Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:44

Kişilik söhbəti, seçki dərsi...


“Əsl kişilik odur ki, başqasının haqqını yeməyəsən”

“Yeni Müsavat” qəzeti son sayında vəkil Aslan İsmayılovdan Avropa Birliyi parlamentinin Azərbaycanda insan haqlarının pisləşməsini tənqid edən qətnaməsinə münasibətini öyrənib. Vəkil bildirib ki, beynəlxalq təşkilatlar, Avropa demokratiya, insan haqlarına hörmət tələb edirsə, əsl kişi hərəkəti əslində budur:

“Mənim baxışıma görə əsl kişilik odur ki, başqasının haqqını yeməyəsən. Azərbaycan parlamentində oturanların əksəriyyəti başqalarının haqqını yeyib orada oturublar. Başqasının haqqını yemək nakişilikdir. Haqq sözü deyən gəncin cibinə nəşə qoyub şərləyib türməyə basmaq və buna haqq qazandırmaq kişilikdən deyil. Mənim dünyagörüşümdə isə haqq sözü dediyi üçün şərlənib həbs olunan gəncləri müdafiə etmək kişilikdəndir. Gözəl Bayramovanı haqq tələb etdiyinə görə qolu zorlu polisləri onun üstünə salıb döyə-döyə həbs etmək kişilikdən deyil. Anası ilə parka çıxıb ”Azadlıq" çığıran 5 yaşlı uşağı qoltuğuna alıb anasının bağrını yarmaq kişilikdən deyil”.

“Kreml Azərbaycan kimi seçki keçirə bilməz”

“Azadlıq” qəzeti isə “Putinin məqsədi sərvətini qoruyub saxlamaqdır” sərlövhəli yazısında şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovun “Turan”a verdiyi müsahibəni yayımlayıb. «Kreml Azərbaycan və ya Türkmənistandakı kimi seçkilər keçirə bilməz, Moskvaya demokratik imic lazımdır» deyən Harri Kasparov həm Rusyadakı son vəziyyəti, həm də ərəb dünyasındakı prosesləri şərh edib:

- Mən əminəm ki, dünya böyük dəyişikliklərin astanasındadır. 20-ci əsrin ən yaramaz irsi - diktator rejimləri- bu gün, 21-ci əsrin əvvəllərində dağılmağa başlayıblar. Azərbaycana gəlincə, sizin Rusiyadan əsasən fərqiniz monarxiya elementinin olmasındadır. Başqa məsələdir ki, Azərbaycan kimi böyük olmayan ölkələrin tez-tez oriyentirləri dəyişərək manevr etmək imkanı var və hakim rejimi saxlamağı və iqtidarda qalmağı əsaslandırmaq üçün bu və ya digər kombinasiyalar qura bilirlər.

Buna, əlbəttə ki, Qarabağ amilini əlavə etmək lazımdır. Ilham Əliyev bundan müddətsiz legitimliyi üçün istifadə edir. Ermənistanda da analoji vəziyyət yaranıb. Hərbi münaqişənin mövcudluğu həmişə demokratik dəyərləri və institutları boğmağa imkan verir. Bu mənada Ilham Əliyev yetərincə bacarıqlı siyasətçi oldu.

“Mən onu heç vaxt səhv etməyən adam kimi tanımışam”

“Yeni Azərbaycan” qəzeti 20 mayda dərc olunan sayında prezindent İlham Əliyevin qızı Leyla Əliyevanın “RİA-Novosti” agentliyinə müsahibəsini yayımlayıb. Leyla Əliyeva bu müsahibədə babası, Azərbaycanın keçmiş prezidenti, mərhum Heydər Əliyevlə bağlı xatirəsini bölüşüb:

“Mən indi başa düşürəm ki, nə qədər böyük bir insana yaxın olmuşam və nə qədər böyük bir insanla söhbətlərim olub. Hətta onunla beş dəqiqə söhbət edənlər belə ondan çox qiymətli dərs ala bilirdilər. Amma mən onu hər gün görürdüm. Bu, heç nə ilə müqayisə olunmayacaq böyük təcrübə idi. Ən təəccüblüsü də bu idi o, heç vaxt sənin nə etməli olduğunu demirdi, istəyirdi ki, sən həmişə özün qərar qəbul edəsən. Mən onu səhv etməyən və hər zaman çətin vəziyyətdən çıxış yolu tapan bir şəxsiyyət kimi tanımışam. Onun üçün qeyri-mümkün heç nə olmamışdır. Buna görə də düşünürəm ki, nəyəsə inanırsan və nəyisə çox arzulayırsansa, ona nail olacaqsan”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG