Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:58

İlham Əliyevin şansı, Əli Ömərovla müsahibə, Sumqayıt sürətli inkişaf yolunda və...


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzetinin 14 iyun sayında «İLHAM ƏLİYEV ÜÇÜN MÜHÜM ŞANS YARANIB» başlıqlı məqalə çıxıb.

Qəzet İsveçin Xarici İşlər naziri Karl Bildin Azərbaycan müxalifəti ilə görüşünə toxunaraq yazır ki, «İsveç hökuməti Azərbaycanda demokratiyanın mövcud olmasında sadəcə, deklorativ fikrə sahib deyil, həm də bu prosesin təşkil olunmasında Azərbaycan xalqına dəstəyini verə bilər. Müzakirə mövzularından biri də «Eurovision-2012»nin ölkə üçün əhəmiyyətli hadisə olması olub. İsveçli nazir belə deyib: ««Eurovision-2012»nin Azərbaycanda keçirilməsi ölkə üçün şansdır və hadisə ölkədə islahatlara təkan verə bilər». Bu fikirlərə əsaslanaraq demək olar ki, Avropa Birliyi ölkələri Azərbaycanın bütün mənalarda bu yarışmanın standartlarına yaxınlaşmasına çalışacaqlar».

«Yeni Müsavat» qəzeti keçmiş Baş prokuror ƏLİ ÖMƏROVLA MÜSAHİBƏni dərc edib. 1993-cü ilin 4 iyun hadisələri haqqında danışan Ə. Ömərov deyib: «O gün qəzetlərdən birində yazıblar ki, Əli Ömərovu indiyə qədər niyə tutmayıblar, o, Gəncə hadisələrinin birinci təşkilatçısıdır. Gəncə hadisələrini Surət Hüseynova yüksək səlahiyyət verən hakimiyyət elədi. Onlar Surət Hüseynova hücum elədilər, Surətin də əlində silah-sursat kifayət qədər idi. Mən də həm ata-babamın qəbri tapdaq altında qalmaması üçün, həm də bir deputat kimi AXC hakimiyyətinə qarşı öz sözümü deməli oldum. O zaman biz 40-50 nəfər deputatın imzasını toplaşmışdıq ki, fövqəladə iclas çağırılsın. Buna görə adamı tutarlar?».

«Bizim yol» qəzeti yazır ki, «TÜRKİYƏ AZƏRBAYCANLA BAĞLI SİYASƏTİNİ DƏYİŞİB». Politoloq Zərdüşt Əlizadə qəzetə müsahibəsində xarici ölkə səfirliklərinin İctimai Palata üzvləri ilə görüşünə toxunub. Uzun illərdən sonra Türkiyə diplomatının da müxalifətlə görüşə qatılmasına münasibət bildirən politoloq bunları deyib: «Türk səfirliyi hamı ilə birlikdə hərəkət edəndə, hakimiyyət onu qısnaya bilməz. Çünki diplomatik korpusda həmrəylik məfhumu var. İkincisi, sirr deyil ki, Ankara ilə Bakı arasında müəyyən gərginlik var. Türkiyə bir çox şeyləri istəsə də, Azərbaycan bunları ona vermir. Qazın qiymətində güzəştə gedilmir, vizasız rejimi tətbiq etmir, türk şirkətlərinin Azərbaycan iqtisadiyyatına girməsinə mane olur və s. Buna görə də Türkiyə hökuməti əvvəlki dövrdən fərqli siyasət yürüdür».

«Azərbaycan» qəzeti yazır ki, «SUMQAYIT SÜRƏTLİ İNKİŞAF YOLUNDA YENİ UĞURLARA İMZA ATIR». Məqalədə deyilir ki, «şəhərdə görülən işlər sayəsində sənayenin inkişafı daha geniş vüsət alıb. Kimya və neft-kimya sənayesi yeni yüksəliş mərhələsinə qədəm qoyub. Burada müasir texnologiyalar əsasında respublika üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik sənaye məhsullarının istehsalı həyata keçirilir. Sumqayıtın inkişafının müstəsna əhəmiyyəti nəzərə alınaraq, həyata keçirilən bir sıra mühüm layihələr, o cümlədən inşa edilən Texnologiyalar Parkı şəhərin yüksək templərlə müşayiət olunan tərəqqisinin bariz göstəricilərindəndir. Şəhərdə infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təminatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülüb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG