Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:45

"Qanun" nəşriyyatı daha bir gənc yazarın ilk kitabını çap etdi


"Qanun" nəşriyyatı "Birinci kitab" seriyasından növbəti kitabı nəşr edib.

Bu, gənc yazar Rəfiqə Erkinin "Divin nağılı" hekayələr toplusudur.

Nəşriyyatın kitab haqda təqdimatına görə, gənc yazar üçün bu hekayələr bəlkə də çox irəli getməkdi.

"Problemin qoyuluşu və həlli, xüsusilə məna axtarışı cəhdləri, sözün alt qatlarına enmək çabaları diqqət çəkir.

Rəfiqənin özəlliklə sezilən bir üstünlüyü də onun bəşəri dəyərlərlə – humanizm və qardaşlıqla ma­­­yalanmış ideyalar üstə köklənməsi və bunu baya­ğı­lıqdan uzaq kompozisiya ilə çatdırmasıdı

Rəfiqə Erkinin hekayələrindən birini - Qarabağ savaşı haqda "Əl cizgiləri" hekayəsini "Oxu zalı"nda təqdim edirik.


Rəfiqə Erkin

ƏL CİZGİLƏRİ

Tiqran siqaretini kötüyünə kimi çəkib yaralı olmayan ayağı ilə söndürdü.

Bir neçə saat əvvəl ardı-arası kəsilməyən bomba səslərini indi cırcırama səsi əvəz etmişdi.

Dərindən nəfəs alıb öncə - bir neçə saat əvvəl qırmızı dumana bürünən səmaya, sonra diksinərək əlinə gömülüb fikrə getdi.

Əlində tatu var idi. Əl cizgilərinin üstündən tatu getmişdi gənc ikən. Bu tatunun da bütün tatular kimi bir xətirəsi var idi əlbəttə.

O uşaq vaxtından Rusiyada yaşamışdı. Bəlkə elə buna görə o qatı erməni irqçilərindən deyildi.

Uşaq vaxtında nənəsi ona “tez yat, türk gəlib səni yeyər” deyəndə də inanmırdı.

Ordaki evlərində - qonşuluqda azərbaycanlı bir uşaq yaşayırdı. Onun ən yaxın dostu.

Həmişə onunla oynayardı. Hardan bilə bilərdi dostu Elayın həmin o dördgöz div olduğunu. Biləndə də iş işdən keçmişdi. Artıq onları heç kim ayıra bilməzdi. Lakin onlar böyüyüb elə özləri özlərini ayırdı.

Ən dəli vaxtlarında Qarabağ məsələsini sülh yolu ilə həll etmək qədər böyük xəyallarının uğrunda ayrılıb vətənlərinə dönməyi qərarı aldılar.

Bu qərarı ilk olaraq qonşuları, alkaş bir filosof olan Fedya əmiyə açıqladılar.

Fedya əmi də “gedin” dedi “və əgər azsanız məqsədinizə aparan yolda əlinizi açıb diqqətlə baxın. Nə görürsünüz? Əllərinizdəki cizgilər gələcəyə aparan işarələrdi.

Həyatınız əllərinizdədi. Heç kəs sizin bu qərarınıza qarışa bilməz.”. Beləliklə dəli ruhlu bu iki gənc getmədən öncə əllərinə belə bir tatu çəkdirdilər.

İllər sonra vətənlərinə qayıdışları hər ikisinin də “vətən xaini” adlandırılıb həbsə düşməkləri ilə nəticələndi əlbəttə. Beləliklə bir-birilərini itirdilər. Həbsdən çıxıb geri qayıtmaq istəyərkənsə bu müharibə çıxdı.

Və ansızın Tiqran özünü müharibənin ən qızğın yerində tapdı.

Tiqran nəhayət qızarmış gözlərini əlindən çəkib döyüş meydanına baxdı bu dəfə də.

