Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:11

Azərbaycan uğursuzlar sırasında 63-cüdür


«Uğursuz ölkələr siyahısı»nda Azərbaycan bu il 63-cüdür. Amerikanın iki aparıcı politologiya institutu – «Foreign Policy» (Xarici Siyasət) jurnalı və Amerika Sülh Fondu (The Fund for Peace) ictimai təşkilatı növbəti, sayca yeddinci olan «Uğursuz ölkələrin sihayısı»nı (Failed States Index) tərtib edib. Ötən il 55-ci yerdə olan Azərbaycan bu il bir qədər irəliləyib.

177 ölkənin daxil olduğu «Uğursuz ölkələrin siyahısı» 12 sosial, iqtisadi və siyasi meyar əsasında hazırlanır. Bu meyarlara demoqrafik təzyiq, qaçqınların miqrasiyasi, narazı qrupların olması, insanların sabit və daimi miqrasiyası, qeyri-bərabər iqtisadi inkişaf, iqtisadi vəziyyətin pisləşməsi, qanunsuzluq, ictimai xidmətlərin keyfiyyətinin pisləşməsi, insan haqlarının pozulması, «dövlətdə dövlət» yaranması təhlükəsi, qrup və ya klan elitalarının güclənməsi və digər dövlətlərin müdaxiləsi kimi meyarlar aiddir.

ƏN UĞURSUZ SOMALİ, ƏN UĞURLU FİNLANDİYA

Bu reytinqi tərtib etmək üçün açıq mənbələrdə yerləşdirilmiş 10 minlərlə məqalə və materialı 12 meyar əsnasında saf-çürük edir və nəticədə hər ölkənin müəyyən balı toplanır. Uğursuz ölkələr daha çox bal toplamış olur və siyahıda önə çıxırlar.
Reytinq tərtibatçılarının fikrincə, bu il də dünyada ən az bacarıqlı dövlət Somalidir. Ötən il də Somali siyahının başında dayanırdı. Uğursuz ölkələr beşliyinə Çad, Sudan, Konqo və Haiti aiddir. Finlandiya başda olmaqla Norveç, İsveç, İsveçrə və Danimarka isə ən əlverişli və sabit ölkə olmaqla «Uğursuz ölkələr siyahısı»nda sonuncudurlar.

Qubad İbadoğlu

AZƏRBAYCANI GERİDƏ QOYAN AMİLLƏR

Qonşulara gəlincə, Rusiyada vəziyyət az da olsa yaxşılaşıb, ötən ilki 80-ci yerindən bu il 82-yə qalxıb, Gürcüstan da eynilə, ötən ilki 37-ci yerindən bu il 47-yə qalxıb. Türkiyədə vəziyyət daha yaxşıdır, 104-cü yerdədir. Ermənistanda isə göstərici ötən ilki ilə eyni olsa da bu ölkə Azərbaycandan xeyli öndədir: 101-ci yer. Başqa sözlə, reytinq tərtibatçılarının gəldiyi qənaətə görə, Ermənistanda demoqrafik, siyasi, sosial və iqtisadi vəziyyət Azərbaycanla müqayisədə daha yaxşıdır.

Ekspert Qubad İbadoğlu Ermənistanın siyahıda tutduğu yerlə, başqa sözlə, bu ölkənin nəinki Azərbaycan, hətta Rusiyadan da önə keçməsi ilə razılaşmır.

Azərbaycana gəlincə hesab edir ki, ölkəni bu reytinqdə geridə qoyan əsas səbəb Azərbaycanda demokratik, hüquq institutlarının, iqtisadi mədəniyyətin olmamasıdır:
«Bundan başqa ölkədə müəyyən monopol qrupların, inhisarçılığın olması, neft gəlirlərinin ədalətli bölünməməsi, iqtisadiyyatda reformaların aparılmaması səbəbindən ictimai xidmətlərin hələ də dövlət tərəfindən həyata keçirilməsi Azərbaycanın uğursuz ölkələr siyahısında yaxşı yer tutmasına mane olur».
«Foreign Policy» jurnalı və Amerika Sülh Fondunun tərtib etdiyi «Uğursuz ölkələr siyahısı» 2005-ci ildən hazırlanır. Məqsədi dünya ölkələrində siyasi, demoqrafik, iqtisadi və sosial vəziyyəti, o cümlədən hakimiyyətin öz dövlətini idarə etmək bacarığını təhlil etmək, qiymətləndirməkdir.
XS
SM
MD
LG