Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:11

Kiçik sahibkar və vergi müfəttişi


Vergi müfəttişinin kassa aparatına müdaxiləsi qanunsuzdur
Vergi müfəttişinin kassa aparatına müdaxiləsi qanunsuzdur
«GƏLDİ, KASSA APARATINI DA KODA SALDI GETDİ»

«Azər adlı vergi müfəttişidir, gəldi, dedi razılıq ver, qol çək, sənə 400 manat cərimə yazım. Razılaşmadım. Kassa aparatının da dilini bilmir. Saldı koda getdi, indi bilmirəm hara zəng edim, sözümü kimə deyim».

Daşkəsən sakini Gülnar Həsənova AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, vergi müfəttişləri ona mağazasında rahatlıq vermirlər. Deməsinə görə, mağazanın qohum-qonşuya nisyə dəftəri ilə xidmət göstərməsi azmış kimi, vergi orqanının əməkdaşları qazandığını əlindən almaq istəyirlər:

«Əllərində kağızlar gətirib, o kağızlarda da onlara aylıq pul verməyənlərin adlarıdır. Gəlib ki, sənə cərimə yazmalıyam. Deyirəm gəldin məni tutdun ki, mən alver elədim, çek vermədim? Deyir yox. Deyirəm bəs bunu nəyə görə mənə yazmalısan?».

Mağaza sahibi deyir ki, vergi işçisi mağazanın kassa aparatına da müdaxilə edib və aparatı koda salıb.

«MƏN TƏK CANIMLA SİZİN ÜÇÜN İŞLƏMƏLİYƏM?»

« - İndi gərək kassa aparatına görə bir də Gəncəyə gedəm. Vergi müfəttişinin adı Azərdir, Gəncədən gəlir, Daşkəsən üzrə müfəttişdir. Dağlıq rayondur, işləyən obyekt yoxdur, hamı bir-birini tanıyır, camaat hər şeyi gəlib nisyə alır, təqaüd alandan alana verir borcunu. Belə zülm olar? Deyirəm mən tək canımla sizin üçün işləməliyəm? İki yetim saxlayıram.

- Vergi işçisi Sizdən nə qədər pul istəyirdi?

- Deyir razılıq ver, qol çək, sənə 400 manat cərimə yazım».

Namizəd Səfərov

Hüquqşünas Namizəd Səfərov deyir ki, vergi müfəttişi istənilən obyektə rəsmi yoxlama qərarı ilə getməlidir:

AĞILDAN KEÇƏN RƏQƏMLƏR

«Bu, Azərbaycanda vergi orqanları ilə istehsalçılar arasında tipik münasibətlərdən biridir. Vergi orqanları istehsalla məşğul olan sahibkarlara qarşı belə metodlardan istifadə edirlər. Gəlir, vergidən əlavə olaraq onun iş fəaliyyətinə, ərazinin kvadratmetrinə baxır, sonra onun dövriyyəsini nəzərdən keçirir və ağlına gələn bir rəqəm deyir ki, sən hər kvartalda bu qədər pul verəcəksən. Bu, qeyri-rəsmi tələb olunan puldur. Vergi müfəttişləri rübdə, ildə gəlib yoxlama keçirməyə hüquqları var. Lakin bu, Vergi Departamentinin qərarına əsasən olmalıdır. Vergi müfəttişi həmin obyektə qərarla gəlməlidir ki, vergi departamentinin rəisinin göstərişi ilə səyyar yoxlamaya gəlib».

Hüquqşünasın deməsinə görə, vergi müfəttişinin kassa aparatına müdaxiləsi qanunsuzdur:

«Vergi orqanı işçisinin yoxlama apardığı mağazada kassanı işə salmaq, yaxud onu bağlamaq hüququ yoxdur. O, həqiqətən də həmin istehsal sahəsində qanun pozuntusu, vergidən yayınma halı aşkar edibsə, həmin istehsal sahəsinin fəaliyyətini dayandıra bilər. Bu da yalnız məhkəmənin qərarı ilə ola bilər. Sahibkar vergi işçisinin qanunsuz tələbləri, yaxud kassa aparatına qanunsuz müdaxilə barədə inzibati iqtisad məhkəmələrinə müraciət edə bilər».

Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov isə AzadlıqRadiosuna bildirdi ki, kiçik sahibkar Gülnar Həsənovanın şikayəti ilə bağlı araşdırma başlayıb:

«Nəticəsi barədə məlumat verəcəyik».

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

XS
SM
MD
LG