Polis Mayın 15-də Müsavat Partiyasının Sumqayıt təşkilatının qərargahına toplaşan müxalifətçiləri çölə çıxarıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən yerli təşkilatın sədr müavini Sərvər Bağırovun sözlərinə görə, polis onlara heç bir izahat vermədən qərargahı boşaltmağı tələb edib.
Bu gün Sumqayıtda İctimai Palatanın regional şöbəsinin təsis konfransı keçirilməlidir. Konfrans saat 4-ə təyin olunub.
Sumqayıtda fəaliyyət göstərən bəzi yerli müxalifət təşkilatlarının rəhbərləri isə polis bölmələrinə çağırılıblar. Sumqayıt rayon polis idarəsindən AzadlıqRadiosuna faktla bağlı izahat verməyiblər.
Müsavat partiyasından bildirirlər ki, polis qəragahın əvvəlki qıfılını dəyişib, özləri ilə gətirdikləri qıfılı qapıya vurublar. Müsavatçılar narahatdırlar ki, polis onların iştirakları olmadan qərargaha girib ora istədikləri şeyi qoya bilərlər.