Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:09

Xuraman Hüseynzadə. Kartof və ədəbiyyat


Bu, artıq bir aksiomadır ki, Azərbaycanda biznesə para yatıranlar batırır.

Kartof biznesindən tutmuş kitab biznesinə kimi, kitabı bağlananları az görməmişik. Türkiyədən gəlib Azərbaycanda xeyirxah bir missiya həyata keçirmək istəyən Yasemin Bayerin timsalında kitabı kitabla bağlananlardan biri də Nigar Köçərli olacaqdı.

Əgər cəld tərpənib, işıqgələn tərəfi vaxtında görməsəydi ...

Azərbaycanda kitab təbliğatına baş vurmaq istəyən naşı adamın ilk olaraq Yazıçılar Birliyinə baş çəkməsi başadüşüləndir.

Di gəl ki, azərbaycançılığın metafizik konsepsiyası olan alver təfəkkürü imkan vermir ki, ədəbiyyatımız doğru-düzgün təbliğ olunsun.

O binəvanı elə istiqamətləndirəcəklər ki, elə biləcək, bizim ədəbiyyatı 3-5 əli əsalı, beli bükülmüş yazıçı-şair yaradır...

Yasemin Bayer ədəbiyyatımız adına öz gücünə nəsə etmək istədi, az qala Afrika yam-yamlarının da dilinə tərcümə olunmuş yekə-yekə kitabları dübarə nəşr etdirmək üçün kötük kimi dığırladılar yazığın qabağına...

Nigar Köçərli də Milli Kitab Mükafatı projesini gerçəkləşdirəndə marığa yatmış “ac qurd”lar bu fürsəti fövtə vermədi-göz görə-görə öz məqsədlərinə çatmaq üçün istədiklərini etdilər.

Milli Kitab Mükafatı təsis olunanda heç kim gözləmirdi ki, bu müsabiqə ölkənin kitab bazarında belə canlanma yaradacaq. O cümlədən, Nigar Köçərli özü də.

Çünki o, özü də bu layihəni sırf tanınmaq üçün gerçəkləşdirmək istədiyini bildirmişdi. Təbiidir-xeyirxah, ədalətli (!) bir missiyaya imza atanlar tanınmağı haqq edirlər.

Ötən ildən fərqli olaraq bu il müsabiqə bir az da təkmilləşdirildi. Müsabiqənin münsiflərində demokratik düşüncəli ziyalılar göründü.


Bu minvalla davam edəcəyi təqdirdə MKM-in gələcəyi haqda pozitiv fikirlər söyləmək olar.

Azad Yazarlar Ocağı bu il müsabiqəyə qatılsaydı, MKM daha maraqlı keçəcəkdi. Beləcə, müsabiqə ikinci dəfə baş tutdu və “Azadlıq” qəzetinin köşə yazarı, yazıçı Pərviz Cəbrayılın “Yad dildə”si qalib seçildi.

Ən maraqlı məqam üç hakimiyyətyönlü münsifin buna etiraz olaraq müsabiqəni tərk etməsi oldu.

“Yad dildə”nin doğma dildə “qavranmamasının” günahını yazaq onun müxalif mövqeyin tərcümanı olmasının ayağına.

Azərbaycan ədəbiyyatında gedən siyasi qütbləşmənin bu cür müsabiqələrə yansımasının səbəbkarları tək iştirakçılar yox, eyni zamanda münsiflərdi. O səbəbdən ki, münsiflərdə təmsil olunan ziyalılar da siyasiləşib.

Nigar xanım bu barədə ciddi tədbir görmək haqqında heç düşünməsin-cəmiyyətin bütün təbəqəsi siyasiləşib. Və bu qütbləşmə müsabiqəyə o qədər də ciddi təsir etməyəcək.

Bunun səbəbi isə odur ki, müasir oxucu üçün zamanın diqtəsi, məkanın tələbi tendensiyası məqbuldur-siyasətə bulaşmayan bədii əsər oxunmur.

Bunu dəqiqləşdirməkdən ötrü əhalinin sıx göründüyü yerlərdəki kitab köşklərinə, mağazalara baş çəkdim.

Nigar Köçərli

Məlum oldu ki, bu gün ən çox tələbat olan məhz elə cəmiyyətin bu gününü, hakimiyyətin apardığı siyasəti əks etdirən bədii nümunələrdi.

Metronun Elmlər Akademiyası stansiyasının girişində ən çox satılan “Yad dildə” və Zümrüd Yağmurun “Allah qayıdır?!” romanı idi. Satıcı bildirdi ki, alıcılar Z. Yağmurun başqa kitablarını da istəyirlər. Ümumiyyətlə, baş çəkdiyim yerlərdə satış üzrə liderliyi bu iki kitab edirdi.

Əli Əkbərin “Amneziya”sı da satılan kitablar arasında idi. Elxan Qaraqanın kitablarının satışını bura aid etməyək: onun kitablarının satışını oxucu yox, reper fəaliyyətindən dolayı fanat ordusu formalaşdırır. Söhbət bu gün oxucunun nəbzini tutmaqdan gedir...

Yunan siyasi xadimi Solon deyirdi ki, böyük işlər görərkən hamını birdən razı salmaq çətindir... Milli Kitab Mükafatı böyük bir projedir.

Nə qədər ki, biz belə bir cəmiyyətdə yaşayırıq, münsiflər kürsüsündə oturanlar da iki qütbə ayrılacaq, yaranan ədəbiyyat da...

Hələlikdə isə bizə yalnız belə proyektlərin daha da çox keçirilməsini arzulamaq qalır. Kim bilir, bəlkə elə ölkənin xilası millətin oxucu kimi formalaşmasmasından keçir?!

P.S. Belə çıxır ki, Pərviz Cəbrayılın 1-ci yer tutmasına etiraz edərək müsabiqəni tərk edən Çingiz Abdullayev, Rəbiyyət Aslanova və Rəşad Məcid aldıqları göstərişə uygun qalib seçə bilmədiklərinə görə özlərini bu cür sığortaladılar...

"Demokrat" qəzeti

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG