Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 02:31

Qaddafi tərəfdarları qadınları zorlayır


Muammar Gaddafi
Muammar Gaddafi

GADDAFI MÜXALİFƏTÇİLƏRƏ QARŞI

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Luis Moreno-Ocampo bildirib ki, Gaddafinin müxalifətçiləri qorxutmaq üçün öz hərbçilərinə qadınların kütləvi zorlanmaq göstərişi verməsi ilə bağlı sübutlar əldə edib.

Luis Moreno-Ocampo BMT-nin qərargahında jurnalistlərə bildirib ki, mütəşəkkil zorlamalar çox güman ki, Gaddafinin müxalifətçilərə qarşı işlətdiyi yeni üsuludur.

Baş prokurorun sözlərinə görə indi onlar kütləvi şəkildə geniş və mütəşəkkil zorlama kampaniyasının həyata keçirilməsi üçün hərbçilərə viagra kimi cinsi fəallığı artıran preparatların verilməsi barədə iddiaların doğru olub- olmamasını araşdırırlar:


«Bəzi yerlərdə bir neçə yüz insanın zorlanması məlumdur. Zorlamaların Gaddafinin göstərişi, yaxud ayrı-ayrı adamların təşəbbüsü ilə edilməsi məsələsində tərəddüd edirdik. Ancaq biz zorlamaların Gaddafinin birbaşa göstərişi olması haqqında məlumatlar alırıq. Bu yeni bir şeydir. Əvvəllər əhalini nəzarətdə saxlamaq üçün bundan istifadə olunmayıb. Zorlama depressiyanın yeni bir aspektidir».

GADDAFİ REJİMİ SUSUR

Beynəlxalq Cinayət Məhkəməsini tanımayan Gaddafi rejimi bu iddialara hələ heç bir münasibət bildirməyib.

May ayında prokuror Moreno-Ocampo insanlıq əleyhinə cinayət işlətdiklərinə görə Gaddafinin, onun oğlu Saif al-İslamın və rejimin kəşfiyyat xidmətinin rəhbəri Abdullah el-Sanussinin həbsi haqqında order verib. Lakin həmin orderdə Gaddafiyə qarşı zorlamalarla bağlı ittihamlar yer almamışdı. Çünki həmin vaxt zorlamaların Gaddafinin göstərişi olması haqqında sübutlar yox idi. İndi prokuror deyir ki, o, Haaqa Məhkəməsinin hakimlərindən zorlama ilə bağlı ittihamların da əlavə olunmasını xahiş edəcək.

BMT-nin Təhlükəsizlik Şurası fevralın 26-da Liviya ilə bağlı qəbul etdiyi qətnamə ilə baş prokuror Moreno-Ocampoya Gaddafi rejiminin bəşəriyyətə qarşı cinayətlərinin istintaqının aparılması ilə bağlı səlahiyyət verib.

BMT son vaxtlar zorlamada müharibədə bir vasitə kimi istifadə olunmasına xüsusi diqqət ayırır. BMT-nin baş katibi Ban Ki-Moon İsveçdən olan Margaret Wallstromu - Silahlı münaqişələrdə Cinsi Zorakılıq üzrə xüsusi nümayəndəsi təyin edib.

Liviyada etiraz aksiyas;

CİNSİ ZORAKILIQ: SİLAHIN BİR NÖVÜ

Margaret Wallstrom ABŞ-dakı Brown Universitetindəki çıxışı zamanı deyib ki, münaqişələrdəki cinsi zorakılıq silahın bir növünə çevrilib. Çünki bu daha ucuz, səssiz və effektlidir:

«Bu zaman heç bir gülləyə və bombaya ehtiyac yoxdur. Sadəcə qəddar adamlar lazımdır. Cinsi zorakılıq aktları nəinki qurbanları mənəvi və fiziki cəhətdən sarsıdır, həm də bütün cəmiyyətə qorxu toxumu səpir. Qurbanlar bəzi hallarda hamilə qalır, çox vaxt AİDS virusuna yoluxurlar. Bir qayda olaraq ailələri tərəfindən rədd edilirlər. Zorlama hallarının arxasında duran şəxslər isə ənənəvi olaraq heç bir məsuliyyət daşımır».

Wallstrom onu da bildirib ki, münaqişə zonalarındakı 20 zorlama halından yalnız biri haqqında məlumat verilir.

Hüquq müdafiəçiləri də bildirirlər ki, zorlama halları rəsmi rəqəmlərdən qat-qat artıqdır. Liviyada çox nadir hallarda kimsə zorlandığı haqqında açıq danışar.

KOMANDİR ZORLANMA ƏMRİ VERİB

Tripoli
Gaddafi hərbçilərinin onu zorlanması haqqında ilk dəfə may ayında Eman al-Obeidi məlumat vermişdi. O, ölkə jurnalistlərinin Tripolidə qaldığı otelə girib bir neçə Gaddafi əsgərinin onu zorlamasından danışmışdı. Ancaq başına gələnlər haqqında danışıb qurtarmamış təhlükəsizlik qüvvələrinin əməkdaşları onu naməlum istiqamətə aparmışdılar. Bir neçə gün onun harada olması haqqında məlumat olmamışdı. Sonradan rejimdən üz çevirmiş hərbçilərin köməyi ilə o, Liviyadan qaçmışdı. Eman al-Obeidi indi Rumıniyada BMT-nin qaçqınlar üçün ayırdığı düşərgədə müalicə olunur.

BBC bu yaxınlarda Misrata şəhərində ələ keçirilmiş iki Gaddafi əsgərindən müsahibə almışdı. Həmin əsgərlər deyirdilər ki, onların komandirləri yaşları 20-24 arasında olan dörd qadının zorlanması haqqında onlara əmr veribmiş. Həmin zorlamada daha 20 hərbçi də iştirak edibmiş.

Misratada yaşayan doktor İsmael Fortia üsyançıların zorlama halları ilə bağlı yaratdığı araşdırma komitəsinin üzvüdür. Fortia deyir ki, bu halların araşdırılması çox həssas və incə məsələdir. O bildirir ki, indiyə qədər heç bir qadın zorlanması ilə bağlı onlara müraciət etməyib. Lakin o ümid edir ki, müəyyən tövsiyələrdən sonra qurbanlar onlara qarşı törədilmiş cinayətlər haqqında açıq danışacaqlar.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG