Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 01:27

“Özümü hansısa sirli maddəni almağa çalışan kimyagər kimi hiss edirəm”


Yazıçı, dramaturq Afaq Məsudun "525-ci qəzet"ə müsahibəsi


– Siz əsasən yazıçı kimi tanınırsız. Ancaq pyesləriniz də uzun illərdir müxtəlif teatrlarda səhnəyə qoyulur.

Hal-hazırda Akademik Milli Dram Teatrında sizin yeni pyesiniz əsasında hazırlanan tamaşanın məşqləri gedir.

Dramaturgiyaya müraciət etməyinizin səbəbini bilmək istərdik. Bu, özünü yazıçılıqda sona qədər ifadə edə bilməməkdən, qəhrəmanlarını canlı görmək istəyindən, yoxsa, başqa bir səbəbdən irəli gəlir?


–Düzü, heç vaxt ağlıma gəməzdi ki, nə vaxtsa səhnə əsəri yazacağam. Bilirsiz ki, mənim nəsrim əsasən, insanın təhtəlşüur qatı, onun iç dünyasıyla bağlıdır ki, bu da çılpaqlığı və hadisəliliyi sevən səhnə sənətinə tamamilə zidd bir üslubdur.

Lakin belə oldu ki, 2004-cü ildə mənim “Can üstə” hekayəm nəşr olundu və bu əsər “Yuğ” teatrının bədii rəhbəri, istedadlı rejissor Vaqif İbrahimoğlunun diqqətini çəkdi. O, bu hekayənin alt qatında sezilən daha dərin informativ axıntılarla, müasir teatr estetikasının

"Təhtəlşüurun səhnəyə çıxış yolu tapılmalıdır. Müasir insanı maraqlandıran və narahat edən məqamlardan biri və ən əsaslısı da budur. Vaxtı ilə bununla Freyd məşğul olurdu. Lakin onun kəşfləri elmi nəzəriyyə səviyyəsindən o yana keçmədi".
tələblərinə cavab verə biləcək gizli situasiyaların zənginliyi ilə tamaşa prespektivli olduğunu bildirdi. Əslində o, yanılmamışdı.

Hekayə həqiqətən də, neçə illərdən bəri yazılmaqda olan yeni romanımın içindən çıxarılmış epizodlardan biri idi və romanın ayrı-ayrı fəsillərinə yayılmış bu hadisənin şaxələri burda hekayənin yığcam formatına sıxışdırılmışdı.

Hekayəni pyesə çevirmək Vaqifin təklifi oldu. Nəsrimin özəlliklərinə görə dramaturgiya ərazisinə keçməyimin mümkünsüzlüyünü əslində mənə, mərhum rejissor qardaşım – dünya dramaturgiya mədəniyyətinə dərindən bələd olan Eyvaz təlqin etmişdi, onun tələbəlik dostu olan İbrahimoğlu isə bunun əks versiyasını irəli sürür, məni, teatrın maraqlı, baxımlı, insan duyğularına təsir edə bilən istənilən əsərdən yarana biləcəyinə inandırırdı... Mən ürəkləndim və “Can üstə” pyesini işləməyə başladım.

Vaqif İbrahimolğlunun rəhbərliyi və köməkliyi altında gedən bu iş hədsiz çətin və ağrılı bir proses idi. İlk dəfə idi ki, mən daxili yaşantıları hadisəyə və dialoqlara çevirməyi, səhnə dilinə gəlməyən bir çox, mənə hədsiz əziz hiss və duyğularımdan imtina etməyi öyrənirdim. İlk səhnə əsərim olan “Can üstə” belə yarandı.

Məhz “Can üstə” mənim bir yazıçı kimi, nəsrdən dramaturgiyaya keçidimdə körpü rolunu oynadı və sözün əsil mənasında, böyük uğur qazandı. Olsun ki, bu uğur, yaxud, mənim bilmədiyim daha nə isə neçə illərdən bəri üzərində işləyib tamamladığım romanıma olan marağımı heçə endirib. İş hətta o yerə çatıb ki, mən bu irihəcmli əsəri pyeslərə parçalamaq fikrinə düşmüşəm.

Səbəb – neçə illərdən bəri nəsrimə gizli-gizli damızdırdığım gizli dünyanın – insanın iç həyatını burda – səhnədə aşkarlanmaq imkanıdır.

Düzdür nəsr, kitab zaman səddlərini aşmaq baxımından daha etibarlı və uzunömürlüdür, lakin səhnə – istənilən zaman və məkan çərçivələrində reallığa və cəmiyyətə sirayət etmək qabiliyyətinə malikdir ki, bu da bir müəllif kimi mənim üçün böyük əhəmiyyət kəsb edir. Nəsrin cəmiyyətə təsir qüvvəsi ilə teatrın təsir gücünü müqayisə etsək, bunun təxminən, musiqinin cəmiyyətə olan təsiri ilə sosial-iqtisadi göstəricilərin təsiri qədər fərqli olduğunu anlayarıq.

–Dramaturgiyanı nəsrdən fərqləndirən əsas cəhətlərdən biri – ədəbi əsərdə yaradılmış qəhrəmanın tamaşada bir ayrı şəkil alması, bəzən yazıçının təsəvvüründəki obrazdan fərqlənməsidir.

Bir müəllif kimi sizi hansısa aktrisanın ya aktyorun yaratdığınız obrazı təsəvvürlərdə dəyişə bilməsi narahat etmir ki?


– Bu, hər bir yazıçı üçün ağrılı bir məqamdır. Təsadüfi deyil ki, Markes öz obrazlarının yaradıldığı kimi qorunub saxlanılması naminə “Yüz il tənhalıqda” romanının səhnələşdirilməsindən, yaxud kino-lentə alınmasından daim imtina edir.

Əsərin tamaşaya qoyulması, yaxud kino-lentə alınması – yazıçının tənhalıqda, mübhəm hisslərlə yazıb-yaratdığı əsərini bir növ, rejissora, səhnə və lent özəlliklərinə təslim etməsidir ki, burda da sözsüz ki, meydana müəyyən uyarsızlıqlar və fikir ayrıqlıqları çıxır.

Akademik Milli Dram Teatrı
Bunun nəticəsi olaraq, əsər də, obrazlar da, müəllifin bədii niyyəti də mütləq nə isə itirir. Hətta tamaşa və kino uğur qazansa belə. Bu mənada, yazıçının əsaslı dayağı kitabdır. Bir onu heç bir qüvvə nə dəyişə, nə təhrif edə bilər.

Məni də sakitləşdirən – pyeslərimin gələcək nəsillərə kitab halında saxlanılacağıdır.

– Sizin ilk səhnə əsəriniz “Yuğ” teatrında səhnələşdirilib. Bu teatrın özəl estetikası – səhnənin itirilməsidir.

Yəni tamaşaçının da əsər boyu özünü səhnədə hiss etməsi, sanki hadisələrin iştirakçısına çevrilməsidir. Bu mənada, Akademik Milli Dram Teatrı ilə “Yuğ” teatrı arasında fərqli cəhətlər nədən ibarətdir?..


– “Yuğ” un öz atmosferi var. Bu, tamaşaçının az qala əli ilə toxuna biləcəyi məhrəm bir mühitə düşməsi, dediyiniz kimi, əsərin iştirakçılarına çevrilməsidir ki, bu da milli teatr məkanımız üçün önəmli və qeyri-ənənəvi bir özəllikdir. Akademik Milli Dram Teatrının səhnəsi isə tamam ayrı şərtlər ehtiva edir.

Bu, klassik tamaşa atributlarını özündə cəmləyən, həyata və insanlara müxtəlif prizmalardan baxmaq imkanı qazandıran, kifayət qədər geniş imkanlı bir səhnədir. Bu gün hələ hazırlıq prosesində olan “Qatarın altına atılan qadın” əsərim məhz belə bir imkanları olan səhnə tələb edir.

Əslinə qalanda, “Can üstə” pyesi də belə bir səhnəyə hesablanmış əsərdir. Sadəcə, İbrahimoğlu onu “Yuğ” – un estetikasına uyğunlaşdıraraq, kiçik səhnədə tamaşaya qoydu. Lakin düşünürəm ki, bu əsərin böyük səhnədə də oynanılmasına ehtiyac var.

– Yeri gəlmişkən, son vaxtlar Akademik Miili Dram teatrında ciddi islahatlar aparılır. Bu barədə də fikirlərinizi bilmək istərdik.

– Akademik Milli Dram Teatrı əlbəttə ki, ölkə teatrlarımızın flaqmanıdır və bu mənada, bu sənət ocağına daha həssas yanaşılmalıdır.

Heç kimə sirr deyil ki, son illər bu teatrda, eləcə də digər teatrlarımızda qəribə bir süstlük, intellektual tamaşaçının teatr binalarından uzaq düşməsi, tamaşa salonlarının süni şəkildə doldurulması və sair bu kimi hallar müşahidə olunmaqda idi ki, bu da – ümumilikdə teatr sferamızda köklü islahatların aparılması zərurətindən xəbər verirdi.

