Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:01

Yoxa çıxan ton yarım qızıl, 4 iyun sirləri, MHP-nin YAP-a iradı və...


Mətbuat icmalı
Mətbuat icmalı
«Bizim yol» qəzeti «MHP-DƏN YAP-A QƏZƏBLİ REAKSİYA» verildiyini yazır.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Şenol Bal «Bizim yol»a müsahibəsində YAP-ın seçkilərdə Türkiyənin Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləməsi barədə xəbərə sərt reaksiya verib. Deputat bunu Türkiyənin daxili işlərinə qarışmaq kimi qiymətləndirir.

«Bu məntiqlə MHP Azərbaycandakı seçkilərdə müxalifətə dəstək verməlidir. Amma biz indiyədək buna qarışmamışıq. Türkiyədə seçkilərin taleyini xalq həll edir. Bir də düşünürəm ki, YAP-ın Türkiyə siyasətinə təsiri sıfırdır. Onların buna gücü yetməz. Ancaq bu addımlar bizdə təəssüf doğurur. Bir vaxtlar AKP sərhədləri açmaq istəyərkən dəstəyi MHP-dən aldılar. Biz bu dəstəyi Azərbaycan xalqına vermişik. Bu gün də Azərbaycanın yanındayıq».

«HƏRBİ PARAD - MÜHARİBƏ EHTİMALI?» sərlövhəli yazıda «Ayna» qəzeti iyunun 26-da Silahlı Qüvvələr Günü münasibəti ilə Bakıda hərbi paradın keçirilməsi barədə məsələlərdən yazır.

«Ölkənin hərbi-siyasi rəhbərliyi bu paradın 2008-ci illə müqayisədə daha böyük olmasını istəyir. Hətta orada iştirak edən hərbi qulluqçuların sayının da xeyli artıq olacağına dair bilgilər gəlir. Hər hansı bir fors-major situasiya yaranmasa, hərbi parad olacaq».

«Yeni Azərbaycan» qəzeti yazır ki, «KORRUPSİYAYA QARŞI MÜBARİZƏ MÜSBƏT NƏTİCƏLƏRİNİ VERMƏKDƏDİR».

«Görünən odur ki, artıq antikorrupsiya tədbirlərinin genişləndirilməsi və sərtləşdirilməsi öz müsbət nəticələrini verməkdədir. Həqiqətən də, antikorrupsiya tədbirlərinin intensiv surətdə həyata keçirilməsi prosesin kampaniya xarakteri daşımadığını deməyə əsas verir».

«Yeni Müsavat» qəzeti «4 İYUN QİYAMININ BİTMƏYƏN DƏRD VƏ DƏRSLƏRİ»ndən yazır.

Məqalədə deyilir ki, 1993-cü il iyunun 4-də Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi qeyri-qanuni hərbi birləşmələrin törətdiyi təxribatlar Azərbaycanın dünəninə, bu gününə və sabahına zərbə vurub.

«AXC hakimiyyətini süquta yetirmək üçün xaricdən idarə olunan xəyanətkar bir plan olduğu üçün onun sirli məqamları kifayət qədərdir», - deyə qəzet yazır.

«Azadlıq» qəzeti manşet məqaləsində yazır ki, «AZƏRBAYCANIN TON YARIMDAN ÇOX QIZILI YOXA ÇIXIB».

Qəzet iddia edir ki, AXC hakimiyyətinin Əliyevlərə təhvil verdiyi 2 ton qızıldan 390 kiloqram qalıb:

«Ölkədə 1 ton 610 kiloqram qızılın taleyi barədə heç bir məlumat verilmir. Bu da indiki qiymətlərlə 69 milyon manat deməkdir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG