Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 08:03

Bakı-Ərdəbil-Təbriz (1-ci yazı)


İranda hara gedirdiksə, yaxış yağırdı
İranda hara gedirdiksə, yaxış yağırdı
İranın şimalına, azərbaycanlılar yaşayan ərazilərə bir neçə günlük səfərə çıxırdıq. Bakıdan İrana getmək üçün bir neçə nəqliyyat arasından taksini, marşrutdan isə Bakı-Biləsuvar yolunu seçirik.

Sürücümüz Ağa yolboyu öz şirin söhbətlərindən qalmır, gah Yasamalda yeni tikililərdə birinin hansısa mərtəbəsindən aldığı mənzilini tərifləyir, gah da müğənni qardaşının kaset buraxmasından ürək dolusu danışır. Hətta qardaşının el şənliklərdə oxunan mahnılarından ibarət kasetini də bizə eşitdirməyə tənbəllik etmir. Elə bu vaxt sanki bunların məntiqi sonluğuymuş kimi, sürücümüzün başının qızğın söhbətə qızışması səbəbindən qəflətən qarşıdan gələn maşınla toqquşuruq. Xoşbəxtlikdən nə bizə, nə də maşının içində oturan digər 2 şəxsə bir şey olmur, maşın da yüngül cızılır. Ancaq inadcıl sürücümüz 15-20 dəqiqəmizi mübahisəyə sərf edərək, nəhayət qəza törədən maşının sürücüsündən 30 manat alandan sonra geri dönür. Yolboyu deyinsə də, nəhayət 2 saat yarımdan sonra İranla Azərbaycanın Biləsuvardakı sərhəd-keçid məntəqəsinə çatırıq. Yaxamızı maqnitofondan gələn səsdən qurtarsaq da, yoldan qurtara bilmirik. Mənzilə yetişmək üçün təqribən 1000 km-ə qədər yol qət edib, 2 vilayətdən, 6 şəhərdən keçməli olacağıq.

BİLƏSUVAR SƏRHƏD KEÇİD MƏNTƏQƏSİ

Eşitdiyimə görə, son zamanlar sərhəddə uzun növbələr olur. Kimisi ziyarətə (deyilənə görə, İranda 500 mindən artıq irili-xırdalı ziyarətgah var), kimisi tibbi müayinəyə, kimisi istirahətə, kimisi isə meyvə-tərəvəz almağa gedir. Səhər saatlarında sərhədi keçməyə çalışanlar ancaq axşama yaxın o biri üzə keçir. Hərçənd, bəxtimizdən bizdən savayı cəmi 3-4 nəfər sərhədi keçməyə çalışır. Digər tərəfdən, sürücümüz Ağa da bizə yolda ikən hər ehtimala bir fənd öyrətmişdi. «İşdir gördünüz ki,
Ərdəbil bazarı
növbə var, camaatın sıx olduğu yerdə özünüzü xəstəliyə vurun, ah-uf eləyib, «həkimə gedirəm» deyənlərə orda hörmət edirlər». Sevinirik ki, bu hiyləyə əl atmalı olmuruq. Üstəlik, İranda olduğumuz müddətdə Bakıdan gəldiyimizi bilən kimi ilk sual bu olurdu: «Ağa, xanevade (ailə) ilə döhtürə gəlmisüz?»

«AZƏRİ» OLMAQ NƏ DEMƏKDİR?

Qayıdaq sərhəd-keçid məntəqəsinə. Diqqətimizi çəkən ilk məqam əlimizdəki çantaların nə Azərbaycan, nə də İran sərhədində yoxlanmamasıdır. Hərçənd geriyə - artıq İrandan-Bakıya qayıdarkən bunun əskinə yüklərimiz bir neçə dəfə gömrük yoxlamasından keçirilir. Sadəcə, İran gömrük sərhəd xidmətçisi bizi iranlıya bənzədib «iranlısız ya azəri?» deyə soruşanda, «nə iranlıyam, nə də azəri» deyə cavab verirəm. «Azəri» olmaq məsələsini izah edim:

1945-46-cı illər Pişəvəri dövründən sonra Azərbaycanlılar arasında millətçiliyin və oyanışın qarşısını almaq üçün belə bir nəzəriyyə ortaya atılmışdı ki, Azərbaycan türkləri və Azərilər müxtəlif etnogenezə məxsusdurlar. Guya Azəri fars tayfaları olub. sadəcə mnonqol istilalarında dillərini dəyişiblər.

Məhz buna görə də Biləsuvardakı İran sərhəd-keçid məntəqəsindəki iranlı sərhədçiyə «nə iranlıyam, nə də Azəri, azərbaycanlıyam» deyib yolumuza davam edirik.

Nəhayət, sənədlərimizə İran İslam Respublikasına gəldiyimizi təsdiqləyən möhür vurulur və biz qonşu İran torpağına qədəm qoyuruq. Məntəqənin dəmir barmaqlıqları arasından keçib, bayıra çıxırıq. Əlbəttə bundan öncə qadınlar başlarına yaylıq bağlamağı, əyinlərinə isə uzun köynək, don geyinməyi unutmur.

QIZILBAŞLARIN MƏSKƏNİ - ƏRDƏBİL

Şeyx Səfi türbəsi
Sərhəd-keçid məntəqəsindən ayağımızı çölə qoyan kimi müştəri axtaran sürücülər bizi görüb arı bala daraşdığı kimi üstümüzə şığıyır. İran Biləsuvarından Ərdəbilə avtomobil ilə 2 saatlıq yoldur. Adətən bu yolu taksilər hər bir adamı 3 min tümənə (2 azn) aparırdılar. Bu dəfə isə qiymətlər ikiqat bahalaşmışdı. Səbəbi isə yanacaq qiymətlərinin üç dəfə bahalaşması idi. Taksi sürücülərindən biri «ağaye Əhmədinejat dedi ki, benzin çox israf olunur. Bu da İslama ziddir, belə olmaz» deyə bahalaşmanın «obyektiv» səbəblərini izah etməyə çalışırdı. Yolumuzun uzun olduğu üçün pula qənaət edərək biz də taksi ilə deyil, daha ucuz – 700 tümənə (30 qəpik) avtobusla getmək qərarına gəldik.

ƏRDƏBİL

Təqribən 500 minə yaxın əhalisi olan Ərdəbil şəhəri İranın Ərdəbil vilayətinin paytaxtıdır. 1994-cü ilə qədər mərkəzi Təbriz olmaqla İranın Şərqi Azərbaycan vilayətindən ayrılaraq əlavə «vilayət» statusu alıb. Bəzi yerli ərdəbillilərdən güzəranları haqda soruşanda, gileylənirdilər ki, Təbrizdən ayrıldıqdan sonra güzəranları xeyli pisləşib. Əvvəl Şərqi Azərbaycan vilayətinin tərkibində olanda, vilayət gəlirlərindən Ərdəbilə də xeyir dəyərdi. İndi isə Ərdəbil vilayətinin gəlirləri o qədər də yüksək olmur ki, insanların güzəranında öz əksini tapsın.

Ərdəbilin iki simvolu var: Şeyx Səfi türbəsi və Savalan dağı.

İkinci yazımızda Şeyx Səfi türbəsinə gedib türbənin necə xarabalığa döndüyündən və ordan isə Savalan dağına baş çəkib Təbrizə yola düşməyimizdən yazacağam.
XS
SM
MD
LG