Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:28

Azərbaycan mediasının dişi kəsirmi?


Azərbaycan Milli mətbuatının 136 yaşının tamamına bircə həftə qaldı. Nə edək, nə etməyək, növbəti Mətbuat Bayramı ərəfəsində ölkə jurnalistlərinə bir sualla üz tutmağa qərar verdik. Sual belədir: Azərbaycan mediasının dişi kəsirmi? Söhbətarası elə jurnalistlərin öz dişi ilə də maraqlandıq - diş probleminiz varmı, dişiniz kəsirmi—deyə sorduq. Sualı yenə obrazlı başa düşdülər. Heç kəs öz dişindən danışmaq istəmədi. Bircə nəfərdən başqa. Ən yaxşısı, həm dinləyin, həm də, oxuyun.

ALÇANI ÇOX YEYƏNDƏ...

Elçin Şıxlı -- “Zerkalo” qəzetinin baş redaktoru:



Azərbaycan
Elçin Şıxlı
mətbuatının dişi var, amma kəsə bilmir...Yox, butafor şəkildə də olsa, diş var, çox təəssüf ki, o dişlər mənim istədiyim səviyyədə kəsmir. Yəni korş dişli qəzetlərin sayı iti dişli qəzetlərin sayından, yaxud, digər kütləvi informasiya vasitələrinin sayından xeyli çoxdur.

-- Bəs öz dişiniz necə kəsir?

E.Ş.—Alçanı çox yeyəndə, adamın dişləri qamaşır. Qamaşanda da, dişi işlətmək çətin olur. İndi mən də o vəziyyətdəyəm...

MƏTBUATIN DİŞİ PROTEZDİR

Zamin Hacı--“Yeni Müsavat” qəzeti

Zamin Hacı
Açığı, mediamızın dişi kəsir, amma sonrakı proseslər bir az narahatedicidir. Həzm prosesi qaydasında deyil. Mətbuatın yazdıqlarına baxan yoxdur.

Hakimiyyət daxilindəki korrupsiyadan tutmuş, kriminal hərəkətlərə qədər hər şey yazılır. Amma nəticəsi yoxdur. Odur ki, demək olar ki, bu diş kəsmir və bəzən protez dişlərə oxşayır. Çıxarıb qırağa qoyurlar...

Bizdə bəzi jurnalistlər və ya mətbuat orqanlarının dişlərini qırağa qoyduğu vaxtlar olur. Stəkana qoyub müəyyən müddət gözləyiblər. Bir də, mətbuatın yazdıqlarına cəmiyyətin reaksiyası yoxdur. Cəmiyyət çox laqeyddir.

Bir halda ki, ölkənin prezidenti hakimiyyətə gəldiyi 2003-cü ildən bir dəfə də ölkənin müstəqil mətbuatına müsahibə verməyib, onlara qapısını açmayıb, o halda hansı kəsərli dişdən, mətbuat azadlığından, yaxud da, ictimai rəyə hörmətdən danışmaq olar?

-- Zamin bəy, öz dişiniz necə, kəsirmi?

-- Z.H. -- (gülür) Şablon da olsa, buna oxucular qiymət verməlidir. Deyə bilmərəm ki, kəsir, ya kəsmir? Biz öz sözümüzü deyirik. Arxivlər var, kim istəsə, qaldırıb, kimin nə yazdığını yoxlaya bilər. Sizin obrazla yanaşsaq, kəsmişik vaxtilə...

MARSLILARLA AZƏRBAYCANCA DANIŞMAQ...

--Yox, söhbət öz dişinizdən gedəndə, mən obrazla soruşmurdum...

--Z.H.--(gülür) Yox, özümdən danışmıram. Azərbaycan mətbuatında elə jurnalistlər çoxdur. Yazırlar, araşdırırlar, sadəcə, reaksiya yoxdur. Bax, siz deməsəydiniz mətbuat gününün yaxınlaşdığını bilməyəcəkdim. Yəni elə vəziyyətə gəlmişik ki, deyirlər, get, neynirsən elə, əlindən gələni beş qaba çək...Bu, artıq Azərbaycan hökumətinin iş prinsipinə çevrilib. Məncə, bunu Konstitusiyaya salmaq lazımdır - get, əlindən gələni beş qaba çək -- deyə.

