Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:38

«Əl-Qaidə» ilə əməkdaşlıqda təqsirləndirilənə hökm oxunub


Foto: Arxiv
Foto: Arxiv
İyulun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Əl-Qaidə» terror təşkilatı ilə əməkdaşlıqda təqsirləndirilən Rəhim Salmanova hökm oxunub. O, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qusar rayon sakini R. Salmanov 4 il axtarışda olub. 2006-cı ildə Rusiya Federasiyası ərazisində həbs edilərək Azərbaycana ekstradisiya olunub. Məhkəmənin qənaətinə görə, o, Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşlarından ibarət 15 nəfərlik dəstənin üzvlərindən olub . «İslam irsinin dirçəlişi» cəmiyyətinin, o cümlədən «əl-Qaidə» təşkilatının tərkibində Gürcüstanın Pankisi dərəsində təlim keçib.

R. Salmanov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma), 29, 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa cəhd), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.

O, eyni ittihamlarla 2009-cu ildə də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə tərəfindən mühakimə olunmuşdu. Həmin vaxt məhkəmədə şahid kimi dindirilən dəstə üzvləri ibtidai istintaq vaxtı işgəncələr altında R. Salmanova qarşı ifadələr verdiklərini demişdilər. Məsələn, məhkum Həsən Ağayev həmin məhkəmədə şahid kimi ifadə verərkən demişdi ki, R. Salmanovu tanımır. Etirafedici ifadələri isə Milli Təhlükəsizlik Nazirliyində işgəncələr altında verib.

2009-cu ildə məhkəmə R. Salmanovu 15 il müddətinə azadlıqdan məhrum etsə də, yuxarı məhkəmələr hökmü ləğv edərək işə yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. Bakı Ağır Cinayətlər Məhkəməsi R. Salmanova yenə də 15 illik həbs cəzası kəsib. R. Salmanovsa ittihamları rədd edib.

R. Salmanovun daxil olduğu bildirilən qrupun digər üzvləri də son illər ərzində mühakimə olunaraq məhkum ediliblər. Arif Hacıyev ömürlük, Emil Hacıverdiyev 10 il, Hamdan Mohammed Ahmed Salem, Hacı Çankayev, Abdulla AbdulkərimovŞirin Əliyev 7 il, Aslan Berkov, İsa İslamov, Karanay Abdulhəmidov, Arsen Qaziyev, Jembek Əsədullayev, Mustafa Dəlibaşlar, İnan Əhməd, Hayal Səlçuq Hüsnü, Həsən AğayevKarakaş Cuma Şıximam 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
XS
SM
MD
LG