Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 22:00

Bakının yeni dəbi - təndir


Bakının vizit kartına çevrilən təndir çörəyi
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00
Direct-ə keçid
«GÖZLƏYİN, BEŞ DƏQİQƏYƏ TƏNDİRDƏN İSTİ ÇÖRƏK ÇIXACAQ...»

Təndir başına yığışıb isti çörək gözləyənlər hansısa kənddə deyillər. Bakının mərkəzində, İçəri şəhərdəki Kiçik Qala küçəsindəki təndirə yapılmış çörəklərin bişməsini gözləyirlər.

İsti çörək alanlardan biri Sabir Məmmədov deyir ki, qiyməti 1 manat olsa da hər gün bir dənə bu çörəkdən alır. Təndirin yerləşdiyi xudmani kafenin meneceri Gülnarə Quliyeva deyir ki, 1 il əvvəl açılanda bura elə də tanınmayıb, indi isə onların öz müştəriləri var:

«Deməzdim ki, bütün Bakı gəlib buradan çörək alır. Ancaq əminliklə deyirəm ki, bizim çörəyin öz xüsusi dadı var. Ona görə bir dəfə bu çörəyin dadına baxan, yenə bura gəlir».

İLHAM ƏLİYEV, DMİTRİ MEDVEDEV, BOROZZO...


Prezidentlər çörək alarkən

Bu təndirin maraqlı qonaqları var. Son vaxtlar Azərbaycana rəsmi səfərlərə gələn əcnəbi qonaqların az qala hamısı bu təndirə baş çəkir. Burda Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev, Avropa komissiyasını sədri Jose Manuel Borozzo, məşhur fransız aktyor Jerar Depardye, səfirlər, başqa tanınmışlar çörək kəsib. Kafenin divarlarına onların da şəkilləri vurulub.

BAKININ QIZMARINDA, QIZMAR TƏNDİR BAŞINDA

Bu qızmar istidə, qaynar təndir başında çörək bişirən isə Natalya Mixaylovadır. 35 il əvvəl Uraldan, Perm şəhərindən Qaxa gəlin köçüb. Təndir qurmağı da, təndirdə çörək bişirməyi də Azərbaycanda öyrənib:

«Mən əvvəllər bunu bacarmırdım. Xəmir yoğurmağı da, təndirdə çörək bişirməyi də mənə qayınanam öyrədib. Unu ələyirəm, maya, duz vururam, isti suda yoğururam. Yoğurandan sonra azca bitki yağı vururam. Xəmir acıyandan sonra kündə hazırlayıram».

Natalya Mixaylova
Kündələr hazır olandan sonra Natalya Mixaylova qalanmış təndiri hazırlayır:

«Təndiri duzlu su ilə yuyuram (danışa-danışa işləyir), duzlu su ilə yuyanda çörək təndirdən yaxşı çıxır. Sonra bir az təndirin özünə gəlməsini gözləyirəm. Kündəni yastılayıram, üstünə yumurta, küncüt, xaş-xaş çəkirəm. Çörəyin arxasına bir az duzlu çəkirəm ki, çörək düşməsin».

Natalya Mixaylova bir neçə dəqiqə sonra kiçik bir xəmir parçası ilə təndirdə iz çəkir. Həmin yer qaralır, deyir ki, demək hələ təndir çox istidir, gözləmək lazımdır. Bir neçə dəqiqə sonra bunu yenə təkrarlayır, indi həmin yer qaralmır:

«Demək bişirmək olar».

Çörək forması almış xəmiri təndirə yapır. Elə qaynar təndirin divarlarında bir neçə saniyəyə üstünü naxışlayır. Təxminən 5 dəqiqəyə təndir çörəyi hazır olur.

TƏNDİRİ HAZIRLAYANDA DA ƏLƏYİB, YOĞURURLAR

Natalya Mixaylova təndir hazırlamağı da bacarır. Maraqlıdır ki, təndir hazırlamaq prosesi elə çörək hazırlamaq prosesini xatırladır:

Natalya Mixaylova

«Mənim həyətimdə torpaqdan hazırlanan təndirim var. Ərimlə qurmuşam. Torpağını dağ dibindən gətirmişik. Ələmişik, sonra torpağı keçi tükü ilə yoğurmuşuq. Çünki keçi tükü torpağı möhkəm saxlayır, çatlamağa qoymur. Bir həftə acıtmışıq, sonra o torpağı döymüşük. Daha sonra kərpic kimi kəsib, yastılayıb təndir düzəltmişik. Bir həftə təndir quruyandan sonra əvvəlcə samanla az-az tüstü vermişik, sonra odunla yandırmışıq».

SON 1 İLDƏ TƏNDİRLƏRİN SAYI ARTIB

Bakıdakı bu təndirdən başqa şəhərin başqa yerlərində də təndirlər var. Təndirçilərdən biri Hafiz Xanquliyev deyir ki, 5-6 il əvvəl təndirlər şəhər kənarında, yol qıraqlarında olub. Son 1 ildə isə şəhərin özündə də təndirlərin sayı xeyli artıb:

«Tələbat var. Elə bil son vaxtlar şəhərə dəb düşüb».

Hafiz deyir ki, görəndə ki, təndir çörəyinin öz alıcıları var, o da iki təndir qurub.

Təndir
TƏNDİRİN UCUZU 20 MANAT, BAHASI 500 MANATDI

Təndir sahiblər deyir ki, təndirləri əsasən cənub zonasında hazırlayırlar. Təndir hazırlayanlardan biri, Masallıda yaşayan Zaur Əliyev isə deyir ki, təndir sexləri əsasən Astaradadır:

«Bir həftəyə bir təndir hazırlanır. Təndirin ucuzu 20 manat, bahası 300 manata olur. Uzunsov gürcü çörəklərinin bişirilməsi üçün hazırlanan təndirlər 500 manatadır. Kiçik təndirdə 6-8, böyük təndirlərdə 40-50 çörək bişirmək olur».

Bakıda yaşayanların çoxunun təndirlə tanışlığı xalq nağılından - ögey anasının Fatmanın təndirə salması, bir də mağazalardakı adı təndir çörəyi olan çörəklə başlayır. Son bir ildə isə şəhərdə əsl təndiri də, əsl təndir çörəyini də görmək olur.
XS
SM
MD
LG