Bütün dünyada dövləti xalqa xidmət üçün xalq qurur, amma bizdə dövləti bir ovuc adam qurub. Bir çoxunun keçmişi qaranlıqdır. Bir çox nazirlərin, o cümlədən dövlət başçısının müəyyən illərdə hansı işlə məşğul olduğunu cəmiyyət bilmir. Onların həyatı ağ ləkələrlə doludur. Odur ki, bizim mətbuatla məşğul olmağımızın özü belə adama absurd görünür, gülməli görünür...

Bəzən öz-özünə deyirsən ki, sən kimi tənqid edirsən, axı onlar sözdən nəticə çıxaran deyillər? Tamam başqa ölçülərlə, başqa müstəvidə, sanki fəzada yaşayan adamlardır. Elə bil, Marslılara Azərbaycan dilində müraciət edirsən...Axı, onlar bizim dilimizi bilmirlər?! Dünyadakı sivil qaydalardan da xəbərləri yoxdur...

DİŞİ KƏSƏRLİ, DAŞI AĞIR...

Natiq Məımmədli - “Kaspi” qəzetinin baş redaktoru



Çox maraqlı, həm də
Natiq Məmmədli

peşə bayramı ərəfəsində bütün jurnalistləri düşündürən sualdır. Məncə, Azərbaycan mətbuatının ən böyük özəlliklərindən biri odur ki, onun dişi həmişə kəsərli, daşı da ağır olub. Düzdür, zaman-zaman bu dişləri çəkmək istəyiblər, çəkiblər də. Ağzımızı-burnumuzu yaxşıca ovublar da. Amma tam taqətdən sala bilməyiblər. Şükür Allaha ki, ağıl dişimiz hələ düşməyib.

Bu gün söz qüvvətdən düşüb-deyənlərlə də razılaşmıram. Qəzet bütün dövrlərin güzgüsü olub. Cəmiyyətin yaxşısı-pisi o güzgüdə görünür. Biz söz deməkdən yorulmamalıyıq. Mirzə Cəlil deyirdi ki, müsəlmana sözü yüz dəfə de. Qanmasa, eybi yoxdur, əvvəl-axır, söz sahibini tapacaq.

Bu gün jurnalistikamızda keyfiyyət dəyişikliyi özünü göstərir. Fikrimcə, iqtidar-müxalifət mətbuatı anlayışı elə mətbuat tarixinə qovuşub. İndi yazılı mətbuatı iki qrupa bölmək olar: qəzet kimi çıxan qəzetlər, bir də, qəzetə oxşayan qəzetlər. Peşə bayramımız ərəfəsində istərdim ki, ölkədə qəzet kimi çıxanların sayı çox olsun. Əgər qəzet kimi çıxa bilsək, dişimiz də, sözümüz də kəsərli olacaq.

TOPLAR “KASPİ”YƏ TUŞLANMIŞDI

--Natiq bəy, bəs öz dişiniz necə - kəsir?

N.M.--“Kaspi” qəzetinin dişi 1881-ci ilin yanvarından kəsə-kəsə gəlir. 1919-ci ilə qədər—38 illik fəaliyyəti ərzində 10.900 nüsxədən çox kəsərli qəzet buraxıb. “Kəşkül” qəzeti bağlanandan sonra bütün Rusiya müsəlmanlarının yeganə informasiya qaynağı olub. Təsadüfi deyildi ki, 1918-ci il mart qırğınları zamanı “Metropol” mehmanxanasının üstündən atılan toplar birinci “Kaspi”nin mətbəəsinə tuşlanmışdı və onu yerlə-yeksan eləmişdi.

“Kaspi” 1999-cu ildən fəaliyyətini bərpa edib. Bu, Tağıyevin sahibi olduğu qəzetin əsrin sonlarında yeni formatda fəaliyyətini davam etdirməsi deməkdir. Topçubaşovun redaktoru olduğu, C. Hacıbəylinin, M. Şahtaxtlının işlədiyi böyük və zəngin ənənəsi olan bu işi davam etdirməyə çalışırıq. Düzdür, o kişilərin dişi bizdən daha kəsərli olub, amma biz də çalışırıq ki, bu ağır missiyanı yerinə yetirək.

--Natiq bəy, elə mən soruşmaq istəyirdim ki. o cür dişli kişilərdən sonra işləmək çətindir, yoxsa asan—siz özünüz cavablandırdınız...

