Nə Bəxtiyardı
O necə çırpındı fikir selində,
Qəm özü ağardı qara telində.
Dünyanın dərdləri çiyinlərində.
Bu sel sahilləri yuyub apardı,
Şair öz dərdiylə nə Bəxtiyardı.
Dərd hansı rəngdədir?
Qara deyil ki.
Ürəkdəki nisgil yara deyil ki
Bu sel apardığı Sara deyil ki
Ayrılıq necə də haray qopardı
Şair öz dərdiylə nə Bəxtiyardı.
Gözlərdən boylanan qəmə
vuruldu.
Qarışıb bu selə axdı,duruldu.
Kim deyir incidi,ya da yoruldu.
Şair öz dərdiylə nə Bəxtiyardı.
O baxdı,elə bil mələyə baxdı,
Ömrə qəfil əsən küləyə baxdı.
İçində dərd yatan ürəyə baxdı.
Bir ömür boyunca dərdə can atdı,
Şair öz dərdiylə nə Bəxtiyardı.
Xəbərçi külək
Bilmirəm nə dedimsə
Aldı apardı külək
Sözlərimi dilimdən.
Apardı uzaqlara yaylığımı
əlimdən,sığalımı telimdən.
Vurub uçurdu yaman
Necə haray qopardı
Oğurlayıb sözümü
bilməm hara apardı?
Dediyim söz nəydisə
Buludu da oyatdı.
İldırım necə çaxdı,
Bircə anın içində yağış da
yerə çatdı.
Baş açmadım bu işdən
Ilişdim bu kələfə.
Bircə onu bildim ki,
Dediyim söz küləklə
Yayıldı hər tərəfə.
Dedim heç kimə deməz
Sözüm ona sığındı.
Bu”gəzəyən”qızınsa
dili yaman uzundu.
Üzaq olum mən gərək,
deyəsən çərənçidir.
Söz deməyin küləyə
Küləklər xəbərçidir.
Ümid təzə ilədir
Payız bitdi qış gəldi
Çillə təzə başlayıb.
Hələ laldır arzular
Ümid var danışacaq
Dilə təzə başlayıb.
Özüm kimi utancaq,
Qaradinməz arzular.
Eh,gör nələr istəyər,
Eh,gör nələr arzular!
İllər bir-bir dəyişir
Sanki mənlə döyüşür.
Hər dəyişən ilimdə
Bir ümid dişi düşür.
Bax,yenə də çillədir.
Göy üzündə ulduzlar
yenə gilə-gilədir.
Ürəyimə damıb ki,arzularım
deyəsən çiçək açıb uçacaq.
Həyətdə salxım söyüd
Bu il çiçək açacaq.
Ümid təzə ilədir.
Kölgə
Kölgə nə duyğumuzdur,
Nə də hissimiz.
Kölgə ayrılmaz hissəmiz.
Bir ruh kimi bizi izlər,
Sanki bizi əzizlər.
Bilinməz ki, ağlayar,
Ya gülər
Günəşin sayəsində
gözlə görünər.
Dünyanın, cahanın
aynası günəş,
bütün kölgələrin anası günəş.
O ana göylərdə
yanar, yanar.
İşə bax, kölgənin də anası var!
Kölgələr sevməyi bilməz,
Kölgənin göz yaşı bilinməz.
Bir kölgə var,
Nə getməz, nə də sürünməz.
Təkcə tanrının kölgəsi
Gözlə görünməz.