Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Naxçıvanlı sürücülərin aksiyası, Bulvarda dava-dalaşlı əyləncə və...


Mətbuat icmalı
Mətbuat icmalı
«NAXÇIVANLILAR HÖKUMƏTİ HƏDƏLƏDİLƏR» başlıqlı məqalə «Azadlıq» qəzetinin 21 iyun sayında çıxıb.

Qəzet yazır ki, 50-dən artıq naxçıvanlı sürücü iyunun 20-də Hökumət Evinin qarşısında etiraz aksiyası keçirib. «Kamaz» markalı maşınlarla Naxçıvana yanacaq daşıyan sürücülər Biləsuvar gömrük-keçid məntəqəsində üzləşdikləri bürokratik əngəllərə etiraz edirdilər.

Qəzet yazır ki, Baş nazirin şəxsən özü ilə görüş tələb edən şikayətçilər mühafizəçilərin müdaxiləsi ilə üzləşdilər. Mühafizəçilər onları mitinq keçirməkdə ittiham edərək qovmaq istədikdə, sürücülər aksiya keçirmədiklərini, dərdlərinə əlac üçün bura gəldiklərini bildirdilər:

«Biz Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Seçdiyimiz hökumətdən kömək istəyirik. Niyə görə burada sözümüzü deməməliyik ki...».

Qısa qarşıdurmadan sonra sürücülərin nümayəndə heyəti danışığa cəlb edildi. Şikayətçilər «Azadlıq»la da problemlərini bölüşdülər. Onlar deyir ki, Biləsuvar gömrük-keçid məntəqəsində Muxtar Respublikaya iyunun 1-dən yanacaq aparmağa imkan vermirlər. 700-dən artıq sürücünün bu işlə məşğul olduğu deyilir. Hazırda 100-dək maşın 20 gündür gömrükdə gözləyir...

«BULVARDA PULSUZ, AMMA DAVA-DALAŞLI ƏYLƏNCƏ». «Yeni Müsavat» qəzeti yazır ki, yaşı 15-ə qədər olan uşaqlar səhər saat 09:00-dan 12:00-dək bir qəpik də pul ödəmədən karusellərə minib doyunca əyləndilər:

«Attraksionların ətrafında toplaşan uşaqlar və valideynlər arasında isə böyük izdiham yaşanırdı. Karusellərdən havayı istifadə vaxtı cəmi 3 saat olduğu üçün hər kəs öz uşağını qabağa salmaq, attraksionlara lap birinci mindirməyə çalışırdı. Bəzi valideynlər isə uşaqlarını bir karuselə bir neçə dəfə minməsi üçün israr edirdi. Nəticədə valideynlər arasında narazılıq yaranır, mübahisə dalaşmaq həddinə qədər də çatırdı. Karusellərə nəzarət edən şəxslər isə «bizim burda heç bir qazancımız yoxdu» deyərək yaranan mübahisələri yatırmaq üçün vəziyyətə müdaxilə etmirdilər…».

«Yeni Azərbaycan» qəzetində «YAP-IN GÜCÜ AZƏRBAYCAN XALQINA SƏDAQƏTLƏ XİDMƏT ETMƏSİNDƏDİR» başlıqlı məqalə dərc olunub.

Qəzet yazır ki, «Azərbaycanın tanınmış sənət adamlarının, mədəniyyət xadimlərinin daha bir qrupu Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulublar. Belə ki, əməkdar artistlər Gülyaz Məmmədova, Gülyanaq Məmmədova və Tünzalə Ağayeva, həmçinin Vəfa Rzayeva, Rəşad İlyasov, Azər Şabanov (Axşam), Ceyhun İsmayılov, Samir Dərgah və Rüfət Nəzərov Yeni Azərbaycan Partiyasına üzv olan növbəti sənətçilərdir».

YAP-ın qərargahında həmin sənət adamlarına partiyanın üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib. «Mərasimdə çıxış edən YAP sədrinin müavini - millət vəkili Əli Əhmədov sənət adamlarını partiyamıza üzv olmaları münasibətilə təbrik edib. O qeyd edib ki, çox hörmətli, dəyərli sənətçilərin partiyanın üzvlük vəsiqələrini alması həm onların, həm də YAP-ın həyatında əlamətdar hadisədir…».
XS
SM
MD
LG