Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:53

USUBOĞLU. Ququ quşu


Gərək O Qız Sarala gəlməyəydi.

Gərək O Qız, elə o yayı da əvvəlki illərin yayları kimi Bakıda, Pirşağıda, Bilgəhdə keçirəydi.

Dənizdə çiməydi, evdə akvarium dedikləri o şüşə qabda balaca qırmızı balıqlara baxaydı.

O şüşə qabın içindəki gerçək suda yalançı yarpaqlara, yosunlara baxaydı.

Gərək O Qız Sarala — dağların, dərələrin, otların və bir də balıqların gerçək olduğu yerə gəlməyəydi.

Elə akvariumdakı o balaca qırmızı balaqların yalan dünyasında yaşayaydı.

Amma O Qız gəlmişdi. Atası anasına - «məzuniyyətini götür get uşaqlarla Armudun Bulağının suyundan iç, buralar istidi», - demişdi.

Və O Qız Sarala o yay anasıyla, bir də balaca qardaşıyla gəlmişdi. Gələn kimi də Saralın anı, dəqiqəsi, saatı, axşamı,sabahı dəyişmişdi.

Yelin səsi, suyun dadı, çörəyin tamı dəyişmişdi. O Qız gözəl idi. Yerişi, duruşu, səsi gözəl idi. O Qız Saralı gözəlləşdirmişdi.

Yeridikcə yol gözəl olurdu, durduqca yer gözəl olurdu. İçdiyi su boğazında görsənirdi. O Qızı hamı sevməyə başlamışdı.

Əvvəl-əvvəl (xəlvətcə) oğlanlar sevmişdilər.

Sonra qızlar sevmişdilər. Qızların bu sevgisinə, həm də bir az xiffət, bir az qibtə və bir xeyli də izaholunmaz ayrı nələrsə qarışmışdı.

Və qızların heç biri o bir az xiffəti, o bir az qibətini, bir xeyli də o izaholunmaz ayrı nələri boyunlarına almazdılar. Bəlkə də heç o ayrı nələrdən qızların özlərinin xəbərləri yox idi.

O ayrı nələrsə hər qızın ürəyinin ən dərin, ən gizli bir yerində gizlənmişdi.

O ən gizlin, ən dərin yerə qızlar ya özləri boylanmaq istəmirdilər, ya da ora boylanmağa qorxurdular.

Sonra O Qızı pişiklər quyruqlarını bulaya-bulaya ,qızın yanınca ayaqlarına dolaşa-dolaşa yeriyib sevmişdilər. Sonra da qalan adamlar sevmişdilər.

Şəhərdən gələn qızın gözəlliyi elə-belə gözəllik olsa idi, arvadlar – «ay qız, yanıyanmış yaraşıqlıdı ha...a» deyib qımışacaqdılar. Amma indi bu sözü deyə bilmirdilər.

Çünki O Qızın gözəlliyi o sözlərdən çox ucalarda idi və o ucalara Badam xalanın, Xırda xalanın, Məsmə xalanın sözləri gedib çıxa bilməzdi. Və bir də O Qızın gözəlliyi əslinə qalanda, elə ovsun kimi bir şey idi.

Sözlər də ovsundan sonra heç nə olur. O Qızın saçları uzun idi, topuğuna tökülürdü. Hər səhər saçlarını həyətdəki çinarın altında durub darayırdı.

Quşlar çinarın yarpaqları arxasında gizlənib qızın saç daramağına baxırdılar.

Yel çinara çatınca – dayanırdı, budaqları silkələyəcəyindən qorxurmuş kimi sakitləşirdi.

Cəlil O Qızın uzun tellərindən yıxılmışdı. Yıxılmağa özgə yer yox idi. Özgə yerdə özgə adamlar dayanmışdılar.

O özgə yerin yıxılmağı özgə cür olur, belə olmur. Cəlil kimi yıxılan özgə yerə yıxılmır. Ona görə də Cəlil O Qızın tellərindən öz içinə yıxılmışdı.

Cəlilin içi çox uca idi. Sevgi Cəlilin içini ucalara, çox ucalara qaldırmışdı. O ucalığın yanında «uca» sözü çox aşağıda qalırdı.

