Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Dahi fırıldaqçı


Babək Yusifoğlu
Babək Yusifoğlu
Babək YUSİFOĞLU


Zaman-zaman Yer üzünə gəlmiş böyük istedad sahiblərinin, qeyri-adi bacarığa malik insanların heç də hamısı bəşəriyyətin inkişafı, bədii zövqünün formalaşması, elm və texnikanın tərəqqisi, mənəvi dəyərlərin zənginləşməsi... üçün çalışmayıblar.

Onların sırasında bütün bu məqsədlərin əksinə xidmət göstərənlərin də kifayət qədər olduğu heç kim üçün sirr deyil.

Qəribədir, Uca Tanrının mükafatlandırdığı belə qeyri-adi zəka sahibləri nəyə xidmət göstərdiklərindən asılı olmayaraq bəşəriyyət tarixinin yaddaşına köcmüşlər.

İnsanlara fəlakət gətirən dəhşətli müharibələrin, kimyəvi silahların, atomun nələr törətdiyini hər kəs yaxşı bilir.

Bəşəriyyətin mövcud olması, yaşaması üçün vacib olan hər bir şeyin nə hala salındığını indi müasir oxucuya sadalamağa ehtiyac yoxdur.

Maraqlıdır, cəmiyyətin normal həyat sürməsi, inkişafı üçün nə qədər qanunlar yazılıbsa, bir o qədər də həmin qanunları ayaqlar altına atanlar olub.

Ədalət, qanunlar nə qədər qorunubsa, bir o qədər də onları heçə sayanlar tapılıb.

Qanunların müdafiəsi, qanunlara nəzarət üçün necə, nə qədər orqanlar, şəbəkələr, mütəxəssislər yaradılsa da, hər kəsə zərər verəcək əməllərin qarşısının alınmasından ötrü çeşidli vasitələr, cəza növləri tətbiq edilsə də bunları aşanlar mövcud olub. Bəlkə də bu bildiyimiz dealektikanın qanunu, həyatın özüdür.

Müdrik insanların dediyi kimi xeyirlə şərin əbədi mübarizəsi kimi...

Yəqin ki, o da bacarığını doğru yola, doğru istiqamətə yönəltsəydi insanlığa inanılmaz töhfələr verə bilərdi.

Amma təəssüf ki, belə olmadı. Viktor Lustiq adını məşhurlaşdırdı, tarixə yazdı, lakin dahi bir fırıldaqçı kimi.

İŞİNDƏ O, "QRAF" YOX, "KRAL" İDİ LUSTİQ

O, Yer üzünə gəlmiş fırıldaqçıların, əməlbazların ən bacarıqlısı, ən istedadlısı, qeyri-adisi olub.

Heç kim hələ indiyədək Viktor Lustiqin fırıldaqçılıq "rekordunu" nəinki təzələyə, heç ona yaxınlaşa bilməyib.

1890-cı ildə Çexiyanın Boqem şəhərində adi bir ailədə dünyaya gələn bu fitri istedad hələ uşaqlıqdan başqalarından çox fərqlənirdi.


Bununla əlaqədar təkcə onu demək kifayətdir ki, yeniyetmə orta məktəbi bitirəndə artıq öz ana dilindən başqa dünyanın böyük dillərindən hesab olunan - ingiliscə, fransızca, almanca, italyanca əla danışmağı öyrənmişdi.

Dərslərini yüksək səviyyədə oxumaq imkanında olsa da Viktor təhsilə meyl salmadı. Onun elmdən zəhləsi gedirdi.

Böyük maraq göstərdiyi iki şey var idi - oyun və pul. Bir də qadınları xoşlayırdı.

Hətta 19 yaşında olarkən bir qız üstündə möhkəm davaya düşmüşdü və bu dalaşmadan Lustiqə sol gözünün yanından qulağının sırğalığınadək uzanan bir çapıq yadigar qalmışdı.

Artıq erkən yaşlarındaca bəzi nüanslar deməyə əsas verirdi ki, bu gəncin həyat yolu hansı istiqamətə meyillənib.

Çünki orta məktəbi bitirəndən az sonra bəzi əməllərinə görə Viktor həbsə düşdü və uzun müddətə olmasa da türmədə "oturdu". Amma onun istəkləri tamam başqa idi.

Azadlığa çıxandan sonra ölkələri gəzməyə başladı. Kart oynamağı sevən Lustiq qısa müddətdə kart oyunlarının elə sirlərinə yiyələndi ki, artıq qumarın hesabına yaxşı pullar əldə etməyə başladı.

Onu da qeyd edim ki, o digər peşəkar qumarbazlardan fərqlənirdi.

Viktorun iti zəkası, qarşısındakına nüfuz etmək bacarığı, rəqibini inandırmaq qabiliyyəti ona işlərində çox üstünlüklər qazandırırdı. Bundan başqa, Lustiq digər həmkarları kimi kazinolarda, qumarxanalarda oturub münasib "müştəri" gözləmirdi.

O, bahalı, şiq geyimdə otellərdə, restoranlarda olur, müşahidələr aparır, qurbanını müəyyənləşdirir, tanışlıqlar yaradır, sonrasa hərəkətə keçirdi. Pullar onun cibinə axırdı.

PUL KƏSƏN APARAT VƏ "QRAF"...

İlk böyük "işi"ni həyata keçirəndə onun cəmi 20 yaşı var idi. Əslində çoxdan idi ki, daha tutarlı məbləğ qaznamaq haqqında düşünürdü.

Nəhayət tapdı. İnanmaq çətin olsa da Lustiq buna girişdi. O, 100 dollarlıq düzəldən yalançı bir aparat "icad" etdi.

Artıq qaranlıq dünyaya yaxşı bələd olan Viktor Lustiq ətrafa məlumat verdi ki, təcili pul lazım olduğu üçün özündə olan "pul kəsən" aparatı satmaq istəyir.

Və gözlədiyi effekti aldı. Müştəri üzə çıxdı.

Aparat haqqında alıcısına məlumat verən Lustiq bir əsginazın hazırlanması üçün 6 saat vaxt sərf olunduğunu da söylədi.

Doğrusu bu "6 saat" məsələsi "reklam" işinə, müştərilərin marağına ziyan versə də həmin zaman ona çox lazım olacaqdı.

Bütün variantlara hazır olan fırıldaqçı saxta "pul kəsən" maşını müştərinin gözləri önündə işə saldı və maşının necə gözəl işlədiyini nümayiş etdirməyə başladı.

Altı saat ötdü, aparata yerləşdirilmiş ağ kağızların arasına xəlvətcə qabaqcadan düzdüyü dollarlardan biri "çapdan" çıxdı.

Daha bir 6 saat, daha bir əskinas gəldi. İnanılmaz idi. Alıcı gəlir-çıxarını ölçüb-biçdi.

Əskinasların "düzəldilməsi" üçün xeyli vaxtın sərf edilməsinə baxmayaraq daim, fasiləsiz 100 dollar "istehsal" edən aparatı niyə almamalıydı ki?

Özü də həmin dövrdə 100 dolların dəyəri çox yüksək idi. Müştəri Lustiqin dediyi məbləği - 30 min dolları saydı, alış-veriş baş tutdu.

Və növbəti 12 saat ərzində alıcı daha iki əskinasın sevincini yaşasa da üçüncü 6 saatlıq müddət başa çatanda aparatdan yalnız ağ kağızların "istehsal" olunduğunu gördü. Amma artıq gec idi. Pulların "kəsilməsinə" sərf olunan həmin vaxt ərzində Lustiq çox uzaqlara gedə bilmişdi.

