Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:56

İslam dini satiraya necə yanaşır?


AzadlıqRadiosunun arxivindən debat: Dinlər müqəddəslərə yönələn yumoru qəbul edirmi?

İyul 2011

“Bütün dinlərdə satiraya mühafizəkar münasibət var. Amma İslam dini bu məsələyə daha kəskin münasibət göstərir”. Bu fikirlər “İslam və demokratiya” verilişində səslənib. Bu dəfə proqramda İslamın satiraya münasibəti müzakirə olunub.

“Yeni Müsavat” qəzetinin redaktoru, yaradıcılığında satirik yazı üslubundan gen-bol istifadə edən Xalid Kazımlı hesab edir ki, satirada güclü təbliğat hissi olduğuna görə, dinlər onu qəbul edə bilmirlər:

“Satira totalitar düşüncənin sıxışdırılmasında güclü rol oynayır. Məhz buna görə həmişə diktatorların, despotların satiradan zəhlələri gedib. Xeyli dərəcədə iinkişaf etmiş xristian dinində də müqəddəslərə yönələn satiranı qəbul etmirlər. Bir neçə dəfə Roma kilsəsi İsa peyğəmbəri, Müqəddəs Məryəmi aşağılayan lətifələri qınayıb. Amma orda bu cür satiraya görə heç kimə ölüm hökmü, şaqqalanmaq cəzası çıxartmırlar”.

KARIKATURLARI ÇƏKƏNƏ DAHA TƏMKİNLİ YANAŞMAQ LAZIM İDİ

Xalid Kazımlı

X.Kazımlı bu yaxınlarda bütün dünyanı gəzən lətifəni xatırladır. “Sizcə bu son minilliyin ən fərasətli adamı kimdir” sualına məşhur satirik “Məryəmi hamilə buraxıb suçu Allahın üstünə atan insan” cavabını vermişdi.

“Lakin bununla bağlı Vatikan tərəfindən tənqidlər olsa da, ona edam cəzası kəsilmədi. Məncə, Danimarkada Məhəmməd peyğəmbərin karikaturları məsələsində münasibət təmkinli olmalıydı. O adama ölüm hökmü kəsməkdənsə, onun özünü məsxərəyə qoymaq lazım idi. Amma onun barəsində belə cəza növünün çıxarılması bu müdafiə olunmasına səbəb oldu Orda daha səbrli, daha təmkinli mövqe tutulsaydı, daha yaxşı olardı.

MÜQƏDDƏSLƏRƏ İSTEHZALI YANAŞMAYA YOL VERMƏK OLMAZ

İlahiyyatçı Əkrəm Həsənov isə hesab edir ki, müqəddəslərə, peyğəmbərlərə qarşı istehzalı yanaşmaya yol vermək olmaz. Bəzi İslam ölkələrində buna görə hətta cinayət işi də açılır.

Əkrəm Həsənov

“Bu, insan üçün böyük günahdır. Çünki qiyamət günündə hər birimiz Allahla görüşəcəyik, əməllərimizə görə cavab verməli olacağıq. Əslində yumor, satira insanı düşündürən, gələcək həyatına hansısa təkan verən bir şey olmalıdır”.

İnsanın hər anında Allahı zikr etməli olduğunu deyən Əkrəm Həsənova görə, insanlar bir-birilərini lağa qoymamalıdır:

“Düzdür, Mirzə Ələkbər Sabir də mollaları tənqid edirdi, amma onun özü də İslam davamçısı olub. Amma bu mollalar insanların avamlığından öz məqsədlərinə çatmaq üçün istifadə edirdilər. Bu cür hallarda kimlərisə islah etmək üçün satiradan istifadə etmək olar”.

Xalid Kazımlı isə hesab edir ki, dinin özünə satirik tərzdə yanaşmaqda pis bir şey yoxdur. Çünki burda təxəyyül məhsulu olan məqamlar çoxdur:

“Din adamlarının çıxışlarında həmişə gözəgörünməz məxluqlardan danışılır. Mələklər, hurilər, inkir-minkirlər, cənnət, cəhənnəm, axirət - saymaqla qurtarmaz. Bunların heç birisini insan görməyib. Ona görə də satira predmeti ola bilər”.

XS
SM
MD
LG