N.M.--O dişli kişilər bizim fəxrimizdir. Azərbaycan tarixində, Azərbaycan Cümhuriyyətinin yaranmasında, ictimai fikrimizdə iz qoyan kişilərdir. Deməliyəm ki, o boyda irsin varisi missiyasında çıxış etmək, pafoslu çıxsa da, reallıqdır, atalarımızın tarixidir. Biz heç vaxt atamızı, babamızı danmarıq. Onlara oxşamaq yox, izi ilə getmək yox, qoyduğu ənənəni yaşatmaq istəyirik. “Kaspi”nin ən mühüm ənənəsi maarifləndirmə olub--həm də, konkret bir qəzet kimi çıxmaq ənənəsi var...Çalışırıq ki, bu ənənəni davam etdirək və babalarımızın naxələf övladı olmayaq.

ÖZ DİŞİM YAXŞI KƏSİR!

--Gültəkin Knyazqızı—“Azadlıq” qəzeti--



Gültəkin Knyaziqiq
Son vaxtlar dəbdə olan bir fikir var ki, Azərbaycan mətbuatının ictimai rəyə təsiri sıfıra bərabərdir. Mən bu fikirlə qətiyyən razılaşmıram. Əgər ölkədə, məhdud sayda olsa belə, sözünü deyəcək mətbuat orqanı varsa və onların yazdıqları müəyyən reaksiya doğurursa, bu, artıq mətbuatın gücündən xəbər verir. Demirəm ki, o güc böyükdür, güclü dəyişikliklərə səbəb olur. Amma müəyyən dəyişikliklər yaradır.

Məsələn, son vaxtlar mətbuatda hərbi komissarlıqlar barədə yazılar gedirdi. Bir müddət sonra həmin komissarların işdən azad edilməsinin şahidi olduq. Biz mətbuatın yazdıqlarının bu sonluqla nəticələndiyini, hər gün olmasa da, hərdən görürük. Ona görə də, mətbuatın gücsüzlüyünü, dişsizliyini iddia edə bilmərik. Burada Azərbaycan reallığını da nəzərə almaq lazımdır. Yəqin ki, daha demokratik, azad bir ölkədə Azərbaycan mətbuatı hazırkı gücü ilə, imkanları ilə daha böyük nəticələrə nail ola bilərdi. Amma Azərbaycan reallığında bu özü də göstərici sayıla bilər.

Vətəndaşları indiki göstərici nə dərəcədə qane edir, bu artıq başqa məsələdir. Bunun da obyektiv səbəbləri var—niyə azad, müstəqil, sözünü deyən media daha böyük auditoriyaya çıxa bilmir? Amma yenə də o fikirdə qalıram ki, müəyyən məsələlərdə mətbuat diş göstərə bilir.

--Bəs öz dişiniz necə, kəsirmi, Gültəkin xanım?

G.K.--Bunu yəqin ki, oxucular deyə bilər. Mən desəm, təvazökarlıqdan uzaq olar.

--Əgər sözün əsl mənasında dişinizin necə kəsməyini soruşuramsa...

G.K.--(gülür) Çox yaxşı kəsir!


MƏTBUATIN DİŞİNİ QARNINA TÖKÜBLƏR...

Natiq Cavadlı –“Bizim yol “qəzeti—

Natiq Cavadli
Azərbaycan mətbuatının dişini vurub qarnına töküblər. O necə kəsə bilər? Azərbaycan mətbuatının dişli olması üçün iqtisadi bazası olmalıdır. İqtisadi baza yoxdur, çünki reklam yoxdur. Reklam bazarının olması üçün liberal iqtisadiyyat olmalıdır. Azərbaycanda iqtisadiyyat bir qrupun əlindədir. İnhisarlaşma var, korrupsiya var.

Dişin kəsərli olması üçün mətbuata siyasi təsirlər olmamalıdır. Təəssüf ki, bu da var. Jurnalistlər öldürülür, həbs edilir, şikəst edilir. Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı həssas davranmır, onun yazdıqlarına reaksiya vermir. Məsələn, son bir-iki həftədə AzadlıqRadiosunun və “Azadlıq” qəzetinin korrupsiya ilə bağlı yazdıqlarına reaksiya görmürəm.

--Natiq bəy, öz dişiniz kəsirmi?

N.C.--
Təəssüf ki, öz dişim də kəsmir. Biz gücsüzük...Dişimiz kəsmir...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG