Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:59

«Eynulla Fətullayevə qarşı bu qədər kinin saxlanması doğru deyil»


Beynəlxalq təşkilatların jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasına çağıran məktub və bəyanatları səngimək bilmir. Sonuncu belə müraciətlər Avropa Şurasının baş katibi Thorbjørn Jagland və New Yorkdakı Jurnalistləri Müdafiə Komitəsindən gəlib.

Milli Məclisin insan hüquqları komitəsinin, eləcə də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü deputat Fazil Mustafa bu müraciətlərə münasibət bildirir:

-Hər halda bu müsbət bir hadisə deyil. Azərbaycan tərəfi artıq qəbul etməlidir ki, ayrı-ayrı jurnalistlərin, yaxud tələbələrin həbsdə saxlanması ölkənin imici üçün müsbət heç nə gətirmir. Qarabağ kimi bir problemi olan dövləti- Azərbaycanı başqa bəhanələrlə təzyiq altında saxlamağa biz yol verməməliyik. Çox təəssüf ki, hələ ki, bu tendensiya davam edir. Ən əhəmiyyətsiz adamlar belə həbsdə saxlanmaqla hakimiyyətə daha çox başağrısı gətirir. O baxımdan bu düşüncə dəyişmədiyinə görə bu proses davam edir. Mən də düşünürəm ki, bu məsələlərin bir çözüm yolu tapılmalıdır. Artıq problemlərin demokratik yollarla çözümü barədə düşünmək lazımdır. Kimisə 5-6 ay həbsdə artıq saxlamaqla nədənsə həzz almağın mənası yoxdur. Çünki o məktublar, müraciətlər Azərbaycan üçün müsbət bir şey deyil.

ÖLKƏDƏ DEMOKRATİK İSLAHATLAR KEÇİRİLSƏ...

-Müraciətlər gün-gündən artır. Özü də daha nüfuzlu təşkilatların bu məsələyə qoşulması sayəsində. Bəlkə indiyə qədərkilərdən fərqli cəhdlərə ehtiyac var bu məsələnin çözülməsində. Bəlkə Azərbaycanı AŞPA-da təmsil edən bir millət vəkili olaraq sizlər də nəsə edə bilərsiniz?

-Bu məsələni biz gündəmdə tuturuq və belə məsələlərin daxildə çözülməsi ilə bağlı dəfələrlə mövqeyimizi bildirmişik. Çox təəssüf ki, anlayış olmadığına görə bu müraciətlər, məktublar çox vaxt ünvanına çatmır. Biz daha çox real nəticə əldə olunması üzərində düşünməliyik. Mən də düşünürəm ki, Eynulla Fətullayevin, yaxud tələbələrin-məsələn 19 yaşlı bir yeniyetmənin narkotik vasitə ilə tutulması, hətta üzərindən narkotika çıxsa belə bunun bu qədər şişirdilməsi bir Azərbaycan gəncinin gələcəyi üçün xoş olmayan bir bioqrafiya hazırlayır. Hər tərəfdən bu qədər neqativ münasibətlərin olduğu bir dövrdə ölkə daxilində bu qədər kin-küdurətin, barışmazlığın saxlanması yanlışdır. Eynulla Fətullayevlə bağlı deyim ki, bir ölkə vətəndaşına hətta səhvi olmuş olsa belə, bu qədər kinin saxlanmasını mən də doğru hesab etmirəm. Və bununla bağlı harda mümkündürsə biz mövqeyimizi bildiririk. Çox təəssüf ki, hələ ki, bizim də sözümüz lazımi səviyyədə eşidilmir. Hər halda yaxın zamanlarda ölkədə demokratik islahatlar keçirilərsə, onun bir qanadı da ədliyyə islahatlarına-xüsusilə həbsxanalarda olan vəziyyətə yönələ bilər. Bu isə siyasi azadlıqların genişlənməsinə və həbsdəkilərin azadlığına gətirib çıxarda bilər.

SIRADAN BİR JURNALİSTİ QƏHRƏMANA ÇEVİRMƏK


-Artıq Eynulla Fətullayevin səhhəti müzakirə mövzusudur. Sizcə sonra gec olsa, nə vəd edər belə bir durum?

-Sıradan bir jurnalisti həbsdə saxlayıb qəhrəmana çevirmək, özünə problem yaratmaqdansa, hakimiyyət bu kimi məsələlərdə yumşalmaya gedib cəmiyyət içində bir barış əhval- ruhiyyəsi yarada bilər. Çox təəssüf ki, hələ ki, siyasi azadlıqlar, demokratikləşmə yetərli səviyyədə olmadığı üçün nəticə əldə etmək də mümkün deyil.

-Doğrudanmı bu kimi məsələlərin ölkə üçün sizin dediyiniz fəsadları olduğunu hakimiyyətdə anlamayanlar var?

-Mənə elə gəlir ki, anlamayanlar var. Çünki bu anlayış olsa, məsələnin hakimiyyətə xeyrinin və ziyanının nədən ibarət olduğunu müəyyənləşdirib onu mexaniki şəkildə həll etmək olardı. Hesab edirəm ki, Eynulla Fətullayevin həbsdə saxlanması heç bir halda hakimiyyətin marağına uyğun deyil. Yəni bu, normal hakimiyyətin marağına uyğun deyil. Ən azı ona görə ki, həbsxanada olan şəxsin bu qədər beynəlxalq dəstək qazanması digər problemlərdə hakimiyyətin müəyyən təzyiqlərlə üzləşməsinə səbəb olur. Bu vəziyyət beynəlxalq qurumlara hansısa bəhanələr verir. Halbuki, həbsdə qəhrəmana çevrilənlərin azadlığa çıxandan sonra unudulduğunun az şahidi olmamışıq. Bloqqerlər var idi. Hanı indi onlar? Nə həbsə qədər tanınırdılar, nə də indi. Amma həbsdə olanda tanınırdılar. Demək hakimiyyət özü heç bir dəyəri, gücü, imkanı olmayanları qəhrəmana çevirir. Bu məsələlərin hakimiyyətin marağına uyğun olmadığını arqumentləşdirmək lazımdır. Bunun üçün də müzakirə lazımdır. Bu müzakirələr olmadığına görə biz də bu barədə fikirlərimizi sadəcə mətbuata deyirik. Mətbuatdansa kimsə götürmür. Bunun da nəticəsidir ki, hakimiyyət Eynulla Fətullayevin həbsdə saxlanmasının öz maraqlarına zidd olmasını bəlkə də qəbul etmək istəmir.

MƏSULİYYƏTLİ VƏ MƏSULİYYƏTSİZ MÜXALİFƏT


-Bu məsələnin hakimiyyətin maraqlarına zidd olduğunu iqtidarda anlayanlar varmı sizcə?

-Mənə elə gəlir ki, anlayanlar var. Amma demokratik bir mühit olmadığına görə fikirlərini açıq ifadə etməkdə çətinlik çəkirlər. Bunu söyləməyə çoxlarının cəsarəti çatmır.

-Hakim partiya bəzi çıxışlarında müxalifəti radikal və konstruktiv qanadlara ayırır. Bu baxımdan sizin rəhbəri olduğunuz Böyük Quruluş Partiyası da konstruktiv müxalifət kimi dəyərləndirilir. Sizcə dediyiniz müzakirələrə başlamaq üçün müraciət etsəniz hakimiyyət razılaşarmı?

-Ümumiyyətlə yox. Çünki biz bu məsələlərin həlli istiqamətində cəmiyyətin bilmədiyi çox addımlar atmışıq. Mən əlimdən gələni etmişəm ki, bu məsələ öz həllini tapsın. Gücümüz Milli Məclisin iclaslarına çatır. Orada da dəfələrlə bu məsələni qaldırmışıq. Amma mən bu bölgünün də tərəfdarı deyiləm. Mən Azərbaycanda hansı cinahda olmasından asılı olmayaraq iki müxalifət tanıyıram. Məsuliyyətli və məsuliyyətsiz müxalifət. İqtidara da yanaşmam budur. Məsuliyyətli və məsuliyyətsiz iqtidar təmsilçiləri var. Məncə bu kimi məsələlər daha çox məsuliyyətsiz iqtidar təmsilçilərinin marağına uyğundur.
XS
SM
MD
LG