Bu zərurət 2009-cu ildə ölkə Prezidentinin Milli teatr sənətinin inkişafı ilə bağlı Dövlət Proqramının qəbul olunması ilə nəticələndi ki, bu da teatr sahəsində köklü islahatların həyata keçirməsini günün vacib tələbinə çevirdi.

Həmin bu islahatların bu gün Akademik Milli Dram teatrında davamlı və prinsipial şəkildə həyata keçirilməsi, sözün əsl mənasında sevindirici haldır.

Teatr binasının mükəmməl səviyyədə təmiri, dünya teatrı tələblərinə cavab verən yeni texniki avadanlıqlarla təchizi, neçə illərdən bəri eyni müəlliflər və rejissorlarla işləyən bu sənət ocağına yeni yaradıcı qüvvələrin – gənc rejissorların və aktyorların cəlb edilməsi, yaradıcı heyətlə, dünya teatr məkanı praktikasında olduğu kimi, müqavilələr əsasında iş əlaqələrinin qurulması, beynəlxalq teatr məkanına inteqrasiya istiqamətində görülən əhəmiyyətli işlər, dünya teatrları ilə iş birliklərinin qurulması, repertuarın yeniləşdirilməsi və sair bu kimi dəyişikliklər burda mütərəqqi bir teatrın qurulmasından xəbər verir. Lakin labüd bir həqiqət bundan ibarətdir ki, hər bir yeniləşmə, dəyişmə, islahatlar ağrısız və zədəsiz ötüşmür.

Yeni dalğa mütləq özü ilə kimlərinsə ürəyincə olmayan, kimisə nədəsə qane etməyən rahatsızlıqlar və ləngərtilər gətirir.

Bir məsələni anlamaq lazımdır ki, bu gün Akademik Milli Dram Teatrında gedən islahatlar teatr rəhbərinin əlahiddə şıltaqlığı yox, Zamanın tələbi, bütövlükdə Azərbaycan mədəniyyətinin uğuruna aparan yolun başlanğıcıdır.

A.Çexovun "Albalı bağlı" Yuğ teatrında tamaşa qoyulub. 2009
Bu yeniləşməyə, bu tərəqqiyə sevinməyin, köməklik göstərməyin əvəzinə, süni əngəllərin yaradılması, düşünürəm ki, ümumilikdə mədəniyyətimizin inkşafına yönələn düşmən zərbəsindən savayı ayrı bir şey deyil.İllər uzunu çökmüş durumda yaşayan bir teatrın yeniləşib, dəyişib, tamamilə ayrı bir səviyyədə zühur etməsinə ilk növbədə, yeni qan və bu ocağın süqutuna xərclənmiş zamanın (onilliklərin) müəyyən hissəsi gərəkdi.

– Sizcə, İsrafil İsrafilov qarşıya qoyulan məqsədlərə nail ola biləcəkmi?

– Bəli, mən ona inanıram. Bu gün sözü gedən bu teatra, bu ocağın mənəvi sahibi rəhmətlik Tofiq Kazımovun tələbəsi, onun ideya davamçısı, sənətşünaslıq elmləri doktoru İsrafil İsrafilov rəhbərlik edir.

Bu teatrın daxili həyatına yaxın olanlar bu gün bu sənət ocağında tamamilə yeni bir ab-havanın baş qaldırdığını, rəhmətlik Ədil İskəndərovun nizam-intizamının, teatrdaxili etik qaydaların yavaş-yavaş işə düşməyə başladığını, burda uzun illərdən bəri itirilmiş sənət məsuliyyətinin bərpa olunmaq istəyini hiss edə bilərlər.

Yaxın günlərdə teatrın qonağı olan Gürcüstanın Marcanaşvili teatrının baş rejissoru Levon Tsuladze ilə görüşümüz zamanı belə məlum oldu ki, o, burda tamaşa qoymaq və Azərbaycan dramaturgiyasını Gürcüstan teatrlarında təbliğ etmək niyyətindədir.

Beləcə, bu gün Polşa, Litva, Ukrayna, Krım teatrları ilə, İtaliyanın məşhur Pikkola teatrı ilə əlaqələr yaradılır. Levonla söhbətlərimiz zamanı belə məlum oldu ki, yaxın qonşumuz olan Gürcüstan teatrlarında nəinki tamaşa vaxtı boş yerlər olmur, hətta tamaşaçılar tamaşa bitdikdən sonra belə zalı tərk etmir, teatrın foyesində qalır, orda çay, qəhvə içə-içə təəssüratlarını bölüşməkdən xüsusi zövq alırlar.

Düşünürəm ki, Azərbaycan teatrı da yaxın zamanlarda belə bir cazibə qüvvəsini əldə edəcək. Bu gün bu istiqamətdə kifayət qədər işlər görülür.

–Son vaxtlar dünya teatrında belə tendensiya yaranıb ki, səhnəyə texniki köməkçi vasitələr – ekran görüntüləri və sair gətirilir. Bununla hardasa teatrla kinonun sərhədlərini itirmək məqsədi güdülür. Sizin buna münasibətiniz necədir?

– Teatr – mənim üçün mistik bir məkandır. Burda adi söz, yaxud qəfil bir hərəkət salonu riqqətə gətirib şahə qaldırmağa, yaxud tamaşaya qədər olan durumunu tamamilə dəyişib yeniləşdirməyə qadirdir.

Teatrın dediyim bu mistik qüvvəsi haqqında dünya ədəbiyyatında neçə-neçə əsərlər də yazılıb. Mistika olan yerdə, düşünürəm ki, texnika acizdir və əgər belə vasitələrə əl atılırsa, bu, əsərin, yaxud rejissorun acizliyindən, onun bədii imkansızlığından xəbər verir.

–Sizin əsərlərinizdə psixoloji qat və insanın təhləlşüuru üstünlük təşkil edir. Maraqlıdır, nəsrinizin bu cəhətini səhnəyə çıxara biləcəksizmi?..

– Təhtəlşüurun səhnəyə çıxış yolu tapılmalıdır. Müasir insanı maraqlandıran və narahat edən məqamlardan biri və ən əsaslısı da budur. Vaxtı ilə bununla Freyd məşğul olurdu. Lakin onun kəşfləri elmi nəzəriyyə səviyyəsindən o yana keçmədi.

Ədəbiyyatın gücü isə elmin adlaya bilmədiyi ənginlikləri fəth edə bilmək qüdrətindədir. Bu mənada, əgər dediyim həmin o təhtəlşüur qatında baş verənlər səhnəyə çıxış yolu tapa bilsə, bu, nəinki Azərbaycanda, düşünürəm ki, dünya teatr məkanında bir inqilab olacaq.

– Sizcə dramaturgiyanın yazıçı Afaqa təsiri necə ola bilər? Bu sizi yazıçı kimi unutdura, yaxud əksinə sevdirə bilərmi? Belə bir düşüncə sizi həyəcanlandırmır ki?

– Heç bir həyəcan yoxdur. Əvvəla, dəfələrlə demişəm ki, ictimai fikir heç vaxt mənim üçün elə bir əhəmiyyət kəsb etməyib və bu bu gün də belədir. İkinci səbəb “Can üstə” tamaşasının kifayət qədər uğur qazanmasıdır.

Bir də mənə elə gəlir, dramaturgiyam elə nəsrimin davamıdır və məhz buna görə də qeyri-ənənəvidir. İndi qarşımda duran əsas məsələ – nəsrdən dramaturgiyaya keçiddə yaşanan əngəllikərin mahiyyətinə varmaq, bu maneələrin və səddlərin incəliklərini daha dərindən anlamaqdır.

Mən bu sirri olsun ki, yaza-yaza açağacam. Həqiqətən qəribədir. Hər ikisi ədəbiyyatdır, biri səhnədə, o birisi kağızda baş verir və aralarında bu boyda uçurum var...

– Əsərlərinizdə dialoqlardan qaçırsınız. Amma dramaturgiya sırf dialoqdur...

– İndi yeni bir pyes üzərində işləyirəm. Çalışıram, orda ümumiyyətlə, dialoq az olsun. Çalışıram, tamaşa insanın ruhi qatında baş verən hadisələri canlandıra bilsin, bu dildə danışsın.

İndi bütün bu çalışmalarla mən özümü laboratoriyada kimyəvi reaksiyalarla hansısa sirli maddəni almağa çalışan kimyagər kimi hiss edirəm. Maddələri bir-birinə qatıb, alınacaq son rəngin dəyişməsini, yaxud tüstülənməsini gözləyirəm...

Əgər bu baş tutarsa, düşünürəm biz tamamilə yeni bir teatrın astanasında olacağıq, insan təfəkkürü üçün tamam yeni bir mərhələ açılacaq...

P.SULTANOVA
"525"

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG