Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:34

"Əgər Allah insanların ürəyindən sürgün edilibsə, mən nədən yazım?"


Yazıçı Zümrüd Yağmurun "Allah qayıdır?!" romanının ("Qanun" nəşr.) Azadlıq Radiosunun "Oxu zalı"nda müzakirəsi başa çatıb. Ənənəmizə uyğun olaraq sonda müəllifin tənqidlərə münasibətini də dərc edirik (yazılı müsahibə).


- Zümrüd xanım, sizin romanınız haqda yazılarda kifayət qədər sərt tənqidlər də oldu. Öncə bu müzakirədən ümumi təəssüratınızı bilmək istərdik.


- Mən peşəkar şəkildə tənqidlə məşğul olmuşam və tənqiddə tənqidçinin əvvəldən əsərdə nəyə köklənməsinin, orda nəyi görmək istədiyini sonrakı nəticəyə çox böyük təsiri olduğunu bilirəm.

Adətən tənqidçi əsərə obyektiv qiymət vermək əvəzinə öz tənqidi mülahizələrini əsaslandırmaq üçün əsərə subyektiv yanaşır.

Yazıçı hər hansı bir əsəri yazarkən onu tənqidçilərin tərif, ya da tənqid etməsi üçün yazmır, ilk olaraq istədiyini və oxucusu üçün yazır. Bu baxımdan oxucu marağı daha obyektiv meyar kimi, əsərin dəyərini ifadə edir.

“Allah qayıdır?!” romanı ilə bağlı ən müxtəlif dairələrdə aparılan müzakirələr və müşahidələrim onu göstərir ki, əsər oxucu marağına səbəb olub.


"Tehran Əlişanoğlunun bu roman haqqında fikirləri daha çox Krala olan münasibətdən narazı qalan və Krallığın təəssübünü çəkən vəkilin mövqeyinə bənzəyir".

"Cavanşir Yusifli tənqid yazanda əsər haqqında yox, yazara münasibətinə görə məqalə yazır "
Oxucunun fikri əsasdır yazar üçün və Nərmin Kamalın da əsər haqqında qeyd etdiyi kimi “cəmiyyətin bütün gücü bir qrup paraziti yemləməyə gedəndə bu əsər gücsüzün gücüdür”.

- Həmin "baltanı kökündən vuran" tənqidlərdən biri bu idi ki, sizin roman ümumiyyətlə bədii mətn deyil, yazar müşahidələrinizi bədiiləşdirə bilməmisiziniz...

-.Siz baltanı kökündən vuran tənqid deyəndə yəqin ki, Cavanşir Yusiflini nəzərdə tutursunuz.

Səmimi şəkildə deyim ki, bu tənqidçinin yazısını heç axıra qədər tam oxumadım da, niyə, çünki onun bir tənqidçi kimi əsərə, tənqidə hansı müstəvidən baxdığını hələ illər öncə mənim H.Cavid haqqında yazdığım monoqrafiyaya yazdığı qeydlə müəyyən etmişdim.

O zaman rəyçilərdən biri monoqrafiya haqqında yazmışdı ki, Cavid ilk dəfə bu monioqrafiyada psixo-analitik yöndən təhlil olunub.

Bilirsinz bu qeydin yanında C. Yusuflinin yazdığı qeyd nə idi.

“Nə olsun, cox böyük iş görüb?” Zənnimcə, bu qeyddən bəlli olur ki, C.Yusifli tənqid yazanda əsər haqqında yox, yazara münasibətinə görə məqalə yazır və bu əxlaqlı tənqid sayıla bilməz.

C.Yusiflinin yazısını obyektiv tənqid hesab etmədiyimdən, “Allah qayıdır?!” haqqındakı qeydlərinə münasibət bildirib vaxt itirmək istəmirəm.

- İndi Azərbaycanda bir roman bumu yaşanır, bunu mənfi qiymətləndirən də var, müsbət də. "Dəbə uyub roman yazdığınız, amma iflasa uradığınız" haqda fikirlər də oldu... Başqa bir fikir o oldu ki, hərə bir kral düzəzldib, qabırğasına döşəyir, adını roman qoyur...

-Tənqidçilər qəribədi, roman yazılmayanda da qınayırdılar, yazılanda da qınayırlar. Mən dəbə uymamışam və ümumiyyətlə bütün sahalərdə dəbə münasibətim odur ki, kor-korənə dəbə uymaq boşluq əlamətidir.

İnsanın özünün imkanlarını nəzərə almadan paltar dəbinə kor-korənə uyanda gülünc ola bildiyi kimi yazar da öz potensialını nəzərə almadan yazıya qalxışanda eyni vəziyyətə düşə bilər.

Dəblə yazı yazmaq iddiasında olanlar ədəbiyyata bəlkə də yeni addım atanların işidir, mən ilk hekayəmi 21 il öncə “Ədəbiyyat” qəzetində elə Tehran Əlişanoğlunun orda işlədiyi bir vaxtda dərc etdirmişəm və tələsik bir roman dərc edib populyarlaşmaq kimi əndişəm yoxdur.

“Kral düzəldib qabırğasına döşəməyə” gəlincə bu ifadə də Tehran Əlişanoğlunun yazdıqlarındandır və tənqidçi yazısına lətifə ilə başlayıb, amma bu bənzətmədə iflasa uğrayıb.

Birincisi, mən kral düzəltməmişəm, mənim yaşadığım ölkədə krallıq var, bunu kimsə görüb, ya da deməyə cəsarət edib “düzəltmək” kimi anlamağa çalışırsa demək ki, hələ onların qəlbinə Allah qayıtmayıb.

Mən Ərəb ölkələrindən Mübarək də gətirməmişəm, burda”doğma” diktatorumuz varkən daha birini gətirməyə ehtiyac yoxdur.Tənqidci əslində avtoritarizmin cəmiyyətdə yaratdığı sosial-psixoloji travmaları ədəbiyyata gətirməyi “kral düzəldib qabırğasına döşəmək”sayırsa artıq bu təkcə əsərə deyil, həm də cəmiyyətin gerçəkliklərinə adekvat olmayan münasibətdir.

Tənqidci bir tərəfdən “kral düzəltmək” deyir, bir tərəfdən də irad tutur ki, yazılanlar elə gündəlik xəbərlərdə də var.

Təbii ki, mən Aydan, başqa planetlərədən qəhrəmanlar, ya da süjet xətti gətirmək niyyətində deyiləm,öz ölkəmin insanın yaşantısını, ya da yaşadığım cəmiyyətin problemlərini qələmə almağa çalışmışam.

O ki, qaldı, Tehran müəllimin yazdığı lətifəyə, “Allah qayıdır?!” əsərinə bir az diqqət və başqa yöndən baxılmağa çalışılsaydı aydın görünərdi ki, mən tənqidi məqalədə vurğulandığı kimi Kremlin qabağında oturub Ağ evin, ABŞ prezidentini tənqid etmirəm, buna cəsarət və hünər tələb olunmur, amma mən cəsarətlə elə öz ölkəmdə oturub krallıq edənləri tənqid etmişəm.

Bu halda Tehran müəllimin yanaşmasından belə görünür ki,o Kremlin qarşısında durub elə Kremil sahibini müdafiə etmək konteksindən münasibət bildirir.

Tehran Əlişanoğlunu mən təqribən 20 ildir tanıyıram və o yazar olaraq qələmimə inandığı kimi, mən də onun tənqidçi kimi qələminə inanıram, amma Tehran Əlişanoğlunun bu roman haqqında fikirləri daha çox Krala olan münasibətdən narazı qalan və Krallığın təəssübünü çəkən vəkilin mövqeyinə bənzəyir. Vaxtı ilə Soljenitsını sovet tənqidçiləri də çox amansız tənqid edirdilər çünki o zaman da Kremlin mövqeyinə qarşı çıxmaq indi Azərbaycanda krallığı tənqid etmək qədər cəsarət tələb edirdi.

Cəsərət isə heç vaxt dəblə ortaya çıxmır, çünki o həmişə risk tələb edir.

- Sizcə romandakı hadisələri bir-birinə bağlayıb süjet ətrafında birləşdirə bilmisinizmi? "Əsl hadisə xarabazarlığı" - romanınıza belə də deyildi.

- Bunu C.Yusifli yazıb və mən münasibətimi artıq bildirdim. Xarabazarlıq əslində bu tənqidçini aşağı səviyyəli düşüncələrində, ya da qərəzində ola bilər və bunu təhlil edib araşdırmaq mənim işim deyil .

Ədəbiyyat dedi-qodu, şəxsi qərəzlik yeri deyil mənə görə, ya da kiminsə, hansı tənqidçininsə kiçik, xırda hisslərlə yaşadığını dartışmaq da mənim stilim deyil.

