Keçid linkləri

2024, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 10:53

Nəsib Nəbioğlu. Heykəl it


.
Nəsib Nəbioğlu


HEYKƏL İT

Moskvada "İnqilab" metrosunda it heykəli var. Gəlib-keçənlər itin başına tumar çəkdiklərindən başının rəngi dəyişib...



Əzəldən sirr qalıb it məhəbbəti,
Bəndələr bu sirri hələ də bilmir,
Bu it heykəlinə sığal çəkənlər
Evdə uşağının burnunu silmir.

İt bezib - ötəri tumardan bezib,
Yaxşı ki daşlaşıb səsi də çıxmır.
Dikib gözlərini bircə tərəfə
Heç gəlib-keçənin üzünə baxmır.

Az qalır bağrına basalar onu,
İnsandan əzizdir itlər burada.
Sevgi bəsləyənlər itə-pişiyə
Yazıq insanları salmazlar yada.

Dolana-dolana itin başına
Dinənin üstünə bağırıb çoxu.
Bu itin başını tumarlamaqla
İti itliyindən çıxarıb çoxu.

Bu boyda şəhərdə, qərib şəhərdə
Yurdsuzun, yersizin ovqatı yoxdur.
Burda qərib kimi yaşayanların
Bu heykəl it qədər urvatı yoxdur.

Çoxları susubdu heykəl it kimi
Danışmaz, söyləməz ehtiyacından.
Hələ yaranandan sığal görməyən
Öz iti bəlkə də ölür acından.

Yazıq it bezmədi insan əlindən
Bu əllər həddini çox aşmasaydı,
Baş alıb qaçardı bu it bu yerdən
Ayağı mərmərə yapışmasaydı.

Moskva

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG