Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:19

Samir Sarı "Trafik eşşəyi" (Hekayə)


Bu döngə, döngədəki ağaclar və kollar Mərifətin və Əhlimanın sevimli post yeriydi.

Üstünə “YPX” yazılmış “Passat” markalı maşını hər gün bu döngədə saxlayan, daha dəqiqi, məharətlə gizlədən 38 yaşlı, dolubədənli Mərifət hər gün burada dayanır, əlinə narıncı çubuğunu götürərək işə başlayır, dövlət büdcəsi, rəisinin seyfi və öz cibi üçün sürücülərdə pul yığırdı.

Mərifət peşəsinin vurğunu idi, bundan zövq alırdı. Bu döngə dolanışıqlı yer idi, Sürücülər buradan sürəti azaltmadan keçmək istəyir və gəlib Mərifətə, ya da Əhlimanın qurduğu cələyə düşürdülər.

Onların ikisi də buranı həm də ona görə sevirdilər ki, buradan 5 kilometr paytaxta tərəf gedəndə yolun kənarında qəşəng bir kababçı vardı və həm Əhliman, həm də Mərifət hər gün bu kababçıda iki dəfə oturur, qaydanı pozan sürücülərdən qopartdıqları müftə pullar hesabına lülə-kabab, buğlama, piti və sair bu kimi ləziz yeməklərdən adama iki porsiya aşırırdılar.

Onlar bu yollarda hər gün müxtəlif cür adamlara, o cümlədən, özləri demişkən, parazitlərə, dələduzlara, yalançılara, ən çox da “krısa” adlandırdığı simic adamlara rast gəlirdilər.

Mərifət bərk adam idi. O, saxladığı avtomobildən nəsə qopartmamış buraxmazdı, höcət və demaqoq sürücülərin isə barəsində protokol tərtib edər, vəsiqələrini alıb mərkəzi idarəyə göndərərdi.

Bir də görərdin, o, “sağa ver, saxla” dediyi maşına yaxınlaşır, saymazyana şəkildə əlini qulağına tərəf aparır (guya ki, çest verir) mızıldanaraq soyadını deyir, sürücüdən sənədləri alır, baxır, maşının kapotu üstündə nə isə yazmaq istəyir, sürücünü yalvardırdı.

Olurdu ki, sürücülər ciblərini çevirib “bir qəpiyim də yoxdur” deyirdilər, olurdu, boğaz çəkirdilər, amma axırda maşının saxlancından pul çıxarıb Mərifətin cibinə basır, sənədlərini alıb gedirdilər.

Həmin məşum gün Mərifətin bəxti günün birinci yarısında gətirmədi.

Ön, arxa, hətta yan şüşələrinə iri hərflərlə yazılmış “PRESS” lövhələri olan sovet maşınını saxlayanda Mərifətin kefi hələ çox kök idi.

O, sürücüyə yaxınlaşdı, həmişəki kimi özünü təqdim etdi, sənədləri alıb, uzun-uzadı baxdı, Boynunda qalstuku və “PRESS” yazılmış vəsiqə asılmış sürücü onun bu diqqətcilliyindən təngə gəldi: - Nə var, rəis, gördüyün kimi, sənədlərim qaydasındadır, qaydaları pozmamışam, başqa nə problem var?
Mərifət sözə başlamaq istədi: -Sürəti...

Jurnalist sözü dərhal onun ağzından alaraq tamamladı: - ...artırmamışam, maşınım 60-dan yuxarı çəkmir. Bunu nazirliyinizin mətbuat xidmətinin əməkdaşı Ehsanov da bilir.

Bu soyadı Mərifət də bilirdi. Üstəlik, idarədən ona, eləcə də digər yol polislərinə tapşırmışdılar ki, jurnalistlərə ilişməyin, qoyun rədd olub getsinlər. Ona görə də Mərifətin onun siftəsini korlamış jurnalstə acığı tutdu, kobud-kobud dedi: - Bə niyə saxlayıb zəhləmi tökürsən? Ala andırını, sür, irədd ol.

Jurnalist sakit şəkildə reaksiya verdi: - Bir qədər mədəni olmazmı?

Mərifət bir az qeyzlənən kimi oldu: - Niyə olmur? Olar. Surunuz, rədd olunuz. Xoçeş i pa-ruski maqu qavarit, idite, pajalusta, na ... yuq.

Daha sonra Mərifət irişə-irişə jurnalistin ağzını əydi: - “Bunu nazirliyinizin mətbuat xidmətinin əməkdaşı Ehsanov”... böyük adamın adını verir mənə.

Jurnalist xəbərdarlıq etdi: - Müstəqil media nümayəndəsini təhqir edirsən, cənab serjant. Səndən yazacam.

Mərifət üzünü bozartdı: - Sürük, ə, burdan. Bu saat səndən mən özüm yazajam (protokol yazmağa işarə edir). Sənin kimisinin əllisini görürəm hər gün.

Jurnalist onu tərs-tərs süzərək maşınına oturdu, avtomobilin günlüyündəki qələmlə eyni yerdəki kağıza Mərifətin soyadını və maşınının nömrəsini yazdı və sürüb getdi.

3-5 dəqiqədən sonra Mərifət vaxtın səmərəli keçmədiyini görərək, hərəkətə keçdi və döngəni yenicə burulan maşına “sağa ver, saxla” işarəsi verdi. Sürücü maşını sağa çəkib saxladı. Mərifət aram-aram maşına yaxınlaşdı və adəti üzrə özünü təqdim etdi: - çavuş Alvdyev.

Bu, onun “Allahverdiyev” deməyiydi. Mərifət özünü həmişə bu sayaq təqdim edərdi.
O, sürücüyə tərəf əyildi, iti burnu ilə salonu iylədi və dedi: - Sənədini ver bura, görüm. Elə bil, işkilisən, əşi? Odekalon işmisəən?

Sürcü molla idi. Ona görə də ağsaqqal reaksiyası mənfi səciyyəli oldu: - Əstəğfürullah, bala, bismillah de, günah eyləmə, məscidə gedirəm, əlimə, üzümə gülab çəkmişəm.

Mərifət dediyini dedi: - Nə olsun, əşi, vuran adam hər yerdə vurur.
Molla geri durmadı: - O haramdır, bala, mən haram...

Mərifət: - Haram niyə olur, əşi, haram odur ki, kiminsə yolunu kəsəsən, şərləyib pulunu alasan.

Belə deyərkən mollanın üzündə necə ifadə yarandısa, Mərifətin başı çöndü, cibindən pribor çıxartdı və dedi: - Bir bunu üfür förüm.
Molla əlini göyə uzadaraq: - Allahı arada gör- dedi, sonra ağ saqqalına işarə etdi: - Saç-saqqalıma hörmət elə, bunu yığışdır.

Mərifət qətiyyət və höcətlik nümayiş etdirdi: - Hərrəmirəm, üfür.

Əlacı kəsilmiş molla sağa-sola baxdı və priboru üfürdü.

Mərifət özündən məmnun halda pribora baxdı: - Bu, başqa məsələ. Sür irə... li, xoş getdin. Amma, ağsaqqal, yadında saxla ki, sənin (əli ilə göyə işarə elədi) öz rəisin var, mənim də öz rəisim. He-he-he.

O, hırıldıya-hırıldaya və təşər-təşər öz maşının doğru qayıtmaqdaykən molla da maşınını işə saldı və dodağının altında söyləndi: - Mənim rəisim qırsın qol-qanadını, inşallah. Mürtəd oğlu mürtəd.

Beləcə, Mərifət öz qanacağını sürücülərə hər gün bu cür göstərə-göstərə, rəislər demişkən, yol-hərəkəti təhlükəsizliyinin keşiyindəydi. Həmin gün o, özü, rəisi və dövlət üçün büdcə vəsaiti toplayıb başa çatdırmağa az qalmış başına dalbadal iki xoşagəlməz iş gəldi. Birinicisi belə oldu.

Beş-altı yeniyetmənin ”Jiquli” markalı maşında qaqqıldaşa-qaqqıldaşa, lotuluq və guya ki, aftoşluq edə-edə gəldiyini görən Mərifət onların qarşısını kəsdi. O, yeniyetmələrə yaxınlaşdı və sənəd istədi. Sükan arxasındakı gədə yekəbaşlıq elədi, irişə-irişə dedi: - Metirkam evdədir. Sonra gətirərəm.

Gözləri bərələn Mərifət sükanın arxasındakı yeniyetmənin qulağından yapışıb maşından düşürdü. O biri uşaqlar da düşdülər. Uşaqlarla onun arasında mübahisə yarandı. Onlar maşının ətrafında bir neçə dövrə vurdular. Nəhayət, cantaraq Mərifət onları söyüb, itələyib qova bildi. Maşını sürən uşaq bir az aralanandan sonra onu türmədə yatıb-çıxmış atası ilə hədələdi. Mərifətin başı yenə çöndü: - Nədi? Vor-zakondur dədən? Get, gəlsin o aftaritet dədən, görək o blatnoydu, yoxsa mən.
Uşaqlar kor-peşman bir az da uzaqlaşdılar. Mərifət onların maşınını döndərib öz maşınının yanına gətirdi. Düşüb gərnəşdi. Uşaqların lideri onu uzaqdan yenə təhdid etdi: - Baxarsan, sənin başına oyun açmaq bizə borc olsun.

Mərifətin gül ağzı açıldı: - Ə get....tullan, ...oğlu, .... oğraşın dölləri... it balaları...
Artıq xeyli aralanmış uşaqlar əl-qol hərəkəti, biədəb jestlər edə-edə onu söyürdülər.

Uşaqlar gedəndən bir qədər sonra Mərifət daha bir əhvalatla üzləşdi. Bu dəfə onu öz əsas instinkti - erkəklik duyğusu pis vəziyyətə saldı.

Ayıq-sayıq yol polisi xarici markalı maşının döngəni sürətlə burulduğunu gördü və dərhal “sağa ver, saxla” işarəsi verdi. Maşın fiti ağzında, çubuğu əlində durmuş Mərifətdən 15 metr irəlidə dayandı. Avtomobildən mini yubkalı, qara eynəkli, boyalı və sarısaçlı gənc xanım düşdü. Onun uzun və çılpaq ayaqlarını görəndə Mərifətin ağzı sulandı, gözü irildi, yaddaşı oyandı.

Hələ dünən YPX binasının qabağındakı skamyada yanaşı oturaraq söhbət elədiyi həmkarı Məharət Mərifətə demişdi: - Sən öl, Mərifət, o maşında gəzən blandinkalar var ey, hamısı quşdu, sən öl. Dünən birini saxlamışdım, təhlif elədim, sən öl, o dəqiqə dedi ki, sənə atkaz yoxdu, rəis. Apardım dənizə. Sən öl.

Mərifət dəqiqləşdirmişdi: - Saallah?
Çavuş: - Bu ölsün, – deyə and içmiş, Mərifətin suratına şappıldatmışdı.

İndi Mərifət həmin “quş”lardan biri ilə üzbəüz durmuşdu. Avtomobildən şarkı səsi gəlirdi: “Bas qaza, aşkım, bas qaza”.

Mərifət sözə, guya ki, nəzakətlə başladı: - Surətıızı artırırsıız, xanım.
Xanım nazlandır - Oy, eləmi? Heç fərqində olmamışam. Türkün sözü, dalmışım – xanim maşına işarə edir: - bu da bir yandan deyir, bas qaza, bas qaza, necə basmışamsa... Prosto ujasno toroplyus.

Mərifət də qərara gəldi ki, söhbəti rusca davam etdirsi:

- Za rulyom, olmaz, apasna dlya jizni. Türkün sözü, trafik canavarına rast gələrsiniz
Xanım yenə işvəkarlıqla: - Aaa, bəs necə yuya bilərəm günahımı, rəis? – dedi və yalandan əlini sumkasına tərəf uzatdı.

DAVAMI

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG