Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:54

Rəşad Məcid ən yüksək balı kimə verdi?


“Onluqda elə əsərlər var ki, onları oxuduqlarına görə Nigar xanım münsiflərə kompensasiya verməlidir”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Kitab Mükafatının münsifi Rəşad Məcid deyib. Onun sözlərinə görə, onluqdakı əsərləri içərisində münsifi təəccübləndirən də, kədərləndirən də əsərlər olub.

Onluqdakı əsərləri 3 qrupa bölən R. Məcid bildirib ki, ən maraqlı əsər, rus dilində yazılsa da Natiq Rəsulzadənin “Xonxarı” romanıdır:

“Mən ilk ən yüksək 9 ballıq qiyməti Natiq Rəsulzadə, Etimad Başkeçid, Paşa Qəlbinur və Məqsəd Nura verəcəm.

Etimad Başkeçidin əsərləri ilə əvvəldən tanış idim, yaxşı yazıçıdır, Paşa Qəlbinur tanınmış şairimizdir, ilk nəsr əsəri yazıb və maraqlıdır.

Məqsəd Nurun hekayələri ilə tanış idim, amma onun “Şəhər meri” romanı mənim üçün sürpriz oldu, mən çox bəyəndim. Ona görə də ən yüksək balla bu əsərləri qiymətləndirdim.

Mənim fikrimcə əvvəl zarafatla desəm də , indi tam ciddiyyətlə deyirəm ki, rusca yazılsa da, birinci yerdə olmağa ən çox Natiq Rəsulzadənin şansı var. Güman edirəm ki, başqa sürprizlər də ola bilər”.

Rəşad Məcid növbəti 8 ballıq qiyməti isə Natella Osmanlı, Mirmehdi Ağaoğlu və Azər Abdullanın əsərlərinə yazıb:

“Mirmehdi Ağaoğlu bizim cavan və istedadlı nasirdir. Təəssüf edirəm ki, bu əsərdə bir az vulqarizmlər var, məhz buna görə də ola bilsin ki, münsiflərin bir çoxu bu əsəri yüksək qiymətləndirməyəcək. Amma ilk qələm təcrübəsi kimi məqbuldur”.

O, Natella Osmanlının və Azər Abdullanın romanlarının da maraqlı olduğunu söyləyib.

O, Azər Abdullarının “Sarı Tağ” romanı barədə deyib ki, kaş ki, 60-70-ci illər Ermənistanda baş verən hadisələr, davam edib sonrakı münaqişə illərinə qədər uzanaydı. Onun sözlərinə görə, elə bil ki, müəllif qəfildən əsəri sonlandırıb.

Rəşad Məcid bəyənmədiyi əsərlər barədə qeyd edib ki, onluqda elə əsərlər var ki, onları oxuduqlarına görə, Nigar xanım münsiflərə kompensasiya ödəməlidir:

“Əlbəttə mən bunu zarafatla deyirəm. Bizim əziz dostumuz Nəriman Əbdürrəhmanlının romanını oxumaq mənim üçün çox üzücü, darıxdırıcı proses oldu”.

Məcid Əbdürrəhmanlının əsərində də bilik və təhkiyəsi yerində olsa da, psixoloji
məqamdan yapışıb darıxdırıcı üslubla hansısa oxucu dairəsinin marağını qazanmaq çətin məsələ olduğunu qeyd edib:

“İndi XXI əsrdir. İnsanlar informasiya içərisində yaşayırlar. Ona görə də bədii əsərdə bədiiliklə yanaşı insanlara informasiya çatdırılmalıdır ki, oxucu mütaliə prosesində darıxmasın.

Nərimanın əsərində bu yox idi. Pərvizin və Aslan Quliyevin əsərləri mütaliə prosesinin çətinliyinə görə daha arxa sıralarda dayanırlar”.

Rəşad Məcid Milli Kitab Mükafatının Azərbaycanda kitab nəşrinin inkişafına, mütaliə məsələlərinin artmasına, kitaba marağın oyanmasına böyük xidmət göstərdiyini bildirib.

İnternetdəki səsvermə ilə bağlı münasibət bildirən münsif bunu oxucu rəyi deyil, sadəcə informasiya texnologiyalarına yaxşı bələd olan,

“Facebook” sosial şəbəkəsində çoxlu dostu olan hansısa yazıçının fəallığı adlandırıb:

“Demək olmaz ki, orda kimsə əsəri oxuyub qiymət verib, həqiqətən oxucu səsidir.

Bu yanlış qiymətləndirmədir. Kim internet məkanında daha fəaldırsa, kimin dost-tanışı çoxdursa, ona səs verirlər. Səsvermənin obyektivliyinə inanmaq olmaz”.

Nərgiz Ehlamqızı


Həmçinin oxu
Rəşad Məcid müsabiqənin başlanğıcında nə proqnoz vermişdi?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG