Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:54

Cənub bölgəsində düşünürlər ki, korrupsiya ilə mübarizə korrupsiyaya uğrayıb


Amil Məlikov
«Daşınmaz əmlakımı sənədləşdirmək üçün məndən 167 manat tələb etdilər. Bunun 85 manatını banka ödəmişəm. Deyirlər ki, 85 manat rüsumdur, 82 manat xidmət haqqı. İki ayın pensiyasını verməli olacağam».

Bunu Astara şəhər sakini Amil Məlikov deyir. O qeyd edir ki, yaşadığı ev 60-cı illərdə tikilib, ata evidir. Həyətyanı sahəsi də atasından ona qalıb:

«ŞİKAYƏT ETDİM, NƏTİCƏSİ OLMADI»

«Bizdən tələb olunan pul çoxdur. Şikayət etdim, lakin nəticəsi olmadı. Pensiyanı alanda qalan pulu ödəməli olacağam».

Adının çəkilməsini istəməyən digər Astara şəhər sakini isə bildirir ki, 6 sot həyətyanı torpağı sənədləşdirmək üçün Daşınmaz Əmlakın Reyestri Xidmətinin Lənkəran ərazi idarəsinin rayondakı nümayəndəliyinə müraciət edib. Deməsinə görə, orada ona bildiriblər ki, «Kapitalbank»a 80 manat rüsum, 48 manat xidmət haqqı ödə.

Daşınmaz Əmlakın Reyestri Xidmətinin Lənkəran ərazi idarəsinin Astara nümayəndəliyində isə bizə bildirdilər ki, bütün ödəmələr qanunla həyata keçirilir. Ödənilən məbləğ «Dövlət rüsumu haqqında» qanunda nəzərdə tutulub. Həmin qanunda deyilir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat, daşınmaz əmlaka dair texniki sənədlər üçün isə 50 manat ödənməlidir. Xidmət haqqı burda nəzərdə tutulmayıb. Belə məlum olur ki, Amil Məlikovdan rüsum haqqı kimi 5 manat da artıq pul tutublar.

Yadigar Sadıqov
«RÜSUMLARIN ÖDƏNİLMƏSİ DƏ QANUNLA TƏNZİMLƏNİR»

Daşınmaz Əmlakın Reyestri Xidmətinin Lənkəran ərazi idarəsinin rəisi Nazim Məmmədov isə rüsum və xidmət haqlarının bank vasitəsilə dövlətə ödənildiyini deyir:

«Dövlətin qanunu var. O qanunla da işləyirik. Rüsumların ödənilməsi də qanunla tənzimlənir».

«RÜŞVƏTƏ GÖRƏ RAYONDA HEÇ KİM CƏZALANDIRILMAYIB»

Lənkəranda fəaliyyət göstərən Cənub Regional Araşdırmalar Mərkəzinin təsisçisi Yadigar Sadıqov rayonlarda korrupsiyaya qarşı mübarizə aparılmadığını deyir. O bildirir ki, rüşvətə görə rayonda heç kim cəzalandırılmayıb və işdən çıxarılmayıb:

«Hansısa təşkilatda guya rüşvət azaldılıb. Kampaniya başa çatandan sonra hər şey əvvəlki vəziyyətinə qayıtdı. Korrupsiyaya qarşı mübarizə korrupsiyaya uğrayıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG