tarixinə adi iş işləyim, amma burda elə iş üçün şərait yoxdur. Yer darısqaldır, o enerji və fikirlər ki, məndə var, onu burada həyata keçirə bilmirəm».

«Gələn il Azərbaycan «Eurovision» mahnı müsabiqəsinə ev sahibliyə edəcək, turistlər üçün çoxsaylı suvenirlər hazırlanıb satılacaq, siz də üzərində «Eurovision» yazılmış suvenirlər hazırlayacaqsızmı?» sualımız isə ustanın heç ürəyincə olmadı:

«Mən həmişəki kimi öz işimi işləyirəm. Mənim işim Bakıya aid tablolardır, «Eurovision»a aid yox».
XS
SM
MD
LG