Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:40

«Son zəng»in 91 yaşı, «Eurovision-2012»də tıxac problemi və..


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzetinin 31 may sayında «BAKIDAKI «EUROVISION»DA RABİTƏ BİABIRÇILIĞI» başlıqlı məqalə çıxıb. Qəzet yazır ki, Azərbaycan heç vaxt belə bir qısa zamanda – 10 gün ərzində 35-40 min qonaq qəbul etməyib. Yarışmanın Bakıda keçirilməsi ölkədə infrastrukturun vəziyyəti və idarə edilməsi baxımından həm də bir sınaq olacaq. Qəzet məqalənin davamında yazır:

««Eurovision-2012»dən danışanda, indiki durumu qiymətləndirərək qeyd edək ki, ölkənin İKT sektorunun bu möhtəşəm tədbirin öhdəsindən gələ biləcəyi şübhə doğurur. Ölkənin stasionar genişzolaqlı internet şəbəkəsinin aşağı sürətli olması buna bir misaldır. Simsiz internetə gəlincə, burada vəziyyət daha qəlizdir. Məlum olduğu kimi, bu müsabiqədə simsiz rabitə, o cümlədən sürətli internetin rolu daha böyükdür. Yerli və xarici tamaşaçılar SMS-lə səs verməlidirlər. Zaldakı tamaşaçılar isə şəkilləri, video və audio məlumatları göndərməli, onları canlı olaraq yaxınları ilə bölüşməlidirlər. Azərbaycanda isə nəinki 4G, heç normal 3G rabitəsi də yoxdur. Ona görə də yarışma günləri mobil rabitələrimizdə hansı tıxacların yaranacağını indidən proqnozlaşdırmaq olar».

«AZƏRBAYCAN HÖKUMƏTİ «EUROVISION» YARIŞMASINI TƏŞKİL ETMƏYƏ TAM QADİRDİR». «Yeni Azərbaycan» qəzeti Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla müsahibəni bu başlıq altında dərc edib.

Əli Həsənov bildirib ki, «Azərbaycan bu gün postsovet bölgəsinin ən sabit və təhlükəsiz ölkəsidir. Hər il bizdə neçə-neçə beynəlxalq idman, mədəniyyət, ictimai-siyasi və s. tədbirlər keçirilir, dünyanın müxtəlif ölkələrini təmsil edən minlərlə iştirakçılar, jurnalistlər, turistlər Azərbaycana gəlir. Hələ bir dəfə də olsun bu tədbirlərə qatılan hansısa insanla bağlı ölkəmizdə xoşagəlməz hadisə yaşanmayıb. Yəni, beynəlxalq tədbirlərin keçirilməsi sahəsində mənim ölkəmin kifayət qədər təcrübəsi vardır. Son zamanlar yerli və beynəlxalq mətbuatda bu tipli suallara tez-tez rast gəlinir: Görəsən Azərbaycan bu qədər insanı qarşılamağa, yerləşdirməyə, onların təhlükəsizliyini, viza məsələlərini həll etməyə və s. hazırdırmı?
«Son zəng» sovet məktəbi ilə yaşıddır
Bu günlərdə bu məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanında geniş müzakirə də olunub. Birmənalı şəkildə bəyan edirəm: Azərbaycan hökuməti AYB-nin tələbləri çərçivəsində EMM-in keçirilməsi üçün bütün lazımi şəraiti təşkil etməyə, müsabiqəyə qatılan insanların təhlükəsizliyinə, rahatlığına və onlar üçün münbit iş şəraitinin yaradılmasına hazır və qadirdir».

«SON ZƏNGİN 91 YAŞI VAR». Bu məqalə «Yeni Müsavat» qəzetində çıxıb. Qəzet yazır ki, «Son zəng»in tarixi o qədər də qədimlərə getmir, amma yeni də deyil. Bu ənənənin düz 91 yaşı var. Yəni, sovet məktəbi ilə yaşıddır. «Son zəng» adlı simvolik tədbir ənənəsi SSRİ qurularkən yaranıb. Azərbaycanda ilk dünyəvi məktəblər çar Rusiyası dövründə açılmışdı. Lakin həmin tarixə qədər tədris ilinin nə vaxt başlayıb nə vaxt bitməsi haqda heç bir göstərici yox idi. Bundan sonra mayın 25-i sonuncu dərs günü kimi qəbul olundu və həmin gün yığıncaq, toplantı keçirdilər. Ancaq sovet hakimiyyəti yaranandan sonra, yəni 1920-ci ildən başlayaraq həmin günü «Son zəng» adlandırdılar.

«Son zəng»i əksər MDB ölkələrinin məzunları qeyd edir. Ancaq bizdən fərqli olaraq onlarda bu gün fərqli şəkildə - «Vida», «Əlvida», «Məzun günü», «Sonuncu gün» və s. adlanır. «Son zəng» ifadəsi Azərbaycan, Türkiyə və Rusiyada işlənir. Uzun illərdir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərində təntənəli şəkildə qeyd edilən «Son zəng» tədbirlərinə müəyyən məhdudiyyətlər qoyulur. Əvvəllər son dərs günü - mayın 25-i məzunlar üçün bayrama çevrilirdi. Məktəblərdə xüsusi mərasimlər təşkil olunur, ziyafətlər verilir, məzunlar şəhərə, Bakı məktəbliləri xüsusən Dənizkənarı Milli Parka çıxıb əylənirdilər. Lakin hər kəsin yaddaşında silinməz iz qoyan «Son zəng» mərasiminin 2 il öncə aprelin 30-da Neft Akademiyasında baş verən qanlı olayla bağlı təntənəli keçirilməsinə qadağa qoyulmuşdu. Təhsil naziri Misir Mərdanov da məzunları həmin gün kütləvilik yaratmamağa çağırmışdı».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG