Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 07:36

Yol Polisi «Facebook»da


«Gəlin yol hərəkəti qaydalarına əməl edək və avtoqəza canavarları ilə mübarizə aparaq!»– sürücülərə ünvanlanan bu cür çağırışlara indi təkcə yol kənarlarında deyil, həm də sosial şəbəkələrdə də rast gəlmək mümkündür. «Facebook» sosial şəbəkəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai səhifəsi yaradılıb. İyulun 3-dən fəaliyyətə başlayan bu səhifəni artıq 1200-dən çox istifadəçi bəyənib. Səhifədə daha çox yol hərəkəti qaydaları, təhlükəsizlik və bu sahədə olan qüsurlarla bağlı müzakirələr gedir. Burada həmçinin yol hərəkəti qaydaları ilə bağlı animasiyalı videolar da yerləşdirilir. İstifadəçilərin suallarını isə Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov cavadlandırır.

MƏQSƏD SÜRÜCÜLƏRİ MAARİFLƏNDİRMƏKDİR

Vaqif Əsədov deyir ki, «Facebook»da belə bir səhifənin yaradıcısı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi deyil, sadə bir vətəndaş – Samir Qocayevdir. Dövlət Yol Polisi İdarəsi isə 3 ilə yaxındır ki, dövlət yol polisi əməkdaşlarının apardığı təbliğat kampaniyalarında könüllü iştirak edən Bakı sakini Samir Qocayevin bu təşəbbüsünü dəstəkləyib:

«Keçirdiyimiz tədbirlər və internet istifadəçilərinin verdiyi sualları cavablandırmağı özümüzə borc bilirik. Hesab edirik ki, internet səhifələrində yol hərəkəti təhlükəsizliyi ilə bağlı hər hansı bir məlumat gedirsə, bu, ən azı yol hərəkəti təhlükəsizliyinin təbliği deməkdir. Yol qəzalarının qarşısının alınmasında təbliğat işi həmişə müsbət təsir göstərir».

Azərbaycanda dövlət qurumları ilə bağlı ilk ictimai səhifənin yaradıcısı 26 yaşlı Samir Qocayevsə deyir ki, məqsədi sürücülərin maariflənməsinə yardım göstərməkdir:

«Bu sırf təbliğat səhifəsidir. Biz burada piyada keçidləri, yaşayış məntəqələri, sürətlə bağlı animasiyalı videolar yerləşdirmişik. Bunların hamısı maarifləndirmək məqsədi güdür».

Vaqif Əsədov
«ŞƏRHLƏRİMİZ SİLİNİR»

Səhifəni bəyənənlər, buradakı məlumatlardan yararlandıqlarını yazanlar olsa da, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai səhifəsində qüsur tapan, narazı qalanlar da var. Səhifəyə göz gəzdirdikdə görürsən ki, kimi yazdıqları şərhlərin və ya sualların silindiyindən, kimi də hər addımbaşı yol verilən orfoqrafiq səhvlərdən gileylənir. Bunlara cavab olaraq Samir Qocayev deyir ki:

«Bəzən ingilis hərfləri ilə yazılır, orfoqrafik səhvlər o zaman yaranır. Səhifənin 3 adminstratoru var, demişik ki, o səhvləri düzəltsinlər. Silinən şərhlərə gəlincə, elə şərhlər silinir ki, onların mövzuya heç bir aidiyyatı yoxdur və ya təhqir elementləri var. Özünüz də görürsüz ki, nə qədər adam tənqidi şərhlər yazır, hamısı da oradadır».

İCTİMAİ SƏHİFƏ POLİSLƏRLƏ BAĞLI NEQATİV HALLAR ÜÇÜN DƏ AÇIQDIR

O ki qaldı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən olan şikayətlərə və ya yol polislərinin özlərinin qaydaları pozmasına, rüşvət alması hallarına Samir Qocayev deyir ki, internet istifadəçilərində bunları sübut edən faktlar, videoroliklər varsa, onları da səhifəyə yerləşdirməyə hazırdırlar, bununla bağlı administratorlara anonim məktub da göndərmək olar.

«BİZDƏ HƏR ŞEY FORMALDIR»

Bakıda söhbətləşdiyimiz sürücülər isə yol polisinin belə bir ictimai səhifəsinin yaradılmasını bəyənsələr də, aralarında bunda fayda görməyənləri də var:

- Yaxşı qiymətləndirirəm, düzdür «Facebook»dan çox istifadə etmirəm, amma yəqin maraqlıdır, suallarımızı verərik. Bəzən elə şeylər olur ki, qaranlıq qalır, oradan soruşarıq.
- O boyda korrupsiya ilə bağlı qanun çıxarıblar, polislər yenə də pullarını alıb qoyurlar ciblərinə. Bizdə hər şey formaldır, yəni demək istəyirlər ki, bunu da yaratdıq, bizdə də bu var. Boş şeydir hamısı.
- Yəqin şikayətlərə baxarlar da, məncə yaxşıdır.
- Suallarımızı cavablandırsalar yaxşı olar.
XS
SM
MD
LG