Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Çörəyi şəkildən çıxanlar bulvardan niyə qovuldular?


Fotoqraflar qazandıqlarının 70 faizini bu şirkətə ödəməli olur
Fotoqraflar qazandıqlarının 70 faizini bu şirkətə ödəməli olur
Bakı Dənizkənarı Bulvar İdarəsinin fotoqrafı Nadir Əkbərov «Qaynar xətt»ə şikayət edib ki, 15 ilə yaxın fotoqraf kimi işlədiyi bulvarda indi ona əngəllər yaradılır. «Şam prodakşn» adlı şirkət bulvara ayaq basandan fotoqrafların günü-güzəranı yoxdur. Fotoqraflar qazandıqlarının 70 faizini bu şirkətə ödəməli olur. Fotoqraf danışır:

QAZANDIĞIMIZIN 70 FAİZİNİ ƏLİMİZDƏN ALIRLAR

«Dənizkənarı bulvarda 15 ildən artıq əmək kitabçası əsasında işləmişik. 2008-ci ildən Bulvar İdarəsi ilə müqavilə bağlamışıq, müqavilənin bütün şərtlərinə əməl etmişik. Keçən il Bulvar İdarəsindən bizə təklif etdilər ki, «Şam prodakşn» adlı şirkətlə müqavilə bağlayaq, biz də bağladıq. Şirkət müqavilə ilə öhdəlik götürmüşdü ki, bulvarda fotoçəkilişlər üçün müasir aparatlar quraşdıracaq, müqavilə ilə fotoqraflara 350 manat maaş, gündə bir dəfə pulsuz yemək, 8 iş saatı vəd olunmuşdu. Ancaq şirkət bir il ərzində öhdəliyini yerinə yetirmədi. 1 ilə yaxındır ki, bizi 12 saat işlədirlər, qazandığımızın da çox hissəsini əlimizdən alırlar, nə maaş verirlər, nə pulsuz yemək. Öz aparatımızla, öz printerimizlə işləyirik. Biz bunları görəndən sonra daha «Şam prodakşn»la müqavilə bağlamaq istəmirik. Ancaq deyirlər ki, müqavilə bağlamırsınızsa, bulvarın ərazisindən çıxın. İndi şirkətin müdiri bir neçə qohumunu gətirib, onlarla müqavilə bağlayıb. Ancaq biz 10-15 il burda işləyən fotoqraflarıq ki, müqavilə bağlamaq istəmədiyimizə görə bizi bulvar ərazisindən qovurlar».

«ŞAM PRODAKŞN»LA MÜQAVİLƏSİ OLMAYANLARA QADAĞA

Nadir Əkbərov deyir ki, fotoqraflar şirkət rəhbəri Pərviz Əkbərovun hərəkətlərindən hara şikayət edirlərsə, şikayətlərinə baxan yoxdur.

«Şam prodakşn» şirkətinin direktoru Pərviz Əkbərov isə deyir ki, bu, bir fotoşirkətdir. Bir müddət əvvəl Bulvar İdarəsinin nəzdində yaradılıb. Dənizkənarı bulvarda fotoçəkilişlə məşğul olmaq istəyənlər bu şirkətlə əmək müqaviləsi bağlamalıdır. Pərviz Əkbərov and-aman edir ki, fotoqraflar şirkətdən yerdən göyəcən razıdırlar. O ki qaldı narazılara:

«Onlar bizə aidiyyəti olmayan adamlardır. Nə vaxtsa bulvar ərazisində fotoqraflıqla məşğul olublar. Bizim bu aydan 30 fotoqrafla yeni müqavilələrimiz var. Sizə şikayət edənlərinsə bizimlə müqavilələri yoxdur. Onlar bir neçə demaqoqlardır ki, hər yerə yazırlar. Aramızda müqaviləmiz olmadığına görə onlara bulvar ərazisində işləməyə icazə verməyəcəyik».

Fotoqraf Nadir Əkbərov şirkət rəhbərliyini müqavilə öhdəliyini yerinə yetirməməkdə ittiham edir. Pərviz Əkbərov bu ittihamları da təkzib etdi. Ancaq «sizcə, fotoqrafları sizin şirkətdən narazı qalan səbəb nədir ki, onlar sizinlə müqavilənin vaxtını uzatmaqdan imtina ediblər» sualını da cavablandırmadı.

Çörəyi şəkil çəkməkdən çıxan Nadir Əkbərov indi işsiz qalıb. Deyir ki, şirkət onların qazandıqlarını əllərindən aldığına görə bir neçə peşəkar və stajlı fotoqraf şirkətlə müqavilənin vaxtını uzatmaqdan imtina ediblər. Çörəyi şəkildən çıxan fotoqrafları indi bulvarın həndəvərinə yaxın buraxmırlar. Fotoqraf deyir ki, onlar şirkətdən şikayətlərini davam etdirəcəklər.

Buna da bax:

XS
SM
MD
LG