Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 12:53

Tələbələr iş axtarışında


Azərbaycan Dillər Universitetində təhsil yarmarkası, 5 iyun 2010
Azərbaycan Dillər Universitetində təhsil yarmarkası, 5 iyun 2010
«Tələbəyəm, oxuyuram, amma təhsil haqqım çox olduğundan həm də işləmək məcburiyyətindəyəm. Satıcı işləyirəm. İşə düzələndə tələbə olduğumu deməmişəm, 1-2 aya görə heç kim məni işə götürməz».

Səbinə Odlar Yurdu Universitetinin tələbəsidir. Bu özəl ali məktəbdə təhsil ödənişlidir, Səbinə hər tədris ilində universitetə 2000 manata yaxın ödəniş edir, tələbə olmağın digər xərcləri də təbii ki, öz yerində. Səbinə deyir ki, ailəsinə yük düşməsin deyə, yay mövsümündə özü də çalışır. Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə oxusa da, deyir öz peşəsinə uyğun iş axtarmağa vaxt sərf etmir, elə nə şans düşürsə, onunla da razılaşır. Artıq ikinci mövsümdür ki, mağazada satıcı işləyir. Amma dediyinə görə, istəyi öz ixtisasına uyğun işləyib hələ tələbə ikən təcrübə toplamaqdır.

«MÖVSÜMİ İŞLƏRİ UNİVERSİTETLƏR TƏKLİF ETMƏLİDİR»

Azərbaycanda tələbələrin mövsümi işlə təmin olunması ilə bağlı nə hökumətin öhdəliyi var, nə də bu, özəl şirkətlər qarşısında tələb kimi qoyulur. Buna baxmayaraq, bəzi özəl təşkilatlar tələbələr üçün yay təcrübə proqramları təklif edirlər, müvafiq əməkhaqqı da verirlər. Amma seçim zamanı bir xeyli keyfiyyətlər tələb olunduğundan və yerlərin məhdudluğundan tələbələrin çoxu bundan yararlana bilmir.

Pərvanə Persiani
Söhbətləşdiyimiz gənclər isə hesab edirlər ki, tələbələr üçün belə imkanları hər şeydən öncə təhsil aldıqları universitetlər yaratmalıdırlar. Macarıstanda ali təhsil almış «AN» şəbəkəsinin üzvü Pərvanə Persiani öz təcrübəsindən danışır:

«Bizim universitetdə Məzun Karyera Mərkəzi var idi. Həmin mərkəzdən həftədə 3-4 dəfə bizə iş elanları ilə bağlı siyahı gəlirdi. İmkanlar o qədər çox idi ki, tələbənin gedib hansısa kafe, restoranda ofisiant işləməsinə ehtiyac qalmırdı. Universitetin öz daxilində də xeyli yarımgünlük iş yerləri var idi. Hər kəs ixtisasına uyğun belə işlər tapa bilirdi. Yəni, bununla demək olar ki, universitet məşğul olurdu».

«ALİ MƏKTƏBLƏR İŞ TAPA BİLMƏYİN ÜÇÜN HEÇ BAZA BİLİYİ DƏ VERMİR»

Pərvanə Persiani deyir ki, əksər xarici ölkələrdə olduğu kimi, ali məktəblər hətta hər tədris ilinin sonunda karyera yarmarkası təşkil edə bilər. Azərbaycanda hər il dövlət səviyyəsində məzun yarmarkaları təşkil olunur, amma bu yarmarkalarda daha çox universitetlərin yeni məzunlarına iş yerləri təklif olunur. Pərvanə Persiani isə hesab edir ki, hər ali məktəb də öz daxilində hər il belə yarmarka keçirsə, tələbələrinin mövsümi işlə təmin olunmasına yardımçı olar.

Erkin Qədirli
Hüquqşünas Erkin Qədirli də düşünür ki, tələbələrin mövsümi işlərlə təmin olunması istiqamətində hökumətdən nəsə ummaq o qədər də yerinə düşmür. Erkin Qədirliyə görə də, bu yöndə yükün çoxu ali məktəblərin çiynindədir. Amma reallıq ondan ibarətdir ki, ali məktəblər nəinki tələbəyə mövsümi işlər təklif etmir, hətta tələbənin öz ixtisasına uyğun özünə iş tapması üçün lazımi baza bilikləri də vermir:

«Universitetdə aldığın biliklə əmək bazarında rəqabətli ola bilmirsən, yenidən gedirsən kiminsə yanında nəsə öyrənirsən. Təhsil sisteminin özü, həm onun təşkili, həm də tədrisi kökündən yanlışdır. Belə olan halda mövsümi işlər tələbəni maraqlandırmamağa başlayır. Yəni, təhsilin keyfiyyəti aşağı düşdükcə, tələbədə oxumağa belə həvəs qalmır, o ki qalmışdı mövsümi işə».

AZƏRBAYCANDA DA KARYERA MƏRKƏZLƏRİ YARANMAQDADIR

Bu fikirlə razılaşmayan Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev deyir ki, hər il respublika səviyyəsində təşkil olunan məzun yarmarkalarında xeyli sayda tələbə işlə təmin olunur.
Şəmsəddin Hacıyev
Məsələn, ötən il təkcə İqtisad Universitetindən 1200-dən çox tələbə işə düzəlib. O ki qaldı tələbələr üçün mövsümi işlərə, Şəmsəddin Hacıyev deyir ki, Azərbaycanın ali məktəblərində də karyera mərkəzləri yaranmaqdadır. Rektorun dediyinə görə, Dövlət İqtisad Universiteti artıq tələbələri üçün yay məktəbləri təşkil etməyə başlayıb, 2012-ci ildən daha da təkmilləşdirməyi düşünürlər:

«Quba rayonunda bizim istirahət və sağlamlıq mərkəzimiz var. Orada təxminən 600 nəfərin təhsil alması üçün auditoriya da var, bütün infrastruktura yaradılıb. Növbəti ildən sözün əsl mənasında yay məktəbi təşkil etmək fikrindəyik. Burada tələbələr həm istirahət edəcəklər, həm də imkanları olacaq ki, borclu qaldıqları təhsil kreditlərini sildirsinlər».

«MƏZUN 2011» YARMARKASI OLACAQ

Şəmsəddin Hacıyev deyir ki, bu il sentyabrın 25-dən 30-dək «Məzun 2011» yarmarkası da təşkil olunacaq. Builki yarmarkada 1600-ə yaxın vakansiyanın olacağı gözlənilir. Yarmarkada tələbələrə mövsümi işlərin təklif olunub-olunmayacağı isə hələ bəlli deyil. Hətta bu cür işlər təklif olunsa belə, artıq yay mövsümü geridə qalacaq deyə, hər halda tələbələr bu fürsətdən bu il yararlana bilməyəcəklər.

Söhbətləşdiyimiz gənclər isə hesab edirlər ki, hər ali məktəb tədris ilinin sonuna az qalmış öz tələbəsi üçün mövsümi işlə bağlı müəyyən təkliflər irəli sürməlidir.
XS
SM
MD
LG