Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:21

Ay süvarisi döyüşçü deyilmiş!.. Heç qılıncı da yoxmuş!


«Uşaqlığımda dağların üstündə ay görürdüm və elə bilirdim ki, mən Ayın uşağıyam»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan şair və rəssam Adil Mirseyid söylədi.

AYDA AT ÇAPAN OĞLAN...

Yenicə çapdan çıxmış «Ay süvarisi» şeirlər kitabının müəllifinin sözlərinə görə, Ayla onun arasında mistik bir yaxınlıq var: «Uşaqlıqda dağ görməyə-görməyə onun şəklini çəkirdim. Dağları görəndən sonra pəncərədə oturub dağın üstündəki Aya baxırdım. Elə bilirdim Ayda at çapıram. Tənhalıq, yuxusuzluq, qəfil qorxu gəlirdi mənə. Sonra başa düşdüm ki, həmin ovqat Ay bədirlənəndə olur məndə. İndi də, o ovqatı yaşayıram».

AY MƏNİM VƏTƏNİMDİR

Zaman- zaman müxtəlif ovqatlarda, müxtəlif yazılarda Ay süvarisi mövzusuna üz tutan Adil Mirseyid: «Rəssamlıqda da Ay süvarisi mövzusunu işləmişəm. Əslində, həm şeir yazmaq, həm də rəsm çəkmək poeziyadır. Ay mənim üçün qalaktikada olan bir cisim deyil, elə bil ki, həm də, Vətəndir. Hərdən onun qəribçiliyini çəkirəm. Ay bəzən adama gülümsəyir, bəzən lal olur, bəzən də, adamı heç tanımır. Halbuki sənin ən yaxın dostun idi. Bir də, mənəviyyatımız ayla bağlıdır- elə şaman vaxtından. Və nəhayət, adam sevəndə də Aya bağlanır. Bax, mən beləcə Ayşünas oldum».

Ay süvarisi kitabı
BÜTÜN ATLILAR ADAM ÖLDÜRMÜR Kİ?

Rəssamlıq təhsili almasaydı, rəsm çəkmək qabiliyyəti olmasaydı, yəqin ki, musiqiçi- cazmen olacağını, ya da mineral daşlar axtaran geoloq peşəsini seçəcəyini deyən Adil Mirseyid yenə də mütləq şair olacağını bildirdi: «Amma heç vaxt döyüşçü olmazdım. Çünki içimdə döyüşçü yoxdur».
Aparıcının: «Bəs elə isə niyə özünüzü Ay süvarisi adlandırırsınız»- sualı belə cavablandı: «Bütün atlılar adam öldürmür ki? Mənim süvarim döyüşçü deyil. Heç qılıncı da yoxdur».

İNSANLAR AYA TƏRƏF GETMİRLƏR...

Adil Mirseyidin fikrincə, onun Ay süvarisi mənəviyyatın tərəfindədir: «Bir şerim var- Ay sonatası- orada deyirəm: Ay gedir ürəyim düşür əlimdən. Ay gedir, dönərmi-dönməzmi, bilməm? Ay gedir, sönərmi-sönməzmi, bilməm? Yəni mən həmişə səksəkədə qalmışam. Ay gedir və insanlar Aya tərəf getmirlər. Şeytana, iblisə tərəf gedirlər... Amma mən istərdim insanlar Aya tərəf getsinlər...»

- Adil Mirseyid daha nə istəyir?
- Şair niyə nöqtə-vergülsüz yazırsan—deyənlərə nə cavab verdi?
- «Ay süvarisi» şeirini şairin öz dilindən eşitmək istərdinizmi?


«Can Bakı» qarşınızdadır. Dinləyin.

XS
SM
MD
LG