Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:37

Qarabağ problemi artıq həll olunmaq üzrədir?


Prezidentlər soldan - Serzh Sarkisian, Dmitri Medvedev və İlham Əliyev, Soçi 5 mart 2011
Prezidentlər soldan - Serzh Sarkisian, Dmitri Medvedev və İlham Əliyev, Soçi 5 mart 2011

BAKIDA NÖVBƏTİ QARABAĞ ÜMİDİ...

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransa prezidentlərinin ötən həftə verdikləri birgə bəyanatları bu məsələni yenidən gündəmə gətirib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da bəyan edib ki, iyunun ikinci yarısında Dağlıq Qarabağ nizamlanması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya, prezidentlər və xarici işlər nazirləri səviyyəsində görüş keçircəklər: “Burada müəyyən sirr olan məsələlər var. Ümumi istiqamət onu göstərir ki, Dağlıq Qarabağ problemi artıq həll olunmaq üzrədir”(APA).

28 May Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı prezident İlham Əliyev deyib ki, “son aylar bu istiqamətdə ümidləri möhkəmləndirən amillər kifayət qədər çox olub. İlk dəfə olaraq Minsk Qrupunun həmsədr ölkələri tərəfindən status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatlar verilməyə başlanılıb. Yəni, status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.

Hazırda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerikada rəsmi səfərdədir. Onun ABŞ dövlət katibi Hillari Klintonla görüşəcəyi bildirilir.

NƏ BAŞ VERİR?

Nə baş verir? Münaqişənin həlli məsələsinin yenidən müzakirə mövzusuna çevrilməsinə əvvəlkilərdən fərqli səbəb var, yoxsa yenə də hər şey ənənəvi bəyanatlar, hansısa formal sənədlərin imzalanması ilə yekunlaşacaq?

Bu suallarla bağlı bir neçə ekspertin fikirlərini təqdim edirik:

Zahid Oruc

İqtidar yönlü Ana Vətən Partiyasının (AVP) üzvü, deputat Zahid Oruc:

“Hesab edirəm ki, Rusiya sülhməramlı bir nüfuz əldə etmək və öz avtoritetini qaldırmaq üçün həqiqətən də Qarabağ məsələsində nisbi bir çözüm tapılmasını istəyir. Amma bu sonadək Azərbaycanın, yaxud Ermənistanınmı xeyrinə bir çözüm olacaq, bu da hələ ki, mübahisə mövzusudur. Hər haıda, Rusiyanın mövqeyinin gücləndirilməsinə, həm də ilk dövrlər üçün müqavilənin hazırlanmasına xidmət edən bir sənədin gerçəkləşəcəyini gözləyirəm”.

Arif Yunus

Konfliktoloq Arif Yunus:

“Sadəcə olaraq ilk növbədə ABŞ tərəfindən belə səylər göstərilir. Amma bu o demək deyil ki, həqiqətən Qarabağ məsələsi yaxın vaxtlarda həll olunacaq. Bundan öncə də uzun illər görüşlər olub. Kimsə nəsə söz verib, kimsə nəyəsə inandırıb. Amma nəticə göz qabağındadır. İndi də belə olacaq.

Məsələnin belə qabarıq şəkildə yenidən gündəmə gəlməsinin səbəbi sadəcə odur ki, ABŞ regiondakı qaynar nöqtələrlə bağlı hansısa bir addım atmaq, nəsə etmək istəyir.

Amma İsrail Fələstin məsələsi ilə bağlı konkret nəticələr olmadığı kimi, Qarabağa dair də nəsə olacağı inandırıcı deyil. Arif Yunus istisna etmir ki, Rusiyada nəzərdə tutulan iyun görüşündə nəsə bir sənəd imzalansın. Onun sözlərinə görə, imzalansa belə, ümumi xarakterli bir sənəd olacaq...”
XS
SM
MD
LG