Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:05

Avropa komissarı: «Azərbaycanın «Nabucco» ilə bağlı qərarını gözləyirik»


Günter Ottinger
Günter Ottinger
«Biz Azərbaycanın oktyabrın sonunda «Nabucco» layihəsində iştirakla bağlı verəcəyi qərarı gözləyirik. Bu, tarixi bir qərardır və başa düşürük ki, Azərbaycana bu qərarı qəbul etmək üçün vaxt lazımdır».

MƏQSƏD «CƏNUB DƏHLİZİ»Nİ İNKİŞAF ETDİRMƏKDİR

Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger (Günther Oettinger) iyunun 8-də Bakıda keçirdiyi mətbuat konfransında belə deyib.

«Xəzər Neft və Qaz - 2011» sərgisində iştirak etmək üçün iyunun 6-dan Bakıda səfərdə olan G. Ottinger ölkə başçısı, bir neçə nazir və Dövlət Neft Şirkətinin prezidenti ilə görüşüb. O deyir ki, Azərbaycan «Nabucco» layihəsinin reallaşmasında həlledici ölkədir və məqsəd 2011-ci ildə bu sahədə əməkdaşlığa nail olmaqdır:

«Həm Avropa Birliyi nümayəndəliyi, həm də mənim qarşımdakı məqsəd aydındır, biz 2011-ci ildə əməkdaşlığı reallaşdırmaq istəyirik. Əlbəttə ki, bu əməkdaşlığın həm Azərbaycan, həm də Avropa Birliyi üçün səmərəsi olmalıdır. Bizim ideyamız qaz üçün infrastruktur qurmaqdır. Son nəticədə Azərbaycanın bütün Avropa Birliyinə üzv dövlətlərlə əməkdaşlıq imkanı olacaq».

İRAQLA DANIŞIQLAR BAŞLAYIB

G. Ottinger deyir ki, «Nabucco» layihəsinin reallaşması üçün potensial təchizatçı və tranzit ölkələrlə danışıqları davam etdirir. O, Bakıdan Türkiyəyə gedəcək, həm Türkiyə hökuməti, həm də «Botaş» şirkəti ilə tranzit sazişinin imzalanacağı gözlənilir. G. Ottingerin dediyinə görə, Avropa Birliyi «Nabucco» layihəsinin reallaşması üçün İraqın yeni hökuməti ilə də danışıqlara başlayıb:

«Oktyabrda «Şahdəniz» konsorsiumu qərar qəbul edəcək. Digər tərəfdaşlarımızla da danışıqları davam etdirəcəyik. Buradan Türkiyəyə gedəcəm, «Botaş» və digər şirkətlərlə tranzit sazişi imzalamağa çalışacam.
«Nabucco»nun proqnozlaşdırılan layihə gücü ildə 26-32 mlrd. kubmetr qaz təşkil edir, ümumi dəyəri 8 mlrd. avroya yaxındır
Bu kəmərlə ötürüləcək mavi yanacağın həcmini artırmağa da çalışacağıq. Türkmənistanla da danışıqları davam etdiririk. Həmçinin «Nabucco» layihəsinin reallaşması üçün İraqdan qaz almaqda da maraqlıyıq, istəyirik ki, İraqdan Türkiyəyə infrastruktur qurulsun».

Bundan öncə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev demişdi ki, Azərbaycan öz qazını Avropaya «Nabucco» ilə yox, daha yaxşı şərtlər təklif edən başqa marşrutlar vasitəsilə də çıxara bilər. Azərbaycan rəsmiləri həm də son vaxtlar Qərbdən demokratik islahatlarla bağlı gələn çağırışları «Nabucco» layihəsinə görə təzyiq kimi qiymətləndirir. Enerji komissarı bu cür fikirlərə də münasibət bildirib:

«AZƏRBAYCAN DÜZGÜN YOLDADIR»

«Bizim Azərbaycanla əlaqələrimiz iqtisadiyyatdan savayı, siyasət, demokratiya, şəffaflığı da nəzərdə tutur, buna şübhə yoxdur. Bu masanın üzərində gördüyüm mikrofonlardan deyə bilərəm ki, Azərbaycanda şəffaflıq, demokratiya var, Azərbaycan düzgün yoldadır, Azərbaycanın lideri güclüdür, onun hökuməti güclüdür. Bunlar hamısı bir yerdə olmalıdır. Eyni zamanda ölkə, onun iqtisadiyyatı dünyaya açıq olmalıdır, eləcə də demokratik olmalıdır».

«Nabucco» qaz kəməri Xəzər hövzəsindən təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Mərkəzi Avropaya ixracını nəzərdə tutur.

«Nabucco»nun proqnozlaşdırılan layihə gücü ildə 26-32 mlrd. kubmetr qaz təşkil edir, ümumi dəyəri 8 mlrd. avroya yaxındır. Layihəyə hazırlıq 2002-ci ildən başlanıb. 2017-ci ildə kəmərin tikintisinin başa çatacağı gözlənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG