Belçikadakı Carrefour supermarketlər şəbəkəsi «Renova» tualet kağızlarının satışını dayandırıb. Buna həmin ölkədə yaşayan müsəlmanların etirazı səbəb olub.
İş orasındadır ki, «Renova» kağızlarının üzərində Zodiak işarələrinin şəkilləri əks olunub. Lakin bəzi müsəlmanlar hesab edirlər ki, Qız və Oğlaq bürclərinin təsviri ərəb dilində «Allah» və «Məhəmməd» kəlmələrinin yazılışına bənzəyir.
Belçikanın «La Capitale» saytı yazır ki, Brüsselin Molenbek rayonundakı iki məscidin nümayəndələri mağazaya müraciət edərək bu kağızın istehsalçıları ilə maraqlanıblar. Alıcılar tərəfindən açıq və rəsmi şikayət olunmasa da, Carrefour-un Belçika rəhbərliyi söz-söhbət yaranmamış müəmmalı məhsulu satışdan yığışdırmaq qərarına gəlib.
Hələ 2 il öncə Fransada yaşayan müsəlmanlar həmin məhsulun satışına narazılıqlarını bildirmişdilər. Elə o vaxtdan «Renova» kağızlarının satışı rəsmən dayandırılmışdı. Buna baxmayaraq, bu günlərə qədər həmin növ tualet kağızını Belçika mağazalarında tapmaq mümkün idi. Bir neçə gün əvvəl isə qeyri-rəsmi tapşırıqdan sonra bu məhsul tamamilə yığışdırılıb.
Bu arada federal polis də tualet kağızının qeyri-adi dizaynı ilə maraqlanmağa başlayıb. Yerli polis bu məsələnin bəzi radikalların əlində bəhanəyə çevriləcəyindən çəkinir. Bununla belə, Molenbekin bəzi müsəlman sakinləri sayta verdikləri müsahibədə həmin məhsulda pus bir şey görmədiklərini, bu məsələnin həddən artıq şişirdildiyini bildiriblər.