- Sizcə yazıçı oxucunun əvəzinə obraz və hadisələr haqda nəticə çıxara, yəni onun pis, yaxud yaxşı adam olduğunu açıq tekstlə deyə bilərmi? Elnarə Tofiqqızının yazısında bu fikir səsləndi ki, siz tez-tez müdaxilə edib oxucunu nəticə çıxarmaq imkanından məhrum edirsiz.

- Ədəbiyyatda, həyatda da insanın yaxşı, pisə bölünməsinin əleyhinəyəm və elə peşəkar tənqidlə məşğul olanda bu haqda öz fikirlərimi geniş şəkildə yazmışam, insan elektron deyil ki, onu mənfi, müsbətə ayırasan.

Latın Amerikası ədəbiyyatından bir hekayə oxumuşdum. Qatil kimi aranan biri zəngin şəxs sayğın sayılan adamların dincəldiyi yerin yaxınlığında gizlənir, çay kənarında oynayan uşaqlardan biri çaya düşür, ordakı hörmətli, “yaxşılardan” kimsə onu xilas etməyə cürət etmir, o qatil çaya atılıb uşağı xilas edir.

Demək insanı, yaxşı, pislə dəyərləndirmək olmaz və belə yanaşma insana zahiri yanaşmadır.

Əsərdə də yaxşı, pis deyə bir obraz yoxdur, ümumiyyətlə, obrazların şəxsi yaşantılarının təsvirinə yer ayırmamışam, ya da çox az ayrımışam, mən sadəcə insanları cəmiyyətdəki mövqeyinə görə təqdim etmişəm və bir cümlə göstərin ki, məsələn, mən yazım ki, Kral pisdir, Azər yaxşı adamdır, belə bir hal yoxdur, sadəcə obrazların düşüncə və əməllərərinin təqdimatı var və bu əməllərdə kimsə pis olaraq meydana çıxırsa bu artıq müəllifin müdaxiləsi ilə deyil, onun əməllərinin nəticəsi olaraq ortaya çıxır.

Mənim müəllif kimi müdaxiləm var, amma iddia edildiyi kimi obrazlara deyil.

Cəmiyyətdə baş verənlərə, insanların bu baş verənlərə münasibətinin izahına, bütünlükdə toplumun halının təhlilində nələrisə ortaya qoymaqda müəllif kimi müdaxilə edib aşardırmaq, toplumun niyə bu hala gəldiyini ortaya qoymaq istəyirəm, məsələn araşdırmaq istəyirəm ki, niyə rüşvət bu qədər yayılıb, niyə ac insanlar onları əzənlərin qarşısında bu qədər əyilib ikiqat olur, niyə öz talelərinə biganədirlər.

Müəllif kimi yalnız bu hallarda müdaxi etmişəm və Nərmin Kamalın da qeyd etdiyi kimi”siyasi romanlarda yazıçı öz çağdaşlarının, həmyerlilərinin dolayı hakimi kimi çıxış edir və bu hakimə ölkənin hüquq hakimlərindən daha çox inam olur”.

Romanda arxa planda bir müəllif obrazı var və bunu heç gizlətməyə də çalışmamışam, bunu əsərin zəifi kimi ortaya qoymaq məncə düzgün deyil.

Klassik ədəbiyyatda da bunun nümunələrinə kifayər qədər rast gəlmək olar.

Onda biz Hüqonu Allahın işlərinə qarışımaqda belə günahlandıra bilərik, çünki yazar
Zümrüd Yağmur Azadlıq Radiosunun Bakı bürosunda
“Səfillər” əsərində Napoleonun məğlubiyyəti haqqında müəlifi kimi uzun bir təhlil verir və sonda bu qənaətə gəlir ki,” Allah Fransanın bundan sonrakı tarixində Napoleona yer ayırmamışdı.

- Və öfkə məsələsi. Siz müxalidət düşərgəsində olan insansız. Sizcə bu sizə bir yazıçı kimi mane olmur ki?

- Nərminin yazısı “Yaşadığımız ölkə haqqında öfkə” adlanırdı və həmin məqlədə bir çümləni xatırladım,” Dünyada yazıçı etirazına hörmət ənənələri var.”

Bizdə məhz yazarın özünə məxsus etiraz formasına hörmət yoxdur.

Müxalifətçilk məsələsəninə gəlincə heç bir partiyanın üzvü olmasam da, mövqeyim bəllidir. “Azadlıq” qəzetində köşələr yazıram, çünki ölkədə o qədər problemlər var ki, onları romanların yazılmasına saxlamaq olmur, insanın ürəyini deşir.

Mən qəlbimin qaranlıqla dolmasını istəmirəm, könülü olaraq gözlərimi gözəlliklərə qapayıb öfkə ilə yaşamaq da istəmirəm.

Bütün normal insanlar kimi rahat yaşamaq istəyirəm. Ancaq bu gün bir qrupun hakimiyyət, sərvət ehtirası yüz minlərlə insanı rahat yaşamaqdan, ləyaqətlə ömür sürməkdən məhrum edibsə, yaşadığım ölkədə işıq yoxdursa nə edim, ya Allah doğrudan da insanların ürəyindən sürgün edilibsə nədən yazım, İblisin tüğyanında mələklərin eşqindən yazmaq olmur axı…

Bəzən elə burdakı yazıların altında şərhlər gedirdi ki, əsərdən işıq yoxdur, nə bilim zəhər-zəqqum tökülür, inkişafı görmək istəmirəm.

Varsa göstərin o inkişafı mənə, mən də olanı bütün gözəlliyi ilə görüm. Müxalifət düşərgəsində olmam yazar olmama mane olmur, amma yaxşı və rahat yaşamama mane olur.

Hiss etdiyim qədər suaların sonuna gəldik , amma elə suaların ruhunda da ancaq neqativ qeydlərə tuşlanma hiss olunmaqdadır, amma o sərt dediyiniz tənqidlərdə pozitiv yanlar da kifayət qədər vardı, məsələn Kənan Hacı əsər haqqında pozitiv bir yazı ilə çıxış etmişdi, ya da Nərminin yazısında kifayət qədər pozitiv notlar vardı, Səadər xanım əsəri indiyə qədər son dövrün hadislərinin ədəbiyyatda ən cəsarətli təsviri kimi dəyərləndirmişdi, sizsə sərt tənqidlərdən başladınız sona qədər də bu ampluada gedirsiniz.

Niyə, çünki yaşadığımız ölkədə neqativ bir aura var və o hər şeyi özünə tabe edib. Bundan qurtulmaq üçün o auranı yaradan səbəblərdən qurtulmaq lazımdır. Bunu anlamaq üçün həkim, ya da psixoloq olmaq lazım deyildi.

Bu ölkədə insanların ürəyi kimliyindən asılı olmayaraq işıqlı və ümidli deyil, “Allah qayıdır?!” romanında da məhz bu ölkənin insanları təsvir olunub.

- Son olaraq bilmək maraqlı olardı, indi nə üzərində işləyirsiniz, ya da işləmək planınız varmı?


-Mən “Allah qayıdır?!” romanından sonra “Qadın olmaq” əsərini yazmışam, əsər tam hazırdır, amma hələ dərc edə bilməmişəm, mümkün olarsa sentyabrda dərc etməyi düşünürəm.

Sonra başqa bir roman üzərində işləyirdim, yenicə bitirmişəm, tək qalan adıdır, “Cənnətdə atəş”, ya da “Diriləri basdırın” olacaq yəqin, hələ müəyyən edə bilməmişəm.

İnsanın güc əldə etməsi uğrunda hər şeyi ayaqlarını atına alıb hətta günahlarını pilləkən edib qalxması, sonda bu günahların belə onu buraxması və tənhalığa məhkumluğu təqdim etməyə çalışmışam.

İnsan əzilməmək üçün deyil, əzmək üçün gücə sahiblənməyə çalışır, mahiyyətdəsə bu güc həmişə hər şeyə sahib olduğunu zənn edənin özünə qarşı çevrilir. Mən buna inanıram və elə inadığımı da əsərin ruhuna gətirməyə çalışmışam.

Həmçinin oxu
Zümrüd Yağmur "Allah qayıdır?!" (Romandan parça)
Cavanşir Yusifli. Əsl hadisə xarabazarlığı
Nərmin Kamal. Yaşadığımız ölkə haqqında öfkə
Tehran Əlişanoğlu. Qrotesklə illüstrələr arasında
Kənan Hacı. Həqiqətən də Allah qayıdır
Elnarə Tofiqqızı. “Allah qayıdır?!” – siyasi publisistikanın ədəbiyyatdakı növbəti uğursuzluğu
Səadət Cahangir. Bəzən ədəbi tənqid yazıçı ilə oxucu arasına “girməyə” aciz qalır

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG