Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 15:58

Güntay Gəncalp "Sirli toplantı" (Hekayə)


Məkan hər an dəyişir. Ancaq bir evin içində oturan çoxlu ailə üzvləri dəyişmir.

Ailə üzvlərindən əlavə tanınmaz adamlar da var. Əcəb işdir, bu tanınmaz adamlar kimdilər ki, bu qədər doğma adamlar kimi oturmuşlar bizim məclisdə.

Digər tanınmaz, ancaq tam doğma görünən üç yaraşıqlı kişi də var.

Bunlar yerdə deyil, stulların üstündə oturmuşlar və musiqiçi olduqları bəlli. Atam pəncərənin qabağında oturmuş və məclisi yönləndirən də atamdır.

Bu evimizi xatırlayıram, çox əskidən bu ev var idi, ancaq daha sonra onu söküb və yanında başqa ev tikmişdik. Anlaya bilmirəm ki, niyə bu əski evə toplanmışıq. Adamların sayı 30 nəfərdən çoxdur.

Mənim tanıdıqlarım isə, sadəcə öz qardaşlarımdır, bacılarımdır. Sifətləri mənim üçün zahirən tanınmaz olan adamlar da ruhuma doğma və tanış kimi görünürlər. Atam üzümdəki bu sualı oxuyurmuşcasına əlini boynuma salıb qulağıma “Bunları üzdən bəlkə tanımazsan, ancaq hamısı bizim nəsildəndır.

Çoxları daha yüz illər bizdən əvvəl dünyaya gəlib, yaşayıb və ölmüşlər, bəziləri də yüz illər sonra dünyaya gələcəklər. Ancaq önəmli olan odur ki, hamısı bizim soydandır.”- deyir və davam edir atam : “Ancaq içimizdə birisi var ki, mən də onu tanımıram, dəqiq tanımıram.

Kim olduğunu bilmirəm, ancaq o da hər halda yabancı deyil.” Daha sonra atam üzünü məclisə tutub: “İstərsiniz bir şeir oxunsun.”- deyir.

Hamı qəbul edir. Bir gözəl qız gəlib mənim önümdə oturub və : “Mən şeir oxuyacağam, ancaq sən də nəzarət elə, sənin şeir bilgin və şeir oxuman gözəldir, bilirəm.”-deyir.

Öz-özümə düşünürəm ki, bu mənim şeir bilgimin var olduğunu hardan bilir, axı mən bu xanımı tanımıram. “Kimin şeirini oxuyacaqsınız?”- deyə soruşuram. O da “Hüseyn Cavidlə Cəfər Cabbarlının “gözəllik” adlı şeirlərini bir-birinə qarışdırmışam, gözəl bir şeir alınmış, həm də daha uzun şeir olmuş. Çünkü məclisdəkilər uzun şeiri sevirlər.”- deyir.

“Sən bu məclisdəkilərin hamısını tanırsan mı”- deyə soruşuram.
“Hamısını deyil, ancaq çoxunu tanıyıram. Hələ bir azdan sayımız daha çox olacaq. Ancaq bilirəm ki, hamısı tanışdır, daha doğrusu belə deyirlər ki, hamısı bizim soydandır.”

Qız dodaqlarıma yaxınlaşır və bu zaman “Bir az daha yaxın gəl lütfən, dodaqların çox gözəldir, dodaqlarını öpmək istəyirəm”- deyirəm. Qız gülərək, “daha sonra öpüşərik”- deyib üç musiqiçi oturan yerə gedir. Kamançaçı ilə tarzən çalırlar və qız şeiri oxumağa başlayır:

Mən bir zaman öz-özümdən uzaqdım
Dün bir işıq gördüm ruhuma taxdım
Bütün əski tanrıları buraxdım
İndi artıq bir Tanrım var-gözəllik.

Bütün əski tanrılara darıldım
Həp məcazi sevgilərdən yoruldum
Bir həqiqət gördüm, ona vuruldum
Dünyada bir şüarım var-gözəllik.

