Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:54

Korrupsiya ittihamları ilə üzləşənlər yenidən vəzifəyə təyin edilir?


Arxiv foto
Arxiv foto
Korrupsiyada ittiham edilərək işdən azad olunduğu bildirilən Narkoloji Mərkəzin (Narkoloji Dispanser iyunun 14-dən Narkoloji Mərkəz adlandırılır ) sabiq baş həkimi Könül Vəliyeva yenidən Mərkəzə bərpa edilib. O, indi Narkoloji Mərkəzin direktor müavinidir. Mərkəzin direktoru Telman Məmmədhəsənovun AzadlıqRadiosuna verdiyi məlumata görə, Könül Vəliyeva iyunun 20-də Səhiyyə Nazirliyinin əmri ilə müalicə işləri üzrə müavini təyin edilib.

BAŞ PROKURORLUĞUN MƏLUMATI

Baş Prokurorluğun mətbuat xidmətinin iyunun 7-də yaydığı məlumata görə, Respublika Narkoloji Dispanserinin həkimi Elgiz Mustafazadənin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt"inə daxil olmuş müraciəti əsasında mayın 5-də vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb.

Baş prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, 2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi Könül Vəliyeva həkim Rumziyyə Maçanovanın vasitəsi ilə qanunsuz olaraq hər ay dispanserin həkimlərindən 150-200 manat məbləğində pul alıb. Həmin məbləği verməyən həkimləri isə işdən azad etməklə hədələyib. Bundan başqa, Könül Vəliyeva xəstələri onlara pulsuz verilməli olan dərman preparatları ilə təmin etməyib və s. qanunsuzluqlara yol verib.

Könül Vəliyevanın iş saatı başa çatdığından onun bu ittihamlara münasibətini öyrənə bilmədik. Amma bir gün əvvəl ANSPRESS-ə müsahibəsində o, “belə bir şeyin olmadığını”, dispanserin mərkəzə çevrildiyini və özünün də həmin mərkəzin müalicə işləri üzrə direktor müavini təyin edildiyini deyib.

Barəsində cinayət işi açılması ilə bağlı suala gəldikdə, sabiq baş həkim bütün sualları Səhiyyə Nazirliyinə verməyi məsləhət görüb.

Mərkəzdən onu da öyrəndik ki, pul yığımında Könül Vəliyevaya yardımçı olmaqda ittiham edilən Rumziyyə Maçanova da hazırda öz işində çalışır.

İSTİNTAQ DAVAM EDİR, AMMA...

Baş Prokurorluğun iyunun 7-də yaydığı məlumatda istintaqla korrupsiya hallarının müəyyən edildiyi bildirilsə də, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna deyib ki, cinayət işi sabiq baş həkim barəsində deyil, şikayətlə bağlı toplanan materiallar üzrə açılıb: “Cinayət işi başlanılıb və tərəfimizdən istintaq davam etdirilir. Sabiq baş həkim hələ ittiham olunmur, ona ittiham elan edilməyib”.

“İSTİNTAQ GEDƏ-GEDƏ SƏHİYYƏ NAZİRLİYİ BELƏ BİR TƏYİNAT EDİBSƏ...”

Korrupsiyaya qarşı Mübarizə aparan Qeyri Hökumət Təşkilatlarının (QHT) Məlumat və Əməkdaşlıq Şəbəkəsinin üzvü Sahib Məmmədov hesab edir ki, istintaq gedə-gedə nazirliyin həmin adamı vəzifəyə təyin etməsi düzgün deyil. Şəbəkə üzvü hesab edir ki, ən azı istintaq yekunlaşana və bu məsələ ilə bağlı məhkəmə qərarı olana qədər bu, belə olmamalı idi:

“Əgər belə bir hal varsa, bu artıq ciddi problemdir. İstintaq gedə-gedə Səhiyyə Nazirliyi belə bir təyinat edibsə, bu, narahatlıq doğuran məsələdir”.

SƏHİYYƏ NAZİRLİYİ CAVAB VERMİR

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov da hesab edir ki, əgər baş prokurorluğun bu məsələ ilə bağlı yaydığı məlumatda qeyd olunduğu kimi istintaq baş həkimin qanunsuzluğa yol verdiyini müəyyən edibsə, onda belə bir təyinat olmamalı idi. Vasif Mövsümovun deməsinə görə, prezidentin 22 iyun 2009-cu il fərmanında deyildiyi kimi əslində Səhiyyə Nazirliyi bu işin açılmasında istintaqa yardımçı olmalıdır.

Səhiyyə Nazirliyindən isə bu məsələyə münasibət öyrənə bilmədik.

YENƏ BURAXILANLAR VAR?

Bu, korrupsiyada ittiham olunub, sonradan azad edilənlərlə bağlı yeganə hal deyil. 2011-ci ilin fevralında Şəkidə iş adamını intihar həddinə çatdırmaqda ittiham edilən digər dövlət məmuru, rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Yusif Abdurrəhmanov da hazırda evindədir. ANSPRESS-ə verdiyi məlumata görə, ona 1 il, icra başçısının onunla birgə həbs edilən digər müavini Eldəniz Qəhrəmanova isə 2 il icbari iş verilib.

Respublika Prokurorluğu Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Yusif Abdurrəhmanov və digər müavin Eldəniz Qəhrəmanov barəsində vəzifə səlahiyyətlərini aşma maddəsi üzrə cinayət işi açmışdı. İstintaq materiallarında deyilirdi ki, barəsində cinayət işi qaldırılan şəxslərin hərəkətləri Şəki sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hikmət Səlimovu özünə qəsd etməyə vadar edib.

Bundan başqa, Şamaxıdan aldığımız məlumata görə, bir müddət əvvəl korrupsiya ittihamı ilə həbs edilən bələdiyyə sədri də sərbəst buraxılıb.

Həmsöhbətim olan QHT nümayəndələri hesab edirlər ki, korrupsiya faktı ilə bağlı məsələlərə bu kimi yanaşmalar korrupsiyaya mübarizənin effektini azalda və insanlar arasında inamsızlıq yarada bilər.

Bu ilin əvvəlindən Azərbaycanda prezidentin göstərişi ilə korrupsiya əleyhinə mübarizə tədbirləri aparılır. Müstəqil ekspertlər hesab edirlər ki, ilk aylarda bu mübarizənin bəzi təsirləri olsa da sonradan hər şey əvvəlki vəziyyətə qayıdıb.
XS
SM
MD
LG