Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:12

Mahir Qarayevin yeni şeir kitabı


“Qanun” nəşriyyatı Mahir N. Qarayevin “Poetik silsilələr toplusu” adlanan yeni kitabını nəşr edib.

Topluya beş poetik silsilə və iki poetik traktat daxil edilib.

“Media forum” saytı şairin “Yerin-göyün Tanrısı” adlı poetik traktatından bir parçanı oxuculara təqdim edirik.

Sən – başqasan,
Mən – başqayam;
Mənim yerim ayaqdadır, Sən – başdasan!

Sən bəndənin Allahısan,
Mən Allahın bəndəsi;
Sən – Tanrısan, Mən – bir qara qarışqayam...

Özün seçdin bu yolu Sən,
bu yol – Sənin yolundur;
yol üstündə hər nə varsa, qolubağlı qulundur...

Qolubağlı bir qulunam,
dayanmışam yolunda –
gözləyirəm, Tanrı gəlib yoldan haçan keçəcək;

Uzaqbaşı gəlməyəcək,
keçməyəcək bu yoldan,
keçəndə də öz qulunu tapdayacaq, keçəcək...

Mən – Allahın bəndəsiyəm,
Sən – bəndənin Allahı;
Tanrısına qul olanın nə azarı, nə dərdi?!

İndi durub nə deyəsən,
neyləyəsən Sən axı?! –
özün seçdin bu yolu Sən, özün kəsdin bu şərti...

Şahə qalxmış at kimisən,
dəmir nalın pud kimi –
dırnağından od tökülür hər yala, hər yalmana;

Ürəyimdə çat kimisən,
kürəyimdə yük kimi –
ilan kimi dil çıxarıb mənəm sənə yalmanan...

Sən – tapdayıb ucalansan,
Mən – tapdanıb kiçilən,
kiçildikcə içimdəki tifil Tanrı filləşir;

Qarışqaya dönən filəm
ayağın altında mən –
ayağının altına bax, gör əlinə nə keçir...

Gör əlinə nə keçəcək
qarışqadan, ya fildən –
bəs gözünə özün boyda Tanrı dəysə qəfildən?!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG