Rusiya prezidenti Dmitri Medvedev son 3 ildə ilk mətbuat konfransını keçirib.
Bu mətbuat konfransına “Skolkovo” Innovasiya Mərkəzi seçilmişdi.
800-dən çox jurnalistin gəldiyi mətbuat konfransında Medvedevdən soruşulub ki, yenidən prezidentliyə namizədliyini verəcəkmi?
Medvedev: “ Siyasi həyat şou deyil. Bu mürəkkəb işdir və müəyyən qaydalara tabedir. Belə qərarlar yetişəndə verilməlidir”.
“Belə qərarları elan etmək üçün başqa məqamlar seçilməlidir. Mətbuat konfransları yox. Mən nə vaxt qərara gəlsəm, onda elan edəcəyəm.”
PUTİN HAQDA
Medvedev: “Bizim Putinlə münaisbətlərimiz təkcə tandem deyil. Bu, 20 ildən çox davam edən münasibətlərdir. Biz doğrudan da həmfikirik. Ancaq bu o demək deyil ki, bizim fikirlərimiz hər zaman üst-üstə düşür. Bu cansıxıcı olardı. Ancaq strategiyada biz yaxınıq. Başqa cür olsaydı, birlikdə işləyə bilməzdik”.
“Elə rəqabət var ki, kömək edir, elə rəqabət var ki, dalana aparır.”
“Prezident siyasi qüvvəni yarada bilərmi? Bilər. Burda pis heç nə yoxdur. Prezident partiyanın üzvü ola bilərmi? Məncə, belə də olacaq. Biz əvvəllər düşünürdük ki, əgər prezident partiyanın sədri olsa, ölkəyə lazım olan konsensus pozula bilər. Ancaq indi vəziyyət dəyişib”.
“HÖKUMƏTİ İSTEFAYA GÖNDƏRMƏK HÜQUQUMDAN İMTİNA ETMƏMİŞƏM”
Medvedevə sual verilib ki, seçki ərəfəsi hökuməti istefaya göndərə bilərmi?
Medvedev deyib ki, onun belə səlahiyyəti var, o bundan imtina etməyib.
Prezident bildirib ki, hökumətdə gurultulu istefalar ona görə yoxdur ki, hökumətdən ayrı-ayrı halqaları qoparmaq düzgün deyil. “Hökumət saat kimi işləyir”.
QUBERNATORLARIN YARISI DƏYİŞDİRİLİB
Medvedev deyib ki, o , prezident olandan qubernatorların yarısı dəyişib. Bəzilərini o istefaya göndərib, bəziləri özləri gediblər.
“Bu, hakimiyyətdə ciddi dəyişiklikdir. Bu, çox vacibdir. Heç kim hakimiyyətə əbədi gəlmir. Gənclərə yol verilməlidir”.
AVROPA MƏHKƏMƏSİNİN QƏRARLARI HAQDA
Medvedev: “ Rusiya insan haqları üzrə Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmək fikrindədir. Hərçənd bu qərarların bəziləri siyasi motivlidir”.