Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 01:58

“Ana” anlayışının qavrayışımızdakı qəribə tərslikləri


əvvəli burda

Prof. Rəhman Bədəlov

"Qadınım. Xanımım. Xatunum"

3-cü bölüm:

Evin xanımı vətəndaş cəmiyyəti amili kimi

Anlayıram, hövsələsiz oxucu o dəqiqə soruşacaq ki, “vətəndaş cəmiyyəti”nin bu mövzuya nə dəxli var?

Axı, “həyat yoldaşı” mənasında işlətdiyimiz və Azərbaycan türkcəsində bir sözlə ifadə edə bilmədiyimiz anlayış özəl yaşamdan götürülüb, “vətəndaş cəmiyyəti” ifadəsi isə ictimai həyatdan.

Biri yad gözlərdən uzaq, məhrəm anlayışdır, o biri prinsipial olaraq açıq və vətəndaş olan hər kəsə ünvanlanmış.

Razıyam, təbii ki, “həyat yoldaşı” özəl yaşamın parçasıdır və hər kəsə açıq sahələrlə

Gəlin bənzər ailəyə onun əxlaqi tələblərinə tabe olmaq üçün gəlir.

O ta özü də “ağbirçək” olanadək tabelikdə qalmalıdır. Belə dəyərlər sistemində, artıq bəlirləndiyinə görə, “gəlin” önəmli şəxsə çevrilə bilməz, çünki birincisi, bu halda ərini onun bütün digər qohumlarından ayıra bilər.

birbaşa bağlantısı yoxdur.

Orasını da boynuma alıram ki, mənim sübutlar sistemim, ara-sıra, elə özümə də qurama və saxta görünür, ancaq daha sonra şübhələrim dağılır və inamım, bir qırnıq da olsa, çoxalır.

Yəqin bir şeylər sezilib, bir şeylər cızılıb və bütün bunlarda doğru olan nə isə var. Bu üzdən öz müşahidələrimi -- izləntilərimi sizlərlə paylaşmağa qərar verdim.

Uzaqdan başlayım. “Ana” anlayışının qavrayışımızdakı qəribə tərslikləri haqqında dəfələrlə danışıb-yazmışam.

Mübahisə oduna qapılıb həmin anlayışın Azərbaycan mədəniyyətinə yad olduğunu da söyləmişəm.

Mənə qəti etiraz ediblər, ana obrazının bütün poeziyamıza hopduğunu, anaya neçə-neçə mahnı yazıldığını, həmin mahnıların hamımızı necə duyğulandırdığını bildiriblər.

Razıyam, o mahnılara qulaq da asırıq, gözlərimizi yumub ləzzətdən bayılırıq da. Bilirəm ki, ya “ana” obrazından təsirlənirik, ya da anamıza olan sevgi-sayqımızdan qürur duyuruq.

Bunlar məlum, amma diqqət yetirin (!) – söhbət çox vaxt “yaşlı ana”dan, “ağbirçək ana”dan, “ağsaçlı ana”dan getmirmi? Və bizim bütün sevgi-sayqımız, öyüncümüz-öygümüz, tir-tir-titrəyişimiz, sevincimiz-xiffətimiz o ağbirçək analardan qaynaqlanmırmı?

Yəni “ana” öz birbaşa anlamında gənc qadın ola bilməz? Axı, “ana” deyərkən, göz önünə, -- kəsə və görk olması üçün qaba desək, -- uşaq doğa bilən qadın gəlir (bilmirəm hardasa oxumuşam, yoxsa kimdənsə eşitmişəm ki, Nazim Hikmət azadlığı döşü südlə dolu anaya – qadına bənzədib). “Ağbirçək ana” obrazı artıq ana olan qadına deyil, daha çox reproduktiv yaşı ötmüş – doğub-törətmə və bəsləmə dönəmini geridə buraxmış nənəyə uyğun gəlir (təbii ki, istisnalardan deyil, normadan danışırıq). “Ağbirçək ana” obrazı bizim mədəniyyətə o qədər hopub ki, izləntilərimə görə az qala “ağsaqqal ata” obrazını da sıxışdırıb-çıxarıb (burasını da deyim ki, Orta Asiya kinematoqrafı ilə müqayisədə bizim kinoda autentik milli kodun daşıyıcıları kimi, istər plastika, istərsə məzmun baxımından ağsaqqal obrazlarına rast gəlmək olmur).

...Bizim mədəniyyətdə Ana İlahə, Müdrik Sofiya və s. kimi Ana obrazları yoxdur. Hətta İslam dinində Məryəmə çevrilən Bakirə Mariya da “qızlığnı” itirir. Yeri gəlmişkən, bu, özümü bilgili saymadığım bir başqa mövzudur...

Nənəyə “ağbirçək ana” demək gözəldir, əlbəttə. Amma... Necə deyim ki, heç kimin qəlbinə toxunmayım? Bu, sanki yaşam bitəndən sonra verilən addır. Sanki qaynar həyatla sənin aranda bəlli bir məsafə yaradır.

Buna sayqı, ehtiram, hörmət-izzət məsafəsi də demək olar. Bu məsafəni aşmaqla – üstündən adlamaqla sanki təbii axarı pozur, suçlu davranır, uğursuz adama çevrilirsən.


...Qərb ədəbiyyatı, teatr və kinosu “nənə”nin yolunu azmasını sərgiləyən örnəklərlə doludur; “nənə” sanki həyatını yenidən başlamağa qərar verir, ər və ailə yükündən qurtulur…

Ancaq bunlar bizlik deyil və tam başqa mövzunun söhbətidir...

Həyat yoldaşı tam başqa bir varlıqdır – yaşamın özüdür, yaşamın birbaşalığıdır, daim həyatla qaynaşmaqdır, günün qayğılarına bağlanmaqdır.

Həmişə resursların tükənişidir – üstəlik, təkcə maddi deyil, psixoloji resursların.

Bu yaxınlarda Harri Hantripin “Şizoid olaylar, obyekt ilişgiləri və özlük” kitabına filosof Vadim Rudnevin resenziyasında bir fikirlə tanış oldum.

V. Rudnev yazır: “Öz körpəsinin aqressiyasına ananın necə təpgi verməsi dünyanın realist qavranmasına keçiddə böyük rol oynayır.

Anasını öz fantaziyasında məhv edən uşaq onun reallıqda duruş gətirəcəyinə əmin olur.

Bu özəllik ananın bir kənar və real obyekt kimi bağımsızlığını doğrulayır. Bu durumda öz impulslarının dağıdıcı gücündən qorxmadan doğrudan da anaya bel bağlamaq olar.

Öz sırasında, belə “obyektdən yararlanmaq” gələcəkdə yetkin sevgi bacarığının oluşması üçün önəmlidir”.

Harri Hantripin kitabı və bütövlükdə psixiatriya və psixoanalizə dair ədəbiyyatla (yeni başlayanlar üçün Z.Freydlə tanışlığı çıxmaqla) tanış olmadığımdan V.Rudnevin bütün düşüncə incəliklərindən söz aça bilmərəm.

Ancaq anladığım dərəcədə, bir neçə önəmli məqamı sezdim. “Ananın fantaziyada məhvi” kimi normal və təbii proses, birincisi, daha üzvi şəkildə ananın özünün “reallığa duruş gətirməsinə” yol açır.

İkincisi, məhz bu halda öz dağıdıcı impulslarından qorxmayaraq, doğrudan da anaya bel bağlamaq olar. Və üçüncüsü, bəlkə də ən başlıcası, həmin proses gələcəkdə yetkin sevgiyə keçmək üçün qaçılmaz sayılmalıdır.

