Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:23

Georq Xazai Azərbaycana kitab bağışladı


Georq Xazai
Georq Xazai
«Dünya şöhrətli türkoloq-alim Georq Xazai şəxsi kitabxanasının türkologiyaya aid bölümünü – təxminən 1000 kitab və jurnalı Azərbaycan Elmlər Akademiyasının kitabxanasına bağışlamaq qərarına gəlib».

Bu xəbəri AzadlıqRadiosunun «İz» proqramına Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev verib:

«İyulun 19-da Azərbaycanın Macarıstandakı səfirliyində kitabların təqdim olunması mərasimi keçirildi. Nəcib hərəkətinə görə macar aliminə səmimi təşəkkürlərimizi bildirdik».

Georq Xazainin hədiyyə etdiyi kitablar 1960-1990-cı illər arasında Türkiyədə, ABŞ-da, Fransada, Böyük Britaniyada, Almaniyada, Bolqarıstanda və s. ölkələrdə çap olunan elmi əsərlərdir. Onların sırasına lüğətlər, soraq kitabçaları, ensiklopediyalar, bir sıra qədim dil abidələrinin elmi-tənqidi mətnləri daxildir.

Vilayət Quliyev deyir ki, həmin dövrdə Azərbaycan kitabxanaları orijinal xarici nəşrləri əldə etmək üçün ciddi maneələrlə üzləşirdilər. Bu kitablar Azərbaycan tarixçiləri və türkoloqları üçün mühüm bir boşluğu doldurmuş olacaq:

«Çıxışında Georq Xazai kitabların öz həqiqi oxucularına çatacağına, azərbaycanlı alimlərə yeni tədqiqatlar üçün imkan və stimul yaradacağına ümid etdiyini vurğulayıb».

Akademik Georq Xazai 1932-ci ildə Budapeştdə doğulub. 1950-1954-cü illərdə Macarıstan paytaxtındakı ELTE Universitetinin türkologiya bölümündə təhsil alıb. Müasir dövrdə Macarıstan türkologiya məktəbinin əksər uğurları onun adı və fəaliyyəti ilə sıx bağlıdır. Macar aliminin Azərbaycanla əlaqələri 1950-ci illərdən başlayıb. Onun bir sıra məqalələri 1975-ci ildən etibarən Bakıda çıxan «Sovetskaya turkologiya» jurnalında dərc edilib.

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə 2007-ci ildə professor Georq Xazainin əsərlərinin biblioqrafiyası Bakıda nəşr olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG