Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:16

Rafael Gülməmmədov: “Ala bilməsəniz də, gəlin, baxın!”


Rafael Gülməmmədov
Rafael Gülməmmədov

“Bizdə intellektual əməyə tələbat, ehtiyac çox aşağıdır” - bu sözləri AzadlıqRadiosunun “Can Bakı” proqramına “Yeni Qaleri” Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədov tanınmış rəssamların satış sərgisi barədə danışarkən söylədi.

BAXMAQ, ALMAQ İSTƏYƏNLƏR GƏLSİN

Sərgidə həm klassik, həm də indi fəaliyyətdə olan rəssamların iştirak etdiyini deyən Rafael Gülməmmədov ayın 14-dən ekspozisiyanın açıq olduğunu bildirdi: “Hər yay qalereyanın ekspozisiyasını təzələyirik və payızda keçiriləcək növbəti sərgiyə qədər bu ekspozisiya nümayiş olunur. Baxmaq, almaq istəyənlər gələ bilərlər”.

RƏSM ƏSƏRİ ALAN VARMI?

Aparıcının “Rəsm əsərlərini pulla almaq istəyənlər varmı”-sualını qonağımız belə cavabladı: “Desəm ki, yoxdur—düzgün olmaz. Bakı böyük meqapolisdir. Sənət əsərlərini alan, toplayan insanlar yox deyil. Amma bir qalereyaçı kimi, sənət əsərlərinin təbliğatı ilə məşğul olan bir şəxs kimi istərdim ki, kolleksiyaçıların sayı çox olsun”.

QALEREYALAR BARMAQLA SAYILACAQ QƏDƏRDİR

Rafael Gülməmmədov Bakının böyük şəhər olduğunu bir daha vurğuladı və “Meqapolis üçün tələbat çox aşağı səviyyədədir” - dedi - “Bakıda ətrafı ilə birlikdə 3 milyon adam yaşayırsa, şəhərdə sırf sənət əsərləri nümayiş etdirən, onun təbliğatı ilə məşğul olan qalereyalar barmaqla sayılacaq qədərdir. Bu onu göstərir ki, qalereyaçılıq iqtisadi baxımdan özünü doğrultmur. Amma onun varlığı şəhər üçün çox böyük işdir. Yəni onu saxlayanlar kifayət qədər vacib işlə məşğuldurlar”.

TƏLƏBAT AŞAĞI SƏVİYYƏDƏDİR

Qonağımızın fikrincə, bu intellektual səviyyə ilə bağlı məsələdir: “Təsviri sənətə tələbatın, marağın olmaması intellektual səviyyə ilə bağlıdır. İkinci tərəfdən, intellektual əməyin ehtiyac göstəricisinin aşağı olmasından irəli gəlir. Bizdə intellektual əməyə ehtiyac çox aşağıdır”.

KİMDİR GÜNAHKAR?

R.Gülməmmədovun fikrincə, bu işin onlardan asılı tərəfi savadlı piar kampaniyası təşkil etməkdir: “İkincisi bizdən asılı deyil. Eşidənlərin, bilənlərin, ictimaiyyətin təsviri sənətlə bağlı maraqlanmaq istəyinə bağlıdır. Axını təmin etmək, maraq dairəsini genişləndirmək insanların özündən asılıdır”.

KOLLEKSIYAÇILAR ADİ İNSANLAR DEYİL

Bütün dünyada kolleksiya toplayanların maddi imkanının yüksək olduğunu vurğulayan R. Gülməmmədov: “Bu, belə olub, belə də olacaq. Onlar orta təbəqə deyillər. Elələri çox olmur”- deyə əlavə etdi: “Söhbət təsviri sənətə - mədəniyyətə marağın, istəyin, ehtiyacın səviyyəsindən gedir. Mən istərdim ki, bu, yüksək olsun”.

ALA BİLMƏSƏNİZ DƏ...GƏLİN, BAXIN!

Rafael Gülməmmədov sərgidə Toğrul Nərimanbəyovun, mərhum rəssam Nadir Əbdürrəhmanovun, orta nəsildən Qəyyur Yunusun, Altay Sadıqzadənin, Tatyana Ağabəyovanın və b. əsərlərinin olduğunu söylədi: “Ala bilməsəniz də, gəlin, baxın” - dedi.

Rafael bəy qiymətlərdən danışmaq istəmədi: “Ona görə yox ki, sirdir. Ona görə ki, istənilən adam yerində öyrənə bilər”.
XS
SM
MD
LG