O ucalıq-aydan, ulduzdan çox ucada idi. Gün də o ucalığa baxanda «başından papağı düşürdü».

O Qızın saçları Cəlilin içindəki o ucalıqdan Tanrının Dan Üzünə tökülürdü. Tanrının Dan Üzü O Qızın qara, uzun saçlarının arasında itirdi, görünməz olurdu. Bəndələr göyün göy üzünə boylanıb, göyün göz üzünü qara görürdülər.

Gecədir deyirdilər. Hələ gecdir. O Qız qara, uzun saçlarını Tanrının Dan Üzündən yığıb gərdəninə tökəndə.

Tanrının Dan Üzü ağarırdı. Ağarışdanırdı, göyün göy gözləri yaşarırdı. Yarpaqlarda damla-damla su «puçurlayırdı».Adamlar elə bilirdilər şeh düşüb.

Bax, Cəlil o puçur-puçur damlaların arasında içindəki ucalığa yıxılmışdı. Gözgörəsi Cəlilə heç nə olmamışdı. Nə dizi syrılmışdı, nə dirsəyi.

Nə burnu qanamışdı, nə də dodağı çapılmışdı. Amma Cəlil yıxılmışdı. Ürəyi köksündən sıçrayıb O Qızın dünənmi, ya sırağagünmü yoldan keçəndə qoyduğu ayaq izinə düşmüşdü.

Cəlilçün o ayaq izi dünyanın ən təmiz, ən pak yeri idi. O yer Saralın o biri yerlərindən çox gözəl olmuşdu.

Cəlil O Qızın ayaq izinə atılıb düşmüş ürəyinin sağında oturub ürəyinin atmasına tamaşa eləyirdi. Anası Pəriyə xəbər çatmışdı, atası Cəmilə xəbər çatmışdı, bacılarına xəbər çatmışdı.

Xəbər çatmışdı ki, Cəlil filan yerdə yıxılıb, ürəyi köksündən sıçrayıb Bakıdan gələn qızın ayaq izinə düşüb. İndi Cəlil diz çöküb O Qızın ayaq izinə düşmüş ürəyinə tamaşa eləyir. Xəbər çatınca anası Pəri yüyürmüşdü, bacıları yüyürmüşdülər. Amma atası Cəmil yüyürməmişdi.

Gələn xəbərə inanmamışdı, elə şey olmaz-demişdi. İndilər bizdə elə yıxılan adam olmaz. Yıxıla bilənlər yeddimi-yetmişimi köynək əvvəl yıxılıblar.

Kimisinə Məcnun deyiblər, kimisinə Kərəm,kimisi də Sənan olub.İndi Cəlil nədir ki, nə yıxıla? O yıxılmağı Cəlil nə bilir? Yəqin ayağı sürüşüb, dizi yerə gəlib. Durar yeriyər, ağrısı yadından çıxar.

Amma Cəlil o yıxılmağı bilməyə-bilməyə yıxılmışdı. Məcnunun,Kərəmin,Sənanın , yıxılmağı kimi yıxılmaq Cəlilin ürəyinin bir damcı qanında gizlənib qalmışdı və Cəlil yıxılmışdı.

O yıxılmağın ağrısı diz ağrısı deyildi, göz ağrısı deyildi, baş ağrısı deyildi. Cəlil o ağrını unuda bilməyəcəkdi. O ağrı unudulan ağrılardan deyildi.

Anası Pəri, bacıları çatıb Cəlilin diz çöküb köksündən ayaq izinə düşmüş ürəyinə tamaşa eləyən çağını görmüşdülər.

Qolundan tutub qaldırmışdılar. Anası əyilib Cəlilin ürəyini yerdən götürüb ətəyi ilə tozunu silmişdi. «Al, ana ölsün, al.

Tez yerinə qoy, hələ işləyir» - demişdi. Amma Cəlil almamışdı – «istəmirəm, daha o mənim deyil.

O Qızındır, aparın ona verin» - söyləmişdi. Anası, bacıları Cəlilin ürəyini götürüb getmişdilər. Bakıdan gələn qızın nənəsinin qapısını döymüşdülər.

Qızınıza deyin, demişdilər, qızınıza deyin, bir xoş söz desin, qaytarıb uşağımızın ürəyini yerinə qoyaq.

O Qız xoş nə deyəcəkdi? Xoş söz deməyi öyrənmişdimi? O Qız — kənddə doğulub-böyüyüb onuncuda oxuyan Cəlilin köhnə, yamaqlı şalvarınamı, ayağındakı səndəlinəmi, boynusökük əyninə iri, çiyinləri sallaq mil-mil köynəyinəmi, darağayatmaz pırtlaşıq saçlarınamı deyəcəkdi o xoş sözü? O xoş söz ayrı cür olmalıydı. İçində sevgisi olmalıydı.

O sözü heç kim eşitməməli idi. O xoş sözü O Qız təkcə dodaqlarıyla deməməliydi. Baxışıyla, yerişiylə, duruşuyla deməliydi.

Axşamlar gün batan çağı çinarın kölgəsinin uzanıb-uzanıb bağın çəpərindən evin divarından, məhlənin hasarından uzun olan Vaxtında deməliydi.

O Qız o xoş sözü səhər-səhər elə o çinarın dibində ayağına dolaşa-dolaşa yeriyən pişiyin yanında, yarpaqların arasında gizlənib civildəşən quşların şahidliyiylə saçlarını darayanda deməliydi.

Amma demirdi. Qızın nənəsi Cəlilin anasının əlində tutduğu ürəyə baxmışdı.

Əvvəl inanmamışdı. Sonra öz əlinə alıb o üzə, bu üzə çevirmişdi «hə — ürəkdi», demişdi. İstidi, əlimi yandırdı — eləyib, geri qaytarmışdı. «Qoy qızın atası gəlsin, ayın axırı gələcək, atasına deyərik, görək nə deyəcək» — söyləmişdi.

Ayın axırı qızın atası gəlib çıxmışdı. Anası Cəlilin ürəyini götürüb qızın atasına aparmışdı. Qızlarını da yanına almışdı.

Cəlil də ana-bacısının arxasınca gedib doqqazın ağzında gözləyirdi. Qızın atası ağ jiquli maşınını qapıda saxlayıb evə keçmişdi. Bayıra çıxıb Cəlilin ürəyini görmüşdü.

Əlinə alıb o üzə, bu üzə çevirmişdi. Sonra çevrilib doqqazın ağzında dizi yamaqlı şalvarda, çiyinləri sallaq mil-mil köynəkdə (böyük qardaşının köhnə köynəyi idi) dayanan Cəlilə xeyli baxıb gülmüşdü. Sonra qızına Cəlilin ürəyini almağa icazə vermişdi. Qız da Cəlilin ürəyini alıb otağına çəkilmişdi.

Ana-bacısı Cəlili də yanlarına alıb geri dönmüşdülər. Anası — «atam-anam, di qoy üzün gülsün, ürəyini aldılar, ta qız səninkidi» — demişdi.

Həmin axşam Cəlil yenə həmin evin yanına gəldi.

Dırmaşıb divardan ikicə barmaq hündürdə dayanıb O Qızın nənəsinin pəncərələrinə baxdı. Ürəyinin yerini müəyyənləşdirdi.

Küncdəki pəncərənin qabağında çarpayıda uzanan O Qızın yerini müəyyənləşdirdi.

O Qız Cəlilin ürəyini alıb, aparıb yastığın üstünə qoydu, ürək hələ döyünürdü. O qıza maraqlı gəlirdi. Akvariumdakı qırmızı balaca balıqcıqlardan daha maraqlı şeylər varmış dünyada.

Və O Qız gecənin aydınlığında pəncərədən bayıra baxıb indi oynadığı o ürəyin yiyəsinin — Cəlilin divardan ikicə barmaq ucada duran ikikcə gözünü gördü.

O Qız xəlvətcə durub bayıra çıxdı. Divarın yanına gəldi. Cəlili yanına səslədi, gəl — dedi, bura aşağı, yanıma düş.

Cəlil divardan aşırılıb O Qızın yanına düşdü. O Qız əlində Cəlilin ürəyini tutmuşdu, soruşdu:

—Sənin ürəyindi?

Cəlil: Hə, mənim ürəyimdi.

O Qız: Doğrudan sinəndən çıxıb düşüb?

Cəlil: Hə, doğrudan.

O Qız: İndi yeri bilinir?

Cəlil: Hə, bilinir.

O Qız əlini uzadıb Cəlilin köhnə milmil köynəyinin yaxasından sinəsini yoxladı.
Cəlil qızın əlini sinəsindən götürüb barmaqlarını öpdü.

—O Qız: İstəyirsən ürəyini qoyum yerinə?

—Cəlil: Yox, istəmirəm.

—O Qız: Niyə?

—Cəlil: Daha o sənindir. Özgəsinin ürəyini mən neynirəm?!

Sonra O Qız Bakıdan danışdı. Akvariumdakı balaca qırmızı balıqlardan danışdı.
O gecə dünyanın ən dadlı gecəsi idi, ən «ağ» gecəsi idi, ən gözəl gecəsi idi. Cəlilin ömrünün ən xoşbəxt gecəsi idi və bir də belə dadlı gecəsi olmayacaqdı.

***

O yay əvvəlki illərin yayı qədər «uzun» olmadı. Atası gələndən on gün sonra Bakıdan gələn qız üçün yay tətili də, elə yayda bitdi. Atası qızını, balaca oğlunu və arvadını ağ «jiquli»sinə mindirib Bakıya getdi. Getdi ki, O Qız yenə Bilgəhdə, Pirşağıda dənizdə çimsin, şəhərdəki evlərində akvariumdakı blaca qırmızı balıqlarla oynasın.
Akvariumun yalançı yaşıl otlarına, yosunlarına, yarpaqlarına tamaşa eləsin. Və O Qız Cəlilin ürəyini də aparıb getdi.

O Qız getdikdən sonra Saralın gözəlliyi azaldı. Quşlar, ağaclar qayıdıb yenə əvvəlki oldular. Sular öz tamına, yel öz səsinə qayıtdı. Gün, saat, dəqiqə öz ölçüsünə qayıtdı. Pişiklər bir həftə O Qızsız qəribsədilər, xiffət çəkdilər. Ancaq bir həftədən sonra qayıdıb yenə əvvəlki pişik oldular. Pusquda durdular, marıqda yatdılar, siçan tutdular, sərçə qovdular. Amma bircə Clil həmin Cəlil ola bilmədi.

***

O ilin payızında Bakı adlı şəhərdə O Qızın toyu oldu. .


***
Bakıdakı o toyun xəbəri Cəlilə çatan günün gecəsi Cəlil yatmışdımı, yatmamışdımı bilmədi. Qapı döyüldümü - döyülmədimi bilmədi.

Amma durub qapıya tərəf getdi.Açarkən qarşısında ağappağ gəlin donunda Ququ quşu idi.

Ququ quşu gəl aparaq ürəyini basdıraq, atılmış ürəyi daha neynirsən, dedi.

***

Cəlil qabağa düşüb yol göstərdi. Ququ quşu Cəlilin ürəyini alıb uçdu. O Qızın ayaq izinə çatıb dayandılar — buramı düşmüşdü ürəyin — deyə Ququ quşu soruşdu. Cəlil hə, dedi, bax, o…dur.

O çinarın altında dayanmışdı, saçını açıb tökmüşdü, baxdım, ürəyim atılıb düşdü. O Qız həmişə burdan keçib gedirdi. Bu ayaq izi də onunkudur.

Ququ quşu Cəlilin ürəyini O Qızın ayaq izinə qoydu.,sonra üstünü torpaqlamağa başladılar.Ququ quşu qanadlarıyla qəbri torpaqla doldurub qurtardı.Aşağı əyilib qulağını qəbrə qoyub dinlədi .

Ürək döyünürdü, torpaq xəfifcə titrəyirdi. Göylərdə ayın utancaq bir duruşu vardı və ay günahkar adama oxşayırdı. Vaxt -yalançı dan ilə gerçək danın arası idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG