Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 08:28

Hər insan - çarmıxa çəkilmiş İsadı doğulandan



İlham ÇƏRKƏZ


Arzunu göylərə ək: bəlkə bitdi, göyərdi,
ömür geri fırlandı,
bəlkə o sevdiyin qız bir də yuxuna girdi,
Tanrı da səni gördü,
milyonların içindən bir az qaldırdı göyə,
buluddan bir ev tikdi üşüməyəsən deyə,
silib təzədən yazdı alnındakı yazını,
gördün gerçəyə dönən neçə-neçə arzunu,
gördün, ağac əkirsən…

oğlanların daş verir, təzə bir ev tikirsən…
o sevdiyin gözəl də - sevdiyin arvadındı…
amma görəcəksən ki, yenə də darıxırsan,
o vaxt göyə baxırdın, indi yerə baxırsan.
Arzunu yerə əkmə,
yerdə bitənlər - yemək,
geymək, satmaq üçündü,
yerdəkilər -
gedəndə atmaq üçündü…

* * * * * * *

Sevdiyim qadın Afrikada öldü.
həkim idi…
qara gözlü, xəfif təbəssümlü, ağ bənizli,
dünyanın ən qayğıkeş həkimi…
xəstə zənci balalarını
sevirdi öz balası kimi…
haqsızlığa dözə bilməməyinə
dözmədi yarımçıq kişilər,
öldürdülər onu…

öldürdülər qara insanların ağ ümidini.
Afrikada basdırdılar, vəsiyyətinə uyğun..
Son anında,
heç olmasa gözlərini qapamaq üçün ,
ola bilmədim yanında,
içim dağıla-dağıla baxdım,
dünyanın ən dəli, ən gülməli sevgisi ilə…
mən onu ilk andan son anacan -
filmin əvvəlindən sonunacan
sevmişdim...

* * * * * * *

Azdırdılar, Tanrım, bizi azdırdılar,
min illərdən bəri,
yüz yerə yozdurdular,
bilmədiyimiz həqiqətləri…
Səni də bəzədilər, yüz cür, min cür yalannan,
kilsə, məscid, sinaqoq "Allah evi" olandan
itirdik səni…
minbərdəki bəlağətli xitablarda,
bər-bəzəkli kitablarda,
axtara-axtara itirdik…

nağıllara qulaq asdıqca,
unutduq ruhumuzla danışmağı,
ruhumuz susduqca,
öyrəndik yalanlar qoşmağı…
müəmma oldun,
«bəlkə»ndən qorxa-qorxa yaşadıq,
cəllad kimi sevdirdilər,
kölgəndən qorxa-qorxa yaşadıq…
Şükür Tanrım,
ağrılarnan olsa da yenə,
yol göstərdin mənə,
mən səni
göyün yeddinci qatında axtarırdım,
ruhumun yeddinci qatında tapdım...

* * * * * * *

Bu axşam bütün günahlarımı kağıza yazacam,
heç biri yaddan çıxmasın deyə.
Allah üçün oxuyub,
sonra yandırıb sovuracam göyə,
sabah yenə gedəcəm araq içməyə,
qız aldatmağa,
yasaqları keçməyə…

nə fərqi - bu gün bir günah dünənkindən çoxdusa,
və cəhənnəmə düşmək üçün
günahın az-çoxunun fərqi yoxdusa…

* * * * * * *

Biz eyniyik, ay kor adam,
İkimiz də nur gəzirik,
Bilirik, tapılmayacaq,
Bilirik, yoxdur - gəzirik

Düşmüşük, çıxa bilmirik,
bu düyün düşmüş yollara.
sən əsanı, mən başımı
divarlara vura-vura.

Görmürsən ki, hamı gülür,
sənin uşaq olduğuna.
inanırsan bu zülmətdə
hələ işıq olduğuna…

* * * * * * *

Hər insan -
çarmıxa çəkilmiş İsadı doğulandan,
hər körpə - ölümə atılmış qurban.
Bir anı yaşamaqçün,
körpələr çiyinlərini verər
ömür adlı xaçın altına -
ölümə daşımaqçün…
sonra hər il, tortun üstünə
sancılan şamlar qədər artar
ömür xaçına sancılan mismarlar…

Atalar sevə-sevə qoyub adlarını,
sonra sevə-sevə seyr edərlər
çarmıxda çırpınan övladlarını…
Allahın İsanı,
Allahın insanı seyr etdiyi kimi…
atalar öz atalarının elədiklərinin,
qisasını alar övladlarından,
bəs ALLAH kimin?…

* * * * * * *

Yaşıdıydıq…
bir az tez böyüdük,
vaxtından qabaq,
sən - telefonun oğurlananda,
mən - Şuşada "Stringer"lə vurulan,
vertolyot yananda…
sən - insanların üzünə baxıb irişməyindən sındın,
mən - 42 nəfərin diri-diri bişməyindən…
mən - kababdan və bütün insanlardan
iyrəndim o gün,
sən - telefon oğrularından…

mən - acizliyim boyda böyüdüm o gün,
sən- telefonsuzluğun boyda…
Bir az tez böyüdük,
vaxtından qabaq.
o gündən
mən - qoca kişiyəm,
sən - balaca uşaq...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG