Almaniyada qadınlar kişilərdən 23 faiz az maaş alırlar.
Bu, göstətrici son 3 ildə dəyişməz qalır.
Rəsmi rəqəmləri açıqlayarkən hökumət bildirib ki, aradakı maaş fərqinin 66 faizi qadınların kişilərə nisbətən daha az bacarıq tələb edən işlərdə çalışması ilə bağlıdır.
Ancaq hökumət onu da etiraf edir ki, qalan 34 faiz bərabərsizliyin nəticəsidir: eyni işə görə qadına kişiyə nisbətən daha az maaş verilir.
Almaniyanın şərqində bu bərabərsizlik daha çoxdur. Burda qadınlar kişilərdən 25 faiz az maaş alır.
Almaniyanın İG Metal Həmkarlar İttifaqı bildirir ki, əmək bazarında qadın olmaq əvvəlcədən qeyri-bərabər vəziyyətə düşməkdir.
Həmkarlar İttifaqı həmçinin şirkət rəhbərliklərində qadınların zəif təmsil olunmasından narazıdır və qadınlara şirkət rəhbərliklərində kvota ayrılmasını təklif edir. Ancaq Angela Merkel hökuməti belə kvotanın əleyhinədir.
İG Metal Həmkarlar İttifaqının fikrincə, cəmiyyətdəki ictimai fikir də problemin həllinə mane olur: Almaniya cəmiyyəti ananın işləməsinə pis baxır. Cəmiyyət uşaq pulunu artırmağa meyillidir.
Gələn həftə Almaniyanın hökumət rəsmiləri və ölkənin 30 ən böyük şirkətinin rəhbərləri görüşüb, şirkət rəhbərliklərində qadınların təmsilçiliyi məsələsini müzakirə edəcəklər.
Almaniyada qadınlarla kişilərin maaş fərqi haqda rəqəmləri hökumət rəsmi elan edir. Azərbaycanda belə rəsmi göstərici yoxdur. Ancaq maraqlıdır, Azərbaycanda belə fərq nə qədərdir?