Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:30

Bakıda yol qaydalarını pozanlar


Sürücülərin 50 faizi qaydaya əməl edir, 50 faizi yox
Sürücülərin 50 faizi qaydaya əməl edir, 50 faizi yox
İki ilə yaxındır ABŞ-a köçmüş və burda sürücülük vəsiqəsi alan Nüşabə Abbasova Bakıda maşın sürməkdən imtina edib. O, «burda qayda-qanuna əməl olunmur, maşını sürə bilmərəm» deyir.

Paytaxt sakini Azad Səfərov isə «Bakıda maşın sürə bilən adam dünyanın hər yerində avtomobil idarə edə bilər» söyləyir:

«Sürücülərin 50 faizi qaydaya əməl edir, 50 faizi yox. Kimin ki, pulu var, qaydanı pozan zaman onu polis saxlayanda, bir telefon zəngi ilə buraxırlar, onlar necə gəldi sürür. Amma kasıblar, bizim kimilər qaydalara əməl edir ki, cərimə ödəyəsi olmasınlar».

Azad Səfərov deyir ki, sürücülərin çoxu yolayrıcını gözləmirlər, ötmə qaydalarına əməl etmirlər.

SÜRÜCÜLƏRİN ETİRAFI

Fikrini öyrəndiyimiz digər sürücülər əksəriyyətin yol-hərəkət qaydalarına əməl etmədiklərini deyirlər. Hətta özlərinin də bilə-bilə qaydaları pozduğunu etiraf edən sürücülər oldu:

- «Parkovka» problemdir. Tıxac olur, əks istiqamətə çıxmağa məcbur olursan.

- Kəmərdən istifadə edirsizmi?

- Şəhər içində yox. Uzaq yola çıxanda taxıram. Amma şəhər içində tıxac olur tez-tez. Onda da sürət az olur. Kəmərə nə ehtiyac var ki...

«Parkovka» problemdir. Tıxac olur
- Sürücülər daha çox hansı yol qaydalarını pozur?

- İkinci xətti ayaqlayıb keçir. Qırımızı işığı keçənlər də var.

YENƏ MENTALİTET

10 ildir sürücülük kursunda dərs deyən Vaqif Cumayevin fikrincə, paytaxt sürücülərinin çoxu üçün qayda pozuntusu bir vərdişə çevrilib və o, bunun səbəbini də «mentalitetdə» görür:

«Sürücülərin çoxu səbirsizdir, hövsələsizdir. Bir də bisavaddır».

Vaqif Cumayev deyir ki, adətən rast gəldiyi qayda pozuntuları bunlardır:

«Dönmə hərəkətindən əvvəl dönmə işıqlarını yandırmırlar. Qanunda var ki, sürücülər bir-birlərinə hörmət etməlidirlər, amma bu mədəniyyət çox aşağıdır, bir-birlərinə dost gözü ilə baxmırlar. Nişanlara əhəmiyyət vermirlər, əks istiqamət yoluna çıxırlar, yüksək sürətlə hərəkət edirlər».

CƏRİMƏLƏRDƏN BÜDCƏYƏ ÖDƏNMİŞ VƏSAİT

Bu il yanvarın 1-dən mayın 25-nə kimi paytaxt polisi 127 mindən çox sürücünü cərimələyib. Bu ilin 1-ci rübündə yol hərəkəti qaydalarını pozanlar dövlətə 3 milyon manatdan çox vəsait ödəyib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, bu rəqəmlər ötən ilin müvafiq dövrü ilə müqayisədə az olsa da, 100-dən çox sürücü və piyada ölüb, 400-dən çoxu müxtəlif
Vaqif Əsədov

xəsarətlər alıb.

Müsahibimiz deyir ki, ötən illə müqayisədə kəmər taxanların sayı da azalıb.

«Bu ilin yanvarından indiyə kimi 128 minə yaxın sürücü cərimə olunubsa, bunun 8 mini məhz kəmər taxmayanlardır».

Bəzi sürücülər deyirlər ki, qaydanı pozan zaman Yol Polisi ilə dil-tapıb yüksək cərimədən yayınırlar. Amma Vaqif Əsədov bu fikirlərlə razılaşmır.

Piyadalar da tez-tez yol-hərəkət qaydalarını pozurlar. Onlar keçidlərdən və ya piyada üçün nəzərdə tutulmuş yerlərdən keçmək əvəzinə avtomobil yolunu keçirlər, bununla da təhlükəli vəziyyət yaradırlar. Vaqif Əsədov deyir ki, onlar piyadaları qayda-qanuna tabe etmək üçün bir neçə ildir ki, «Diqqət, piyada!» aylığı keçirirlər. Bu aylıq çərçivəsində isə yüzlərlə piyada 10 manat cərimə olunub.

KEÇİD VƏ KƏMƏR PROBLEMİ

Piyada Nazilə Ağayeva isə gileylənir ki, bəzi keçidlərdə mağazalar olduğundan orda hərəkət etmək çətinlik yaradır. Bəzi yerlərdə isə nə svetofor var, nə də piyada keçidləri:

«İndi bu yoldan keçməliyəm. Mütləq qaydanı pozmalıyam. Burdan adamlar keçir, amma heç nə yoxdur».

Piyadalar da tez-tez yol-hərəkət qaydalarını pozurlar
Amma Bakı şəhər Dövlət Yol Polis İdarəsinin sözçüsü Vaqif Əsədov bunu bəhanə hesab edir, deyir ki, sürücü də, piyada da qayda-qanuna tabe olmalıdırlar.

MƏHDUD GÖRÜNMƏ NEÇƏ METRDƏNDİR?

Reportaj zamanı bəzi sürücülər arasında kiçik bir test etdik. Soruşduq ki, «məhdudiyyətli görünmə» termini nə deməkdir?

- Məhdud görünmə? Yəni yolun bir hissəsi görünmür.

- Qara «plyonka» nəzərdə tutulur?

- Yolun neçə metri görünmür?

- 2-3 metri.

- Yox, 20-25 metr.

Cavab: «Məhdudiyyətli görünmə» duman, yağış, qar və başqa şəraitdə,
habelə toranlıqda yolun 300 metrdən az məsafədə görünməsidir.

CƏRİMƏ «QILINCI»

Hüquqşünas Ərşad Hüseynov deyir ki, Azərbaycanda yol-hərəkət qaydalarını pozmağın ən başlıca səbəbi həm piyadaların, həm də sürücülərin ictimai mənafeyi anlamamalıdır. «Sürücü, piyada dərk etmir ki, onun yol verdiyi qayda pozuntusu nəticəsində kiminsə sağlamlığına ziyan vurula, kimsə ölə bilər», - deyən hüquqşünas burda yol polislərinin də məsuliyyəti olduğunu deyir. O hesab edir ki, qayda pozuntusuna yol verən piyada, sürücü daim cərimə «qılıncını» başı üstə görsə, axırda məcbur olub qaydaya əməl edəcək.

Ərşad Hüseynov deyir ki, maarifləndirmə və inzibati metodların işə salınması ilə yol mədəniyyətinin yaxşılaşmasına nail olmaq olar.
XS
SM
MD
LG