Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 07:50

Zaur Qərib. İnsan ömrü (Cizgilər...)


Bir insan gedir qarşımdan,

Harasa tələsir,

Tələsə - tələsə,

Məndən öncə girir

Metro stansiyasına...

Yenə də tələsir...

Hara tələsir?!

Qarşısındakıları itələyir,

Kartı qoyur,

Keçir...

İlk addımını atır ekskalatora...

Dayanır,

Sağa – sola boylanır,

Sanki, kimisə arayır...

Ekskalator isə elə hey yerin altına –

Stansiyaya şütüyür...

Üzərindəki insanları endirməyə,

Yükdən azad olmağa tələsir...

Bu adam da tələsə - tələsə,

Öz – özünə pıçıldayır,

Danışır kiminləsə...

Önündə, arxasında dayanan laqeyd adamlara

Baxır, gülür yenə bu adam...

Baxan, dəlidir sanır bu adamı...

Eskalatorun sonu girdabı xatırladır ona

Amma qorxmur gülür –

Bütün qaranlıqlara,

səhmanasız sürətlərə

və çəkisiz yüklərə...

Nəhayət,

Çatır ekskalator yerin altına...

Hamı enməyə tələsir...

Bu adam əli sinəsində

Yenə gülür,

Birdən diz çökür,

Elə bu çöküşlə də,

Gözlərini yumur,

Ölür, ölür bu adam,

Ölür... laqeydlikdən.



29 Aprel 2011,
Bakı şəhəri
XS
SM
MD
LG