O ki söz vermişdi ki, öldürməyəcək bu müharibədə heç kəsi. Lakin o anda həmin o Azərbaycan əsgəri ilə üz-üzə gəldikdə qərar qarşısında qaldı.

Ya vuracaq idi, ya vurulacaqdı. Bəlkə qarşısındaki da istəmirdi heç kəsi öldürmək. Lakin hər ikisi də xəbərsiz idi bundan.

Və bunları düşünməyə vaxt yox idi. İkisi də vurmağa qərar verdi. Tiqran daha tez verdi bu qərarı. Tiqran vurdu. Onun yerə sərilişini seyr etdi.

Sonrasında düşünməyə vaxtı olduğunda “kaş mən vurulardım” dedi “kaş mən xilas olardım bu lənətə gələsi müharibədən”.

İndi də onu düşünürdü. Vurduğu adamı. Onunla söhbət etmək istədi. Ondan üzr diləmək istədi. Ona dua oxumaq istədi.

Ölmək istədi Tiqran. Bu istəklər doğrultusunda leş qoxan döyüş meydanına yönəldi axsaya-axsaya. Hələ toplanmamış meyidlərin içindən öz öldürdüyünü axtarmağa başladı.

Onu harda öldürdüyü yaxşı yadındadı idi. Heç unuda bilmirdi o səhnəni. Onu tapıb yanına oturdu. Ölünün gözlərini yumub bir dua oxudu.

- Bilirsən - dedi titrəyən bir səslə - mən səni öldürmək istəmirdim. Mən heç kəsi öldürmək istəmirdim. Mən sülh istəyirdim.

Elə bu müharibə bitən kimi çıxıb gedəcəm bu ölkədən. Gedəcəm əvvəllər yaşadığımız məhəlləyə.

Yəqin Elay da axır əvvəl ora gələr. Gələr hə? Kaş heç gəlməzdik buralara. Elə uşaq qalardıq həmişə. Həmişə top oynayardıq həyətdə. Niyə ayrıldıq sanki? Gənclik... Zənn edirdik ki nəyisə dəyişəcəyik. Hardan bilərdik insanların gözünün bu qədər qara olduğunu.

Sonra susdu. Başladı meyidin üstünü axtarmağa. Bəlkə bir şəkil, bir isim, bir nömrə, bir iz...

Nəsə öyrənmək istədi öldürdüyü əsgər haqqında. Birdən diksinib meyidi itələdi.Gözləri doldu, doldu. Sonra bir fəryad qopardı.

- Aç gözünü - dedi ölünü qucaqlayıb- oyan Elay! Oyan qayıdaq məhləmizə! Oyan sən lazımsan dünyaya, dünya səni anlmasa da!

Oyan... Hələ yazmadığımız çox əsər, oxumadığımız çox roman, tanımadığımız çox sima, gəzmədiyimiz çox şəhər, qarşılamadığımız çox səhər var dost.

Dost aç gözlərini. Gözlərində doğurdu günəş. Qaranlıq qaldı dünya sənsiz.

Sən. Küçədə ayaqyalın gəzən, bütün pulunu uşaqlara xərcləyən, skameykaların üstündə yatan, qocalarla söhbət edən o əsrarəngiz dəli. Mən ki səni təkrar görmək ümidi ilə yaşayırdım dost!

Niyə tək qoydun məni? Niyə bu dünyada bizim kimilərə yer yoxdu axı? Lənətə gələsiniz!

Siz adam kimi yaşaya bilmirsiniz? Mütləq ölməlidi hər gün kimsə? Lənətə gələsiniz hamınız!- deyə ağlayırdı o boyda kişi.

Bu onun son anı, son nəfəsi. Kim bilir daha nə qədər söz yığılmışdı gəlbində. Deyə bilmədi. Yığılıb qaldı Elayın yanında. Elaya baxıb gülümsəyirdi.

- Yanına gəlirəm Elay - deyəbildi sadəcə - xoşbəxtlər ölkəsinə

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG