Gənc yazar Ayxan Eyvazın bu günlərdə "Qanun" nəşriyyatında çapdan çıxmış "Mən necə Polat Alemdar oldum?" romanından bir parçanı "Oxu zalı"nda dərc edirik.
Ayxan Eyvaz
Mən necə Polat Alemdar oldum?
(Romandan parça)
I
Güzgünün qabağında durmuşdum. Özümə baxanda dedim, gör necə də Polat Alemdara oxşayıram.
Nənəm demiş, elə bil bir almanın yarısıydıq. Həqiqətən də elə görünürdü.
Onunla mənim aramda elə də böyük bir fərq yoxdu. Boylarımız eyni, bədənimizin quruluşu eyni, üzümüzün forması eyni. Allah bir baxıb iki yaradıb. Daha nə olmalıdı ki?
Yalnız kiçik bir fərq vardı, o da ki, mənim tapançamın olmamasıydı. Düzdü, bundan bir il əvvəl mənim də naqanım vardı, təbii ki, oyuncaq naqandan söhbət gedir.
Ancaq bu oyuncaq silaha görə az qala məhəllənin bütün uşaqları mənə düşmən kəsiləcəkdi.
Səbəb isə bu idi ki, guya onları vurub yaralamışam. Düzdü, həyətdə uşaqların üstünə bir-iki dəfə şarik atmışdım.
Onda bu cür xırda-mırda şeyə görə onların vayma-şüvənlik açacaqları heç ağlıma belə gəlməmişdi.
Mənim vurub “yaraladıq”larımın hamısı qaçıb anama şikayətə gəlmişdi, yalandan bədənlərinin bir yerini tutub ufuldayır, bunula anamı indandırmağa çalışırdılar ki, doğurdan da onlara nəsə olub.
Qonşu arvadlar da bir qıraqda durub kinli-kinli mənə baxırdılar, guya onların uşağını doğrudan da qana bulamışdım.
Anamı da qızışdırmağa nə var, bir dəqiqənin içində alovlandı, az qala məni elə oradaca tapaşdayacaqdı, amma qolum onun əlinə keçəndə
gözləri gülən Zərifə xala ona and verdi ki, məni döyməsin. Anamın əli eləcə havada donub qaldı, amma qurşağıma keçirdiyim tapançanı çəkib aldı, hikkə ilə eyvana keçib tapançamı yeddinci mərtəbədən çölə fırıldatdı.
Silah yerə düşən kimi qırılıb parça-parça oldu. Həyətdəki balaca cırtdanlar o saat tapançanın qırıqlarını qapıb aradan çıxdılar.
Anam isə evdə hələ də deyinməyində idi. O, tapança ilə uşaqları qorxudub onların bağrını yarmağımı atama deyəcəyi ilə məni hədələyir, öz-özünə uşaqları sarıdan bəxtinin gətirmədiyindən gileylənirdi.
Arada böyük qardaşım da mənə sataşırdı. Guya xalqın balalarından fərqli olaraq biz avara uşaqlardıq, dərs oxumaq yerinə sarsaq-sarsaq işlərlə məşğul olurmuşuq.
Arvad susan kimi ilana ağı verən bacım araya keçir, bizim məktəbdəki işdəklərimizi anama çuğullayıb onu daha da qızışdırırdı. Məqsədi məni döydürmək idi.
Amma anam and içdiyi üçün mənə əl qaldırmadı. Telefon çalanacan eləcə donquldandı.
***
Tapança almağımın tarixi beləydi ki, məhəllədə Niyaz adlı bir oğlan həyətdə məni bir qırağa çəkib belindəki silahı çıxardıb göstərdi, dedi ki, gəl, sən də bundan bir dənə al, biz də “Kurtlar Vadisi”ndəki kimi özümüzə dəstə quraq.
Əvvəlcə onun zarafat elədiyini zənn edib güldüm. Ancaq o ciddi olduğunu deyəndə təəccübləndim və diqqətlə ona qulaq asdım.
Niyaz dedi ki, sən Polata çox oxşayırsan, mən də Mematiyə. Bu nə danışır? Məni yenə gülmək tutdu.
Niyaz dedi ki, bu işdə gülmək olmaz, ya razı ol, ya da ki, adam kimi denən ki, istəmirəm. Mən onun bu sözünü eşidəndə artıq söhbətin həqiqətən də ciddi olduğunu anladım.
Özünü Memati adlandıran Niyaz dedi ki, əgər sən razı olsan, biz bu işə böyükləri də cəlb edəcəyik.
Əlavə elədi ki, əgər razılığın olsa, bu gündən bir-birimizə öz adımızla yox, kinodakı adla müraciət edəcəyik. Sonda Niyaz—Memati nə eləməli olduğumuzu uzun-uzadı izah elədi.
Mən onu diqqətlə dinləyəndən sonra Mematiyə dedim ki, bu işə mənim də adımı yaz.
Niyaz elə bil ağzımdan çıxan bu iki kəlməni gözləyirmiş kimi cəld əlimi sıxdı və dedi ki, sabah mütləq tapança alım.
Mən əvvəlcə həqiqi silah zənn etsəm də Memati dedi ki, yox bu şarikli tapançadır, yaxınlıqdakı dükanda satılır. O, sabah tezdən durmağımı tapşırdı və yolun o tərəfini keçdi.
Xoşbəxtlikdən o gün məktəbdə kökə almaq üçün verilən pulu xərcləməmişdim.
Həm də Polat Alemdar olmaq mənə çox cazibəli görünürdü. Güllü, Abdulhey-filan olmaq təklif olunsa yəqin bunu o saat rədd edərdim.
Yaxınlıqdakı dükana cumub məni Polata çevirəcək tapançanı, şarikli güllələri aldım. Tapançanı qurşağıma keçirən kimi hiss elədim ki, artıq Polatam.
Elə o dəqiqə də silahı sınamaq qərarına gəldim. Həyətdə oynayan cırtdanların bir-ikisinə sıxdım, onlar güllə dəyən yeri tutub ufuldadılar, qorxaq uşaqlardan bəziləri isə hətta ağladı da.
Cəsarətlənib qardaşımın oturub-durduğu yeniyetmələri də nişan alıb atdım. Onlar mənə bozarsalar da hərəkətimə qardaşımın xətrinə görə dözüb bir şey demədiklərini, əgər bir də belə hərəkət etsəm məni döyəcəklərini dedilər.
Polat işim pis başlamamışdı.
Artıq Polat kimi “kabadayı” ədasıynan yeriyirdim. Memati mənə demişdi ki, mütləq “baronluk” üzüyün olmalıdır, o olmasa sən Polat Alemdar ola bilməzsən.
Mən bu sözləri yadıma saldım. Evə gələndə atama dedim ki, mənə üzük alsın.
O, bu üzüyün nəyə lazım olduğunu soruşsa da heç nə demədim. Atam üzüyün neçəyə olduğunu soruşdu.
Düzü qiyməti bilmirdim, amma iki manatdan artıq olmaz ki? —deyə düşündüm.
Atam əlini cibinə salanda göz eləyib anamı göstərdim ki, pulu onun yanında verməsin. Anam dəhlizə çıxıb qonşularla söhbət eləyəndə atam pulu ovcuma basdı.
Bir azdan dükandan bir manata aldığım dəmir “baronluq” üzüyü artıq barmağımdaydı. Nə isə, Polat olmaq üçün Mematinin dediyi nə vardısa elə
o axşamdan alıb bir tərəfə yığdım.
Səhər tezdən durub silahımın maqazinini şariklə doldurdum və Mematinin yanına getdim.
Memati əvvəlcə mənə nişan almağı öyrətdi. İlk olaraq plastik butulkalara nişan alıb vururduq.
Mematinin atdığı hər güllə hədəfə dəyirdi. Ancaq mənim atdığım bütün güllələr boşa gedirdi.
Sonra Mematiyə: ”Ulan, — dedim, — sen bu işin uzmanı diyilsin ki? Bana Aslan amca gibi biri gerekiyor”.
Biz oturub uzun-uzadı Aslan Akbey olacaq yaşlı birisinin kim ola biləcəyini götür-qoy elədik. Qonşuluqdakı dəllək heç bu işə yaramırdı. Qarpız satan da oğraşın biri idi, işi-gücü bizə içi kal qarpızları dürtüşdürməkdi.
Mematiyə: “Bu Nuru əfəndini cezalandırmalıyız, — dedim, — bu herif millete kal, gübreli karpuz yediriyor. Bir operosyona ihtiyac var.” O: ”Öylədir, usta, — dedi, — bu herifin kafasına sıkmakdan kendimi güçlə tutuyorum”.
Elə oradanca qalxıb qarpız satan Nurunun yanına gəldik. O saçı xınalı bir arvada qarpız seçirdi.
Silahlarımızı çəkib iki tərəfdən də Nuruya güllələr yağdırdıq. O, əvvəlcə qulağını cücü sancdığını zənn edib, qaldırdığı yekə qarpızı yerinə qoyub, əli ilə milçək qovurmuş kimi peysərini sığalladı.
Kənarda dayanmış bayaqkı saçı xınalı xalanın üzümüzə qışqırması ilə Nurunun da bizi görməsi bir oldu. O əlindəki qarpızı yerə qoyub: ”Ə, köpək uşağı” — deyib bizə sarı tərpənmək istəyəndə, mən “koş Memati” dedim. Biz dabana tüpürüb aradan çıxdıq. Nuru da bizi axıracan qovmaq fikirindən çəkinib geri döndü.
Sonra binanın kölgəsinə çəkilib “operasyonun” niyə pis alındığını araşdırıq.
Memati: ”Usta, — dedi, — biz iyi plan yapmadık, ama bir dahaki sefere işimizi iyi tutmalıyız.”
Mən onunla razılaşdım.
Münasib vaxtsa Nurunun maşından qarpız boşaltdığı vaxtdı. O vaxt oğraş işini yarımçıq buraxıb bizi təqib edə bilməz.
Bunun üçünsə birinə ehtiyac var. O hər gün Nurunu izləməli, qarpız maşını gələndə bunu bizə xəbər verməlidi. O adam da yağlı əppək kimi göyə çəkilib.
Tapmaq mümkün deyil. Buna görə də qarpızsatan Nuru kişinin başına “güllə vurmaqdan” əl çəkdik.
Sonra təzədən şüşələri nişan alıb atmağa başladıq. Çarə nə idi? Bu boyda şəhərdə bir Aslan Akbeyi haradan tapasan?
Biz bir-neçə gün elə bu qaydada məşq etdik. Artıq hədəfləri vura bilirdim, o qədər ustalaşdım ki, hətta balaca bir şüşəni belə gözündən vururdum.
Məşqlərimiz bitəndən sonra da biz boş dayanmır, hər gün bir-birimizlə atışırdıq.
Bizim bir-birimizlə “çatışdığımızı” görən uşaqlar əvvəlcə bizə gülsələr də sonradan mənlə Mematinin hərəkətlərinə heyran qalır, həm də çəkinirdilər. Çoxu da çalışırdı ki, bizdən aralı dursun.
Bir neçə həftə belə keçəndən sonra Memati məndən soruşdu ki, sən “Kurtlar Vadisi”nə axıra qədər baxıbsan? Mən dedim ki, yarımçıq baxmışam.
Bu sözü eşidən kimi Memati elə hirsləndi ki, qurşağına keçirdiyi silahı çıxarıb alnıma dirədi.
O, mənə dedi ki, əgər bu saat gedib o kinonu gətirib, hamısına baxmasan sənin başını deşəcəm. Mən bunun zarafat olduğunu bilsəm də yaxamı qurtarmaq üçün razılıq əlaməti olaraq başımı yellədim və gedib “prakat”dan filmin disklərini alıb həmin gündən başlayaraq “Kurtlar Vadisi”nə baxmağa başladım.
Bu seriala mən əvvəllər heç düz-əməlli baxmamışdım. Serial çıxan vaxtı hamı ondan danışdığından mən demək olardı ki, ordakı hadisələri az-maz bilirdim.
Sən demə, bu kino əla imiş! Və uşaqların, ümumiyyətlə, bütün məhəllə sakinlərinin dediyinə dəyərmiş.
Mən filmə axıra qədər baxandan sonra Mematinin yanına getdim, o, seriala baxmağıma sevindi və biz bu kino haqda mübahisə etməyə başladıq.
Ordakı hərəkətləri təkrarladıq, orda deyilən cümlələri işlətdik. Yanımızdan keçənlər bizə tamaşa edəndə, gülməkləri gələndə Memati belindən tapançasını çıxarıb onlara tuşqunlayırdı.
Uşaqlar da tapançanı görəndə hay-küylə qaçışırdılar. Elə bil ki, onlara həqiqi silahdan vuracaqdılar. Memati dabana tüpürənlərin hamısını elə dəqiqliklə vururdu ki, onlar dovşan kimi tullana-tullana qaçırdılar.
Uşaqlar bizdən aralananda Memati dedi ki, gedək Nazlı xalanın yanına onunla işim var. Mən razılıq əlaməti olaraq başımı tərpətdim.
Bu Nazlı xala kök, qarayanız bir arvad idi. Arvadın məhəllədə tanımadığı adam, eşitmədiyi, görmədiyi bir hadisə yox idi.
Məhəllədə nə baş verirdi bütün camaat onun başına yığışar, tam təfərrüatı ilə hadisəni bilmədən ordan ayrılmazdılar.
Qiybət qırmaqda da Nazlı xalanın əlinə su tökən olmazdı. Hətta digər qonşu arvadların dediyinə görə, Nazlı xala məhəllədə ən çox seriala baxan sakinlərdən idi.
Əsas da Türkiyənin seriallarını daha çox sevərdi və hər gün bu seriaların bölümlərini qonşu arvadlara danışardı. Baxmadığı serial demək olar ki, yox idi.
Biz ora çatanda Nazlı xala həmişə olduğu kimi dəhlizin başında oturub nəsə toxuyurdu. Memati ona yaxınlaşıb dedi:
—Nazlı xala, deyirlər, “Kurtlar Vadisi”nin təzə seriyaları çıxacaq.
—Doğurdan bala, nə vaxt olacaq? Başdayanda mənə xəbər ver ha... Neçə vaxtdı təzə dizi çıxmırdı. —Nazlı xalanın gözləri işıldadı.
—Anam dedi ki, tamatı varsa bir qab versin, sonra qaytararam. —Memati Nazlı xalaya gəlişinin səbəbini dedi
—Hə bu saat — deyib Nazlı xala evə girdi, bir az sonra yarısı tamatla dolu qabla gəldi — Şeydi..., qabı tez gətir ha... Sonra yadınızdan çıxar...
Biz onun xassiyyətinə bələd idik. Nazlı xala məhəllədə həm də ən xəsis arvad idi. Nəsə almağa gələnləri qapısından geri yollayar, deyərdi ki, qurtarıb. Halbuki məhəllənin ən varlısı da elə o hesab olunurdu.
Həyətə düşəndə Memati dedi ki, artıq evə gedək. Biz sağollaşıb evə yollandıq.
Sabahısı gün Memati bir də gördüm ki, dörd adamla mənim yanıma gəlir. Uzun söz-söhbətdən sonra məlum oldu ki, bu dörd igid oğlan da bizə qoşulmaq istəyir.
Onlardan biri çox zarafatcıl olduğundan onun Güllü olmasını, o birisinin kürd olduğundan ona Abdulhey, digər ikisinə də müvafiq olaraq Nevzat və Gürmüz adını qoyduq. Artıq altı nəfər idik.
Biz Halonu, yəni, Halil İbrahim Kaparı nə qədər axtarsaq da onun kim olacağını tapa bilmədik. Ancaq məhəllədə bir kişi ona çox oxşayırdı.
Biz bir dəfə onun yanına getdik.
Kişinin adı Murad idi. Məhəllədə onu “Alkaş” deyə çağırardılar. Onun yanına çatan kimi Memati dedi ki “Alkaş, gəl, bizə qoşul, sən də Halo ol”. Bunu eşidəndə Alkaş elə hirsləndi ki, gəl görəsən.
Böyründəki boş araq şüşəsinə əl atması ilə onu bizə sarı fırıldatmağı bir oldu. Biz tez yan tərəfə çəkildik. Araq şüşəsi onun evinin aboysuz divarlarına dəyib cilik-cilik oldu.
Mən dedim ki, “Memati, bu şerefsiz, sık kafasına, gidelim”. Memati bu sözümə bəndmiş kimi tapançanı çıxarıb güllələri ona yağdırdı.
Alkaş güllə üstünə yağanda daha da hirsləndi, bizi hədələməyə başladı. Elə bağırırdı ki, elə bil yarasına duz basmışdıq. Onun səsindən qulaqlarımız batdı, o, ikinci şüşəyə əl atanda tez dabana tüpürüb ordan əkildik.
***
Biz dəstəyə yeni qoşulanlara silah almalarının vacib olduğunu söylədik. Həmin gün Abdulhey, Güllü, Nevzat və Gürmüz hərəsi bir tapança alıb qurşaqlarına keçirdilər.
Demək olar ki, artıq tam Polat Alemdarın dəstəsi kimi olmuşduq. Artıq hər şey hazır idi. Ancaq bizim dəstədəkilər kinodan fərqli olaraq məhəllədə pencək-şalvarla dolaşmırdı. Ancaq hamımız qara paltar geyinirdik.
Səhərisi gün dəstənin bütün adamları məhəlləmizin qarşısındakı ağaclıqda mənə taxta parçalarından məkan düzəltdilər. İçəridə hər şey vardı: kreslo, yazı stolu, — bir sözlə, kinoda nə vardısa bunun oxşarı eynən yan-yana düzülmüşdü.
Mən Mematiyə:
—Nerden buldunuz, bu şeyleri? — deyəndə o, gülümsünüb dedi ki, “düşmənlərimizdən aldıq”. Mənim gülümsədiyimi görəndə o biri uşaqlar da dedilər ki, abi, hepisinin kafasına sıkdık. Bu dəfə də özümü saxlaya bilmədim. Gülməyimi görəndə Memati tərs-tərs mənə baxdı. Tez özümü ələ aldım və ciddi bir tərzdə Anadolu ləhçəsiynən soruşdum:
—Bir ziyanımız yok, ya?
—Ne ola bilir ki, abi? — Abdulhey o tərəfdən dilləndi.
—Gitdik bir tufan döndük, bir boran, usta — Memati tam ciddi halda dedi. “Usta” sözünü kinodan götürmüşdü, ikidə-bir, yeri gəldi-gəlmədi tutuquşu kimi bu sözü təkrarlayardı.
—Eyvallah, Memati! — dedim. — Peki, Memati Çakır nerde?
—Usta, bilmiyormusun, Halit şerefsizi onu bir yıl önce öldürmüşdü—Memati serialın irəlidəki bölümlərində baş verən əhvalatı yadıma saldı.
—Şerefsizler!! — Abdulheylə Güllü eyni anda dilləndilər.
Onların bu sözlərindən sonra mən otaqda xeyli var-gəl edə-edə uzun bir nitq söylədim:
—Çakır şerefiyle öldü. Şerefsizlik en kötü şeydir. Aramızda kim eyer başka bir örgüte çalışıyorsa şimdi desin. Yok, eyer ben yakalarsam, onu nasıl bir işgence ile öldüreceyimi biliyorsunuz. — Tapançamı stolun üstünə qoydum və təzədən: — Şerefsiz bir insan vatana ancak zarar getire bilir. — dedim.
— Bu vatanın sizin gibi kahramanlara ihtiyacı var. Şunu hiç unutmayın, abisine ihanet eden, vatanına da ihanet eder. Ben size güveniyorum. Ama mutlaka bizim aramızda şu an bulunmayanlardan bazıları hain ola bilirler. Bizim işimiz bu hainleri tutub cezalandrmakla bitmez, biz o şerefsizleri öldürmeden önce iyce bir sorqulamalıyız ki, bakalım, bu işde başkalarının eli varmı? Onun içinde bana sormadan bir de kimsenin öldürülmesini istemiyorum. Ne zaman ben emir veririm, o zaman siz yaparsınız.
—Usta, sana bi şey söylüyücem, sen bir kız bulmalısın — Memati bu sözüylə mənə Polatın Elif adlı sevdiyi olduğunu xatırlatmaq istəyirdi. Sanki ortada bir qızın olmaması Polat Alemdar üçün yarımçıqlıq yaradır və bizi tam “Kurtlar Vadisi”dəki kimi olmaqdan çıxardırdı.
Mən yarızarafatla dedim:
—Memati, benim kalbimde yalnız Elif olucak. Onun yerini kimse tutamaz, anladınmı beni?
—Ama, usta, o artık yok.
—Elif daima var, Memati — İş zarafatdan çıxmışdı. Artıq Memati mənimlə açıqca dilləşirdi. Mən bu söhbətin artıq mənasızlığını başa düşdüm və Mematiyə dedim:
— Bu meseleni bağlayalım, şimdi siz çıkın, benim Abdulheyle ko-nuşulucak şeylerim var.
Hamı otaqdan çıxdı. Biz təbii ki, Abdulheylə kekebe haqda danışacaqdıq. Ancaq burda bir şey var idi ki, hamı lap qabaqcadan kinonun məzmunundan mənim və Abdulheyin kekebedə işlədiyimizi bilirdilər. Biz söhbətə başladıq.
Abdulhey:
—Doğu bəy seninle konuşmak istiyor—dedi.
—Kim, Doğu bəy?
—Bizim mahalledeki Nazim dayı yokmu, o işde.
—Ne imiş konuşucağı şeyler?
—Seninle Kıbrıs, Karabağmı-nemi bilemedim, ben anlayamıyorum siyaseti, ne ise, işde o meseleden konuşucakmış. Senin Polat Alemdar olduğunu Mematidən öyrenmiş ve o da bize katılmak istiyor.
Nazim dayını tanıyırdım, uşaq fikirlərimə hörmət bəsləyəcəyini, bizə doğrunu öyrədəcəkini bilirdim. Nazim dayını bu işə cəlb edənin Memati olduğu ürəyimə dammışdı. Tez tapançamı qurşağıma keçirib yola düzəldim.
Həyətə düşəndə gördüm ki, Doğu bəy — Nazim dayı öz daxmasının içərisində oturub, damağına bir siqaret qoyub tüstülədir.
”Doğu bəy” məhəllənin ən qoca sakini idi. O, bizə həmişə keçmişdə olmuş hadisələrindən danışar, maraqlı söhbətlər edərdi.
Məhəllənin hər yerini əlinin içi kimi tanıyırdı. Görüb-götürmüş adamdı. Yaşlı olmasına baxmayaraq bütün günü qəzetlər əlindən düşməzdi. Siyasətdən, tarixdən yaxşı başı çıxardı.
Əvvəllər hansısa partiyanın üzvü olmuşdu. Sonra nə səbəbəsə üzvlükdən çıxmışdı. İndi isə maşın dayanacağının qaravulçusu idi. Gecə yarıya qədər maşınları qoruyar, əvəzində çox az maaş alardı.
Onun həmişə kefi kök olardı. Düzdür, arabir uşaqlar maşınların yanında futbol oynayanda onların üzünə təpinər, gedib bir az aralıda oynamalarını istəyərdi.
Doğu bəy hirslənsə də həmişə uşaqların futbol oynamasına icazə verər, sadəcə diqqətli olmalarını, topu maşına vurmamalarını tapşırardı.
Deyilənə görə, Doğu bəy Qarabağ muharibəsində olmuşdu. Onu deyirdi ki, atası Böyük Vətən müharibəsində vuruşub. Ancaq atası müharibədə həlak olmamış, qəflətən infarkdan keçinmişdi.
Doğu bəy bir gün bizə rəhmətlik atasının söylədiyi əhvalatı nağıl eləmişdi. Onun dediyinə görə, ruslarla azərbaycanlılar almanlara hücum edərkən almanlar üç nəfəri əsir götürübmüş.
Doğu bəyin atası da o əsirlərdən biriymiş. Hava qaralanana qədər bunlar yol gediblərmiş. Nəhayət, onlar bir meşəliyə çatanda Doğu bəyin atası faşistin belindəki naqanı ona hiss etdirmədən almış və cəld atəş açıb üçünü də öldürmüşdü.
Doğu bəy bu hadisəni bizə o qədər danışmışdı ki, uşaqların çoxu bunu əla qiymət aldığı dərs kimi əzbər bilirdi.
Özü də Doğu bəy hadisəni elə nağıl edirdi ki, elə bil bu hadisə atasının yox, özünün başına gəlmişdi.
Doğu bəyin silahı da vardı. Həmişə onu gödəkçəsinin altından asardı. Bu silah bizimki kimi oyuncaq deyildi, həqiqi bir tapança idi.
Dediyinə görə, onu əsir aldıqları bir erməninin belindən açıb yadigar olaraq saxlayıbmış. Doğu bəy müharibədən dönəndə niyyət edibmiş ki, bu silahı bir gün oğlu olarsa ona versin. Ancaq çox təəssüf ki, Allah ona oğul yerinə iki qız vermişdi və indi onun qızları yanından uçub getmiş, hərəsi başqa bir oğlanla evlənərək yurd-yuva sahibi olmuşdular.
Doğu bəyin nəvələrinin olub-olmaması haqqında heç nə bilmirdik. O, özü də bu barədə danışmazdı. Oğlunun olmamasını ürəyinə salmaz, üzdə özünü tox tutar, bizə “siz hamınız mənim oğlumsunuz” — deyərdi.
Doğu bəy çox vaxt uşaqları başına yığar, onları dərslə bağlı sual-cavaba tutardı. Əsas da tarixdən sual verərdi.
Çünki tarixi əla bilərdi. Dərs kitablarındakı kimi tarixi eləcə üzdən yox, dərindən bilməsi bizi heyrətlən-dirərdi.
Hansı hökmdar barədə soruşsaq onun haqqında uzun-uzadı danışar, kitablarda olmayan bir çox mətləblərdən bizi halı eləyərdi. Ən sevdiyi dövlət adamları əsasən türk sultanları və xaqanları idi. Atillanın, Çingiz xanın, Əmir Teymurun, Alparslanın adı dilindən düşməzdi. Ən çox da Osmanlılara heyrandı.
O, hökmdarların şəcərəsini, o dövrdəki hadisələri çox yaxşı bilər və hər hökmdar haqda rəvayətlər, əhvalatlar, lətifələr söyləyərdi. Doğu bəy tez-tez uşaqlara:
—Müəllimələrin səhfini tutun, qorxmayın. Ağıllı insanın qabağını heç nə kəsə bilməz. — deməyi sevərdi.
Doğu bəy çox millətçi idi. Tarixdə olmuş millətçilərin hamısının adını tanıyırdı. Ərinmədən uşaqlara onlardan uzun-uzadı danışar, həyatlarından maraqlı əhvalatlar nəql edərdi.
Uşaqlara həmin şəxslərin adlarını yadda saxlamağı, böyüyəndə onlarla yaxından maraqlanmağı tapşırardı.
Ancaq Doğu bəyin bu cür söhbətləri uşaqların hamısının marağına səbəb olmaz, buna görə də onun yanına gəlməkdən qaçardılar. Çünki dərslərini güc-bəla ilə oxuduqlarından belə dərin söhbətlərə heç biri hazır deyildi.
Doğu bəy həmişə onlardan soruşardı ki:
—Millətiniz nədi?
Uşaqlar bir ağızdan:
—Azərbaycanlı. — deyərdi.
Bunu eşidəndə Doğu bəy hirslənərdi. Onun hirslənməsi nadir hallarda olurdu və əsasən də belə şeylərdən əsəbləşərdi.
—Ə, it uşağı, it, niyə millətinizi danırsız? Neçə dəfə demək olar ki, siz türksüz? Babalarımız da — Əmir Teymur, Fatih Sultan Mehmet, Şah İsmayıl Xətai, Altun, Qızıl Arslan, Eldəniz, Atilla, Mete — bir sözlə, türklərdir. Bizim damarlarımızda onların qanı axır. Düşüncəmiz də onlarınkı kimi olmalıdır. Türk milləti böyük tarixə malikdir. Böyük bir əraziyə yayılıb. Həmişə at belində, qılınc əllərində döyüşmüş, hər millətə qismət olmayan neçə-neçə dövlətlər yaratmışlar. Türk ancaq döyüşdə ölməlidi. Ancaq indi siz səy-səy danışırsız ki, azərbaycanlıyıq. Uşaqlar, bunu beyninizin bir yerinə yazın, bizim millətimiz türkdür. Vətənimiz, ölkəmiz Azərbaycandır. Azərbaycan deyilən millət yoxdur. Sizdən soruşsalar ki, haralısan, onda deyin ki, Azərbaycanlıyam. Ancaq soruşanda ki, millətiniz nədi, onda deyin türk. Heç kimdən də qorxmayın. Milliyyətini, tarixi bilməyən, bu gününü, sabahını da bilməz. Bu biabırçılıqdı.
—Nazim dayı, bunu bizə müəlimələrimiz öyrədib axı. — Uşaqlardan biri belə deyəndə Doğu bəy yenə hirslənərdi:
—Məlilmləriniz də sarsaqdı. Savadsızdılar. Onlar hamısı bilir, nə millətidilər, amma yuxarılar onlara deyiblər ki, uşaqlara öyrədin ki, kim millətini soruşanda desinlər, biz azərbaycanlıyıq. Yaltaqlar! Milləti həmişə kütləşdirillər. Televizora baxırsız, bütün kanallarda əksik-üksük adamlar çıxıb dalını oynadır. Budu millət?!Qəsdən belələrini irəli salıblar ki, sizi küttəşdirə, beyininizin inkişafına mane olalar. O sarsaq, ağıla bir şey verməyən musiqilərə də qulaq asmayın. Ondansa gedin kitab oxuyun.
Doğu bəyin bu sözündən sonra uşaqlar həmişə ordan yavaş-yavaş uzaqlaşardılar.
Mən Doğu bəyin daxmasının qapısını aralayıb dedim:
—Salam Nazim dayı, e bağışdayın, Doğu bəy.
—Salam, bala, salam.
İçəri keçməyimnən Doğu bəyin danışmağı bir oldu. Uzun-uzadı düz bir saat siyasətdən danışdı, bir çox şeylərdən gileyləndi, söhbəti hərləyib-fırlayıb Qarabağın üstünə gətirdi.
—Sülh-zad yaramaz, dua ilə donuz darıdan çıxmaz, gərək müharibə ola. Başqa yolu yoxdu. Qarabağın açarı dənizə atılıb, onu çıxartmaq isə asan deyil. Ancaq mümkünsüz də deyil. Mütləq alacağıq, nə olur-olsun, Qarabağ bizimdi və bizdən başqa heç kimin də olmayacaq. Türkiyə bizə kömək etməlidi. Ancaq onların da başı qarışıb. Bir tərəfədən Amerika, bir tərəfdən Fransa deyir ki, ermənilərə guya türklər soyqırım törədib. . .
Nə isə, Doğu bəyin ağzı qızışdıqca bütün dünya problemlərini bir-birinə qatdı. Siyasətdən qurtaran kimi şou-biznesə keçdi. Bu onun söyər yeriydi. Televizorda göstərilənlərin cəmdəyinə döşədi.
Hava qaralanda mən Doğu bəydən icazə alıb evə getdim.
***
O gündən başlayaraq artıq hər gün mən beləcə Doğu bəyin yanına gedir, o da mənə siyasətdən danışardı. Hər dəfə mən daxmadan çıxanda üzümə diqqətlə baxar, “Ə, nə təhər Polata oxşuyursan”, — sonra da əlini sinəsinə vurub “eyvallah” — deyərdi.
Mən də ordan çıxandan sonra ya Mematinin yanına gedər, ya da məkandakı kreslomda oturub fikirə dalardım. Memati də hər dəfə bir-iki uşaq gətirər:
—Usta, bunlar şerefsiz, ses salıp konşuları rahatsız ediyorlar. — deyərdi. Mən həmişə bu sözdən sonra bilirdim ki, Memati deyəcək ki, “Sıkımmı, kafasına, usta?”.
Bunu bildiyimdən həmişə Mematini başımdan eləmək üçün o fikrini tamamlamamış: “Sık kafasına” – deyərdim. Memati də dediyimi tez yerinə yetirər, uşaqların başına silahı dirəyib tətiyi çəkərdi. Tapança şarikli olsa da uşaqlar elə bağırardılar ki, elə bil, Memati həqiqi tapança ilə onları vurur. Memati onların bağırdığını görüb yenə Anadolu ləhçəsi ilə:
—Ulan, şerefsizler, şerefsizlik yaparken bunu hiç düşünüyormu-dunuz? Karı gibi ne bağırıyorsunuz?— deyər, uşaqların qolundan tutub bir-bir bayıra tullayardı və hər dəfə də uşaqlar gedib bizi analarına ispiyonlayardılar.
***
O biri məhəllənin uşaqlarının da bir dəstə qurduğunu eşitdik. Həmişə onlar da bizim kimi qurşaqlarına silah keçirib gəzir, öz məhəllə uşaqlarını vurardılar.
Mən “örgüt” yaratdığını eşidən kimi Mematiyə dedim ki, bunlar bizim düşmənlərimizdir, onlar yazıq uşaqları vururlar, özü də bizim kimi yalandan yox, doğrudan.
Mənim bu sözümdən sonra Memati başını aşağı salladı və cavab vermədi. Biz o gündən qonşu məhəllənin uşaqları ilə düşmən kəsildik, bir-birimizi harda görsək qurşağımızdakı tapançaları çıxarıb “atışırdıq”.
Onlardan birini bir gün döyüş zamanı tutmuşduq. Həmin uşağa necə var işgəncə verdik. Təbii ki, yalandan. Ancaq əllərini, ayaqlarını bağlamışdıq və kinodakı kimi hərdən bir də Memati ona sillə vururdu. Biz onu bir az əsir saxlayandan sonra uşağı buraxdıq.
Sabahsı gün eşitdim ki, məhəlləmizin bir dəstə uşağı yığışıb özlərinə “kuruq” düzəldiblər.
Onların dəstəsi kinodakı “örgüt” kimi bir şey idi. Ancaq bizim kimi elə-belə yox, həqiqətən pis işlərlə məşğul olurdılar. Onlar üstlərində bıçaq gəzdirir, qonşu məhəllənin uşaqları ilə əməlli-başlı döyüşürdülər. Çox vaxt bizə sataşar, deyərdilər ki:
—Ə, qaqalar, çaşmayın, bu saat sizi şoşkalıyarıq.
Onlardan yaşça kiçik olduğumuza görə biz heç nə demir, susurduq. Həmin uşaqlar bizim oyuncaq tapança ilə oynadığımıza lağ edir, hərdən silahlarımızı əlimizdən alıb bizi vurar, şit-şit zarafatlar edərdilər.
Onlara qoşulmaq istəsək də sonra öyrəndik ki, bu dəstəyə qoşulmaq üçün gərək siqaret çəkəsən. Bizim heç birimiz isə bu vaxda qədər siqaretin nə olduğunu bilmir, nə də bilmək istəmirdik.
Ona görə də onlara qoşulmaq fikrindən bir dəfəlik əl çəkdik.
***
Yay qurtaranda bizim dəstədəki uşaqlar müəllim yanına hazırlığa gedəcəklərini bildirdilər.
Artıq bir yerə yığılmağımız və tapançayla gəzməyimiz mümkünsüz idi. Buna görə də dəstəni üç aydan sonra dağıtmağa məcbur olduq.
Məkandakı kresloları bərbərə qaytardıq, ancaq silahlarımızı anamız pəncərədən çölə fırıldatmayana qədər atmadıq. Hər kəs tapançalarını evlərində gizlədir, daha onunla bayıra çıxmırdı. Çünki artıq dərslərin başlanmasına az qalmışdı.
O biri tərəfdən isə qonşu arvadların bizdən şikayəti bitib-tükənmək bilmirdi. Hər axşam danlanmaqdan və atamız tərəfindən qulağımız çəkilməkdən bezmişdik.
Biz dəstəmizi dağıtsaq da ötən yayın şirin oyununu heç vaxt unutmadıq və bu dəstə artıq olmasa da mən yenə özümü Polat Alemdar kimi hiss edirdim. Fikrimdə hər gün vadidə idim, hər gün hansısa bir əclafdan intiqam alırdım.
Bu vadinin qaranlığı daha məni qorxutmurdu. Hiss edirdim ki, hər şeyi görürəm.
Bilirdim ki, haradasa bu qaranlığın sonu var. Bu vadidə qurdlar çoxdu, ancaq arabir çaqqallara da rast gəlinirdi. Mən indidən nifrətimi itiləyirdim ki, o heç vaxt kəsərdən düşməsin.
Mən güzgüdə özümə baxıram. Üzüm də, içim də Polat Alemdar. Qarşıdansa yay gəlir.
Dəstəni yenidən toplamaq lazımdı. Qurşaqğımızdakı tapançaları çıxarmaq və vadidəki çaqqallara sıxmağın da artıq vaxtı yetişib.