Lustiqin qumarla məşğul olduğu məkanlardan biri də transatlantik gəmilər idi. Dəfələrlə Amerikaya və geriyə səfər edən Viktor Lustiq cibi dolu, biclikdən bixəbər yolçulardakı pulların əsl qəniminə çevrilmişdi.

O artıq "Qraf" ləqəbini qazanmışdı. ABŞ-da tez-tez görünən və burada da özünün ağıllı fırıldaqlarını tətbiq edən "Qraf" bir neçə il ərzində dəfələrlə ədalət məhkəməsi önündə dayanmalı oldu, lakin hər dəfə də qısa müddətdən sonra azad edildi.

Qeyd edim ki, 1920-ci illərdən sonra Lustiqi təkcə ABŞ-da 50 dəfə tutmuşdular.

Hamısında da tutarlı sübutlar olmaması üzündən buraxmışdılar. Fırıldaq artıq "Qraf"ın xarakterinə çevrilmişdi.

Belə demək mümkünsə, o, insanları abdal, axmaq yerinə qoymaqdan, gülməli vəziyyətlərə salmaqdan zövq alırdı.

Lustiq belə düşünürdü ki, pul axmaqların cibindən mütləq ona layiq olanın cibinə keçməlidir.

TƏHLÜKƏLİ SÖVDƏLƏŞMƏ

Bir sıra hallarda "Qraf" təhlükəli fırıldaqlardan belə çəkinmirdi. Hətta hiss edirdi ki, məhz bu zaman o daha çox həzz alır.

Birləşmiş Ştatlarda adı məhşur olan, qaranlıq dünyanın imperatoru sayılan, qanqster Al Kaponeni də aldatmaq qərarına gəldi. Onda 1925-ci il idi.

"Qraf" hər kəsin, hətta dövlət məmurlarının belə çəkindiyi Al Kaponenin yanına gəldi və bildirdi ki, ona 60 günlüyünə 50 min dollar təcili pul lazımdı.

Söz verdi ki, 60 gününün tamamında həmin məbləğin iki qatını qaytaracaq.

Özünə və adına güvənən Al Kapone aldadılacağı təqdirdə "Qraf"ı nələr gözləyəcəyini xatırlatdı - "Bax, "Qraf", səndən xeyir gözləyirəm! - dedi və pulu Lustiqə verdi.

"Qraf"sa o 50 mindən müəyyən əməliyyatlar üçün istifadə edib xeyli pul qazandı və doğrudan da söz verdiyi günün tamamında 50 min dolları geri gətirdi. Al Kaponeyə bildirdi ki, polis onun əməliyyatını pozduğu üçün "işi" alınmayıb: "Mister Kapone, mənim səmimi üzrlərimi qəbul edin.

Mənim planlarım baş tutmadı, axmaq vəziyyətə düşdüm. Götürün, ser, bu qəpiyinəcən sizin pullarınızdı. Mən çox təəssüf edirəm".

Eyfel qülləsi

Pulları elə onun gözləri önündə sayıb 50 minin əskiksiz geri qaytarıldığına əmin olan Al Kapone əlavə qazanca əlini yelləyərək təəccüblə ona - Ay Allahım, sən nə qədər düzsən.

Əgər "əlin aşağı"dırsa götür bu pulu - dedi və Lustiqin cibinə 5 min dollar pul qoydu.

Bəlkə də böyük qanqster bu hərəkəti ilə səxavətli olduğunu nümayiş etdirmək istəmişdi.

Çünki rəhmsizlikdə ad çıxarmış Al ona qarşı belə hərəkətləri bağışlamırdı. Amma böyük fırıldaqçı onun yanından çıxanda artıq cibində 5 min dollar var idi. O zaman üçün bu da az sərvət sayılmırdı.

Həmin illər Lustiq bir neçə Bank və qiymətli kağızlar birjasında fırıldaq yolu ilə böyük pullar qazanmışdı. Və hiss edirdi ki, artıq buralardan getmək lazımdı.

Vaxt itirmədən Fransaya qayıdan Lustiq köməkçisi Den Kollinslə birgə işinə yarayacaq qeyri-adi "obyekt"i tapdı.

Pulları elə onun gözləri önündə sayıb 50 minin əskiksiz geri qaytarıldığına əmin olan Al Kapone əlavə qazanca əlini yelləyərək təəccüblə ona - Ay Allahım, sən nə qədər düzsən.

Əgər "əlin aşağı"dırsa götür bu pulu - dedi və Lustiqin cibinə 5 min dollar pul qoydu.

Bəlkə də böyük qanqster bu hərəkəti ilə səxavətli olduğunu nümayiş etdirmək istəmişdi.

Çünki rəhmsizlikdə ad çıxarmış Al ona qarşı belə hərəkətləri bağışlamırdı. Amma böyük fırıldaqçı onun yanından çıxanda artıq cibində 5 min dollar var idi. O zaman üçün bu da az sərvət sayılmırdı.

Həmin illər Lustiq bir neçə bank və qiymətli kağızlar birjasında fırıldaq yolu ilə böyük pullar qazanmışdı. Və hiss edirdi ki, artıq buralardan getmək lazımdı.

Vaxt itirmədən Fransaya qayıdan Lustiq köməkçisi Den Kollinslə birgə işinə yarayacaq qeyri-adi "obyekt"i tapdı.

ƏSRİN ƏN BÖYÜK FIRILDAQ İDEYASI...

Yağışlı mart səhərlərinin birində oteldən çıxan "Qraf" şəhərin hörmətli kafelərinin birinə gəldi, oturub kofe sifariş etdi.

Əslində indi nə edəcəyi haqda bir planı yox idi. Qəzet çıxarıb gözdən keçirməyə başladı. Hər şey darıxdırıcı görünürdü.

Qəzetdə oxuduqları da heç nəyə yaramırdı: yeknəsək siyasət, ucuz skandallar...

Və qəfildən bir xəbər nəzərlərini cəlb etdi - məşhur Eyfel qülləsi təmirə dayanır. Qəzet yazırdı ki, mütəxəssislər qüllənin təmiri alınmayacağı təqdirdə sökülməsini istəyirlər. Dahi fırıldaqçının beyni sürətlə işlədi.

Ağlına gələn yeni ideya "Qraf"ı o qədər ruhlandırdı ki, o özünün dəyişməz qaydalarını pozaraq bir qədəh araq sifariş verdi. (Səhərlər o heç vaxt spirtli içki qəbul etmirdi).

O, Eyfel qülləsini sata bilərdi. "Qraf" bu qeyri-adi "işi" etməliydi, çünki bu aralar Lustiqə böyük pullar lazım olacaqdı. Bəlkə də hər şey növbəti risqə görə həyəcan yaşamaq arzusuydu.

Hər halda qərar vermişdi.

Ertəsi gündən hərəkətə keçdi. Fırıldaqçı dövlətin yiksək çinli məmuru olması ilə bağlı saxta sənədlər hazırladı, öz adına etibarnamə-qramota düzəltdi. Sənədlərdə göstərilirdi ki, Lustiq poçt və teleqraf nazirinin müavinidir.

Bundan sonra metalların təkrar emalı ilə məşğul olan altı böyük müəssisənin sahiblərinə "rəsmi" məktub göndərərək onları Qüllənin sökülməsi ilə bağlı müzakirələrə dəvət etdi.

Yazışmalarında bildirilirdi ki, məsələnin ictimaiyyətdə ajiotaj yaratmaması üçün konfidensiallığa xüsusi olaraq riayət edilməlidir. Görüşlərin keçirilməsi üçün Parisin Yelisey sarayı yaxınlığındakı ən bahalı otellərin birini seçdi.

Hər şey gerçək kimi təşkil edilmişdi - sənədlərin hamısı dövlət blanklarında düzəldilmişdi.

Eyfel qülləsindən Paris mənzərəsi

Prosesin bütün ciddiyyəti və rəsmiyyəti yüksək şəkildə hazırlandığı üçün Poladtökmənin böyük maqnatlarında şübhə yeri saxlamırdı.

Onsuz da neçə gün idi ki, böyük qəzetlər Eyfelin taleyi ilə bağlı müxtəlif iddialardan bəhs edirdilər.

Bu da onun üçün inanılmaz "kozır" idi. Və heç kimin ağlına belə gətiməzdi ki, dünyanın ən hündür, ən məşhur qülləsini kimsə bu şəkildə sata bilər.

Kim buna inanardı ki? Özü də həmin dövrdə ideyanın özü də son dərəcə təbii görünürdü. Amma unudurdular ki, belə fırıldağın müəllifi böyük "Qraf"dır.

EYFEL QÜLLƏSİNİN SATILMASI

Lustiq qonaqlara inandırıcı şəkildə bəyan etdi ki, hökumət bir sıra səbəblər üzündən Eyfel qülləsinin mütəmadi olaraq təmiri, saxlanması və digər xərcləri üçün vəsait ayırmaq istəmir.

Buna görə də belə qərara gəlinib ki, Qüllə sökülməli və qapalı auksionda metallom kimi satılmalıdır. Bundan başqa, 1889-cu ildə ucaldılmış Qüllə 1925-ci ildə həqiqətən də çox baxımsız vəziyyətdə idi.

Bütün bunlardan savayı "Qraf" həm də "rəsmi dildə" hər kəsə "sübut" etdi ki, Eyfel Parisin mərkəzindəki ümumi, tarixi arxitekturaya qəti uyğun gəlmir. Lustiq biznesmenləri qabaqcadan kirayələdiyi lüks "Limuzin"də Qüllənini yanına gətirdi.

Təmir üçün hasara alınmış Eyfel qülləsinin yanında danışıqların növbəti mərhələsi aparıldı.

Lustiq orada bir daha hökumətin bütün bunları gizli şəkildə, medianın dilinə düşmədən başa çatdırılmasını istədiyini söylədi. Əslində təklif maqnatlar üçün inanılmaz dərəcə də şirinikləndirici idi. Çünki qurğuda çox münasib qiymətə minlərlə ton xüsusi polad vardı.

Start qiymət də baha deyildi. Əldə ediləcək qazancsa çox böyük olacaqdı.

"Qraf" gələnlər arasında artıq kimin daha tez tilova düşəcəyini müəyyən etmişdi. Andree Puasson ödəməyə hazır görünürdü.

Uğurun yaxında olduğunu sövq-təbii hiss edən Lustiq işgüzar dairədə hələ lazımınca hörmət qazanmayan, amma bundan ötrü çalışan Puassondan daha çox pul qoparmaq üçün onu da eyham vurdu ki, bu işi həyata keçirən nazir yalnız dövlətdən aldığı əmək haqqı ilə ailəsinin xərclərini ödəyə bilmir və əlavə gəlirə ehtiyacı var.

Və münasib şəxslər üçün bəzi "güzəştlər" nəzərdə tuta bilər. "Qraf"ın eyhamını anlayan və "iri" rüşvətəmeyilli daha bir dövlət məmuru ilə əlaqə quracağına, bu yolla daha irəli gedəcəyinə inanan Puasson artıq torda idi.

Qısa müddətə tender də baş tutdu. Lustiq Qüllənin sökülüb daşınması üçün hazıladığı saxta lisenziyanı qalibə təqdim etdi və əvəzində 50 minlik çeki və nazirin adına aldığı əlavə rüşvəti alıb "qeyb" oldu.

Vaxt itirmədən - ertəsi gün işə başlamağa göndərilən işçi briqadasını mühafizə qülləni sökməyə buraxmadı.

Və məsələ aydınlaşandan sonra məlum oldu ki, maqnat çox böyük məbləğdə aldadılıb. Lustiq isə bankdan həmin məbləği artıq almışdı, katibliklə birlikdə çamadanla dolu pulla Vyanaya qaçmışdı.

Pis vəziyyətə düşən Puasson isə işgüzar aləmdə beləcə axmaq yerinə qoyulduğunun, böyük məbləğdə aldadıldığının üzə çıxmasını istəmədiyinə görə məsələni açıb-ağartmağa cəhd etmədi.

EYFEL FIRILDAĞININ TƏKRARI VƏ "QRAF"IN SONU

Bu hadisədən bir müddət sonra Lustiq Avropadan Birləşmiş Ştatlara getdi. Orada xeyli yaşadıqdan sonra yenidən Avropaya qayıtdı.

Onda 30-cu illərin ortalarıydı. "Qraf" yenə böyük iş görmək istəyində idi.

Və çox maraqlıdır ki, vəziyyəti dəqiq dəyərləndirməyi bacaran, bir növ buna adət etmiş Lustiq yenidən Eyfel qülləsini satmaq üçün hərəkətə keçdi.

O zamanlar Avropanın metala çox ehtiyacı olduğunu Lustiq çox gözəl bilirdi.

Və bu hadisənin artıq bir dəfə baş verdiyinə baxmayaraq o yenidən bu qeyri-adi "alveri" bacardı, qülləyə bu dəfə 75 min dollar qiymət qoydu. Amma fırıldağın qurbanı ən son məqamda hər şeyi anladı və polisə xəbər verdi. Aləm bir-birinə qarışdı...

O isə Eyfeli iki dəfə satan adam kimi məşhurlaşdı.

Lakin onun Avropada vəziyyəti çətinləşmişdi. Yenidən ABŞ-a qayıdan "Qraf" öz işlərini burada yenidən davam etdirməyə girişdi.

Ən çox da saxta pul "iş"iylə məşğul olurdu. Amma heç kəs səhvlərdən sığortalanmış deyil, Lustiq də eləcə. 1935-ci ildə o, həbs edildi.

Lakin türmədə oturmağı düşünmürdü. Və bu qeyri-adi fırıldaqçı məhkəməyə bir gün qalmış Nyu-Yorkun federal türməsindən də qaçmağı bacardı. Hər yerdə onu axtarırdılar.

Gizlənmək, ölkəni tərk etmək son dərəcə çətinləşmişdi. Bütün bunlara baxmayaraq Pitsburqa gəlməyi bacaran Viktor Lustiq aradan çıxacağına inanırdı.

Lakin bu olmadı, o, 27 gündən sonra ələ keçirildi. Məhkəmədə özünün günahlarını etiraf edən Lustiq saxta pul düzəltdiyi üçün 15, türmədən qaçdığı üçün 5 il (20 il) cəza aldı.

Və bu dəfə onun bacarığı, imkanları nəzərə alındığı üçün onu ABŞ-ın Kaliforniyadakı ən məşhur türməsinə - Alkatrasa göndərdilər. Orada 10 ildən çox türmə həyatı yaşadı.

Amma yaşlanmış və zəifləmiş orqanizmi Alkatrasın məşəqqətlərinə tab gətirmədi, xətələndi.

Ağır pnevmoniya dioqnozu ilə Lustiqi türmənin Sprinqfild şəhərindəki xəstəxanasına yerləşdirdilər. Viktor Lustiqsə xəstəliyə qalib gələ bilmədi.

Bütün dövrlərin ən nəhəng fırıldaqçısı sayılan, "Qraf" adını qazansa da əslində öz işinin "kral"ı olan Viktor Lustiq 1947-ci il martın 9-da türmə xəstəxanasındaca öldü, onu ümumi məzarlıqda da dəfn etdilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG