Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

«Qoşulmamaq hərəkatı»na qoşulmaq Azərbaycana nə verəcək?


Azərbaycan «Qoşulmamaq Hərəkatına» qoşulmağa qərar verib.

Mayın 25-dən 27-nə kimi Hərəkatın İndoneziyada keçiriləcək 16-cı konfransında Azərbaycan bu quruma tamhüquqlu üzvü olacaq. İndiyə qədər Azərbaycan bu hərəkatda müşahidəçi qismində iştirak edib. «Qoşulmamaq Hərəkatı» dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Bu hərəkat 1961-ci ilin sentyabrında 25 ölkənin iştirakı ilə Belqradda yaradılıb.

Azərbaycanın bu qərarı ilə bağlı bir neçə ekspertin fikirlərini təqdim edirik:

Politoloq Hikmət Hacızadə:
Politoloq Hikmət Hacızadə
- Azərbaycanın belə bir addım atması daha çox Rusiya və İrandan olan təzyiqlərin qarşısını almağa hesablanıb. Ola bilsin İranla hansısa münaqişə gözlənilir və ya Rusiya NATO-ya görə Azərbaycanı qısqanır. Bu hər iki ölkəyə bir mesajdır ki, baxın biz neytralıq, ərazimizdən sizə təhlükə filan olmayacaq.

Belə bir hərəkata qoşulma Qarabağ münaqişəsinin həllində Azərbaycana hər hansı üstünlük vermir.



Azərbaycan Atlantik Əməkdaşlıq Asossasiyasının sədri Sülhəddin Əkbər:
Azərbaycan Atlantik Əməkdaşlıq Asossasiyasının sədri Sülhəddin Əkbər

- NATO-ya inteqrasiya yolunu seçən ölkənin birdən-birə belə bir addım atması qeyri-ciddi görünür.

Bakı bir tərəfdən 2007-ci ildə qəbul etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında göstərilir ki, Azərbaycanın strateji hədəfi Avroatlantik məkana inteqrasiyadır. Avroatlantik məkanın əsas institutu da NATO-dur. 2010-cu ildə qəbul edilən Hərbi Doktrinada da NATO-Azərbaycan münasibətlərinə ötəri yer ayrılıb. Yəni rəsmi Bakının indiki davranışları ciddi görünmür.

Hakim siyasi elita Rusiya ilə gələcəkdə də əməkdaşlığı gücləndirmək niyyətində olduğundan bununla özünün manevr imkanlarını artırmış olur. Amma mən hesab etmirəm ki, bu addımın qarşılığında Rusiya Qarabağla bağlı Azərbaycanın atacağı hər hansı addıma göz yumsun. Rusiya bu konfliktləri zaman qazanmaq üçün yaradıb. Öz gücünü bərpa edəndən sonra düşünür ki, bu dövlətlər onun təsir dairəsindən çıxa bilməyəcək.


Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov isə deyir ki, Azərbaycanın «Qoşulmamaq hərəkatı»na qoşulması o demək deyil ki, ölkə indiyə qədər apardığı siyasətdə hansısa dəyişiklik edəcək:
Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov

- Yox, biz Avroatlantik məkana inteqrasiya prosesini başlamışıq və bu prosesi davam etdirəcəyik. Ancaq bu da o demək deyil ki, biz NATO və ya hansısa təşkilatın üzvü olmaq istəyirik. İnteqrasiya heç də üzv olmaq demək deyil. Həm NATO, həm Avropa Birliyi ilə başlanan əməkdaşlıq davam edəcək.

Elxan Poluxov Azərbsaycanın Rusiya və İranı qıcıqlandırmamaq baxımından adı çəkilən hərəkata qoşulması barədə səslənən fikirlərlə də razılaşmır. Deyir ki, Azərbaycan həm xarici, həm də daxili siyasətini müəyyənləşdirəndə öz milli maraqlarının əsas götürür. XİN rəsmisinin deməsinə görə, Azərbaycan bu Hərəkata necə qoşulursa elə də onu tərk edə bilər.

HƏRBİ EKSPERTLƏR NƏ DEYİR?

Hərbi ekspert Üzeyir Cəfərov
Hərbi ekspertlər də indiki məqamda ölkənin belə hərəkata qoşulmasına müsbət yanaşmırlar. Həmin ekspertlərdən biri olan Üzeyir Cəfərovun deməsinə görə, Azərbaycan hər hansı bloka qoşulmamaq siyasəti ilə əslində NATO bu vaxta qədər qurulan əməkdaşlığa xələl gətirmiş olur.

Ekspert hesab edir ki, sözügedən hərəkatın prinsiplərinə əsasən Azərbaycan ən yaxın müttəfiqi olan Türkiyə ilə münasibətlərinə yenidən baxmalıdır. Üzeyir Cəfərovun sözlərinə görə, bu məsələ ilə bağlı xeyli suallar var və yaxşı olar ki, rəsmi qurumlar birdə-birə belə bir addımın atılmasının zəruriliyi ilə bağlı ictimaiyyətə məlumat versinlər.
XS
SM
MD
LG