Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:38

Bəxtiyar Hacıyevin iddiası üzrə məhkəməyə hazırlıq iclası təxirə salınıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
İyulun 14-də Səbail rayon Məhkəməsində Bəxtiyar Hacıyevin Respublika Baş Prokurorluğuna qarşı iddiası ilə bağlı məhkəməyə hazırlıq iclası təxirə salınıb.

Səbail rayon Məhkəməsindən AzadlıqRadiosuna bildiriblər ki, məhkəməyə hazırlıq iclasının təxirə salınmasına səbəb Baş Prokurorluğun nümayəndəsinin məhkəməyə gəlməməsidir. İclas iyulun 15-i saat 15.00-a təyin olunub.

Bəxtiyar Hacıyevin vəkili Elçin Namazovun sözlərinə görə, Bəxtiyar Hacıyev martın 4-də saxlanılarkən Gəncə şəhəri Kəpəz rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən qanun pozuntularına yol verilib, onunla kobud rəftar olunub və fiziki zor tətbiq edilib. Martın 5-də isə Kəpəz rayon müvəqqəti saxlanma məntəqəsində onun barmaq izləri götürülərkən o, vəkilinin iştirakının təmin olunmasını tələb edəndə məntəqədə ikinci dəfə döyülüb. Barmaq izləri vəkilinin iştirakı olmadan zorla götürülüb:

«O vaxt biz bununla bağlı Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında akt tərtib etmişdik, aktı istintaq təcridxanasının rəisi də imzalamışdı. Bəxtiyar Hacıyevin döyülməsi faktının araşdırılması üçün Baş Prokurorluğa etdiyimiz müraciət əsasında Baş Prokurorluq Gəncəyə bir əməkdaşını ezam etdi. Ancaq həmin əməkdaş qərar qəbul etdi ki, Bəxtiyar Hacıyevin üzərində döyülmə izi yoxdur. Həm Bəxtiyar Hacıyev, həm də mən həmin qərara görə Baş Prokurorluğu məhkəməyə vermişik».

Vəkil deyib ki, hakim Famil Nəsibov Bəxtiyar Hacıyevin məhkəmədə iştirakını təmin etmək və geniş məhkəmə araşdırması aparmaq istəmir, məhkəməyə yalnız Baş Prokurorluğun nümayəndəsi dəvət olunub:

«Bəxtiyar da tələb edir ki, məhkəmə öz iştirakı ilə keçirilsin, onu döyən polis işçiləri və üzərindəki xəsarətlərlə bağlı akt tərtib edənlər dindirilsin. Mən bununla bağlı hazırlıq iclasında vəsatət təqdim edəcəyəm, əgər vəsatət təmin olunmasa vəkil kimi məhkəmə iclasında iştirakdan imtina edəcəyəm».

Məhkəmədən AzadlıqRadiosuna bildirdilər ki, Bəxtiyar Hacıyevin məhkəməyə hazırlıq iclasında iştirakıyla bağlı Gəncə Şəhər İstintaq Təcridxanasından Bakıya etap olunması üçün müraciət olunmayıb. İddiasına onun iştirakıyla baxılıb-baxılmayacağı və məhkəmənin araşdırmayla keçirilib-keçirilməməsi barədə qərar iyulun 15-nə təyin olunmuş məhkəməyə hazırlıq iclasında bəlli olacaq.
XS
SM
MD
LG