Bu haçalanma çox önəmlidir. Hətta V. Rudnevin öz resenziyasında düşündüyü kimi – “məsələnin əslinə baxanda hər bir yeni qadın obyekti ana fiqurunun reproduksiyasıdır və bu baxımdan insan həyatında ilk və başlıca obyekt kimi anaya olan sevgi hər hansı başqa qadına olan sevgini yenə və üstələyə bilməz”.

Yasaq olan bir nəsnəyə qapı açaraq doğrudan da bir devrim gerçəkləşdirən, öz bilincaltı canatımlarımızdan və beləcə, öz-özümüzdən utanmamağı aşılamaqla hamımıza (mədəni insanlara) yardım əlini uzadan Z.Freydə bütün sayqılarımla yanaşı, “anaya olan sevgi”yə heç inanmağım gəlmir.

Həm də söhbət digər qadınlara sevgini yenən və üstələyə bilən bir sevgidən gedirsə. Tam tərsinə, məncə, gələcək “yetkin” sevgiyə təminatın yolu ana ilə tam və həmişəlik üzülüşməkdən keçir...

Söz yox, mən çağdaş ailədən və çağdaş ailə ilişgilərindən danışıram. Tutalım, XYIII yüzilin ilk yarısı Fransasının aristokrat (zadəgan) çevrələrində ərlə arvadın münasibətləri sərt şəkildə rituallaşdırılmışdı.

Onlar “məişət”i paylaşmır, öz aralarında pərdə saxlayırdılar. Hər gün görüşmələri də baş tutmaya bilərdi.

Bizim günlərə dönsək, görərik ki, birgə yaşam quran kişi və qadın təkcə həyatın çətinliyini bölüşmək, uşaqlara birgə tərbiyə vermək üçün deyil, birlik və dirilik yaratmaq, daha öncə bir çeşid canlı məkan yaratmaq amacı ilə birləşirlər.

Həmin məkanda, sözün birbaşa və dolayı anlamlarında soyunub “ev paltarı” geymək də olar, dincini alıb heç də həmişə dostcanlı və xeyirxah olmayan Böyük Dünya ilə daha inamlı təmasa hazırlanmaq da.

Bənzər düşüncələri nə qədər aramsız sürdürsək də, ailə yaşamının bütün döngə və dalanlarını, haçalanmalarını, bitən və bitməyən sınaqlarını, sevinc püskürtülərini, ağrı-acılarını, işığını, zülmətini yansıda bilməyəcəyik.

Amma gözlərinizdən yenə bir sual oxunacaq: “Vətəndaş cəmiyyəti”nin bunlara nə dəxli?

Cavab verməyə çalışım. Məncə, “ixtiyar qadın” çoxnəsilli ailənin əsas əlamətidir. Vərdiş etdiyimizdən bənzər ailəyə “patriarxal”, yəni dədə-baba ailəsi deyirik. Ancaq məsələ patriarx və patriarxallıqda yox, elə çoxnəsillikdədir.

Üstəlik, çox vaxt qol-budaq atmış bir çoxnəsillikdə. Gəlin bənzər ailəyə onun əxlaqi tələblərinə tabe olmaq üçün gəlir.

O, ta özü də “ağbirçək” olanadək tabelikdə qalmalıdır. Belə dəyərlər sistemində, artıq bəlirləndiyinə görə, “gəlin” önəmli şəxsə çevrilə bilməz, çünki birincisi, bu halda ərini onun bütün digər qohumlarından ayıra bilər.

İkincisi də odur ki, gəlin, birinci halın davamı kimi, qardaşların arasını vurmağa qadirdir. Bacılarsa qismətini tapıb gəlin olacaqlar.

Onları yada salanda soruşacaqlar ki, “qızı vermisən?” və ya “qızı köçürmüsən?”.

Heç “qız övlad” mərtəbəsinə yüksəlmədən, “qızım” deyə çağrılmaqdan doymadan, sadəcə, “qız” adlanacaq, qadın cinsinə aid olmaları vurğulanacaq. Kim deyir ki, sözlər çox gerçəyi açmır?

(ardı var)
XS
SM
MD
LG