Oxaşa məni yeni Tanrım sevindir
Artıq qəlbim, ruhum, duyğum sənindir
Çıx könlümdən əski dünya sonundur
Çünkü artıq bir Tanrım var-gözəllik.

Qız, Cəfər Cabbarlının şeirini oxuduqdan sonra Hüseyn Cavidin eyni adlı şeirini oxumaq istərkən, qulağıma məchul bir səs deyir: “Hüseyn Cavidlə Cəfər Cabbarlı da gəldilər!” Bu cümləni eşidərkən heyrətdən bilmirəm nə edim. Ancaq nə cavidi, nə də Cabbarlını görə bilmirəm. Qız, sevimli və sevda dolu səsi ilə musiqinin eşliyində şeir oxuyur:

Hər qulun cahanda bir pənahı var
Hər əhli halın bir qibləgahı var
Hər kəsin bir eşqi, bir Allahı var
Mənim Tanrım gözəllikdir, sevgidir.

Gözəl sevimlidir, cəllad olsa da
Sevgi xoşdur, sonu fəryad olsa da
Uğrunda mənliyim bərbad olsa da
Son dildarım gözəllikdir, sevgidir.

Gözəlsiz bir gülşən zindana bənzər
Sevgisiz bir başda əqrəblər gəzər
Nə görsəm, hangi səmtə etsəm güzər
Həp duyduğum gözəllikdir, sevgidir.

Qız şeiri oxuduqca üzündə sonsuz gözəlliklər görünür. Qız üzünü şeirlərin müəllifləri Hüseyn cavidə və Cəfər Cabbarlıya tutub oxuyurdu. Ancaq onun baxdığı yerdə onları mən görə bilmirdim. Şeir bitmişdi. Ancaq tar və kamanın çalğısı davam edirdi. Çalınan “nəva” muğamıdır.

Atamın da tanımadığı adamın bədən quruluşu və görünüşü çox yaraşıqlıdır. Ancaq nə qədər çalışıramsa onun sifətini görə bilmirəm. Içimdən bir səs “bu, sifətinin görünməsi mümkün olmayan yəqin ki, Tanrının özüdür”- deyir. Gözəl qızın saçları çox uzun və qızılı rəngdədir.

Qız şeir oxuduqca atamdan başqa məclisdə oturan bütün adamların sifətləri deyişirdi. Dəyişən sifətlərin bir çoxunu tanıya bilirdim.

Bu dəyişmə elə gözəl olurdu ki, anlatması çox çətindir. Mən hiss edirdim ki, içimdə dəyişən bir şeylər olur.

Fikirləşdim yəqin ki, mənim də sifətim dəyişir. Yanımda sifəti dəyişmiş bir xanımdan, “Bağışlayın xanım, mənim də sifətim deyişmiş mi?”-deyə soruşdum. Xanım diqqətlə mənə baxıb və yanağımdan öpərək, “Mən səni tanıdım. Sən osan. 1000 il əvvəl mənim ərim olmuşdun, sevirdim səni, sən də məni sevirdin. Unutmusan mı?”- dedi.

Mən isə “əcəb işdir, xatırlamıram, ancaq içimdə sanki səni tanımış kimi bir halım var”- dedim. “Bir azdan tanıyacaqsan”- deyib musiqiyə diqqətlə qulaq asmağa başladı.

Birdən atam üzünü məclisə tutub, “İçimizdən bir nəfər əksikdir, gəlməmiş.”- dedi. Mən isə üzümü atama tutub, “Anam gəlməmiş, ancaq gələcəyini söyləmişdi”- dedim. Atamın üzünə kədər qondu və şeir oxuyan qıza “xanım niyə gəlməmiş, bilirsən mi?”- deyə soruşdu.

Qız da “Gəlmiş, o bir otaqda uzanmışdır” - dedi.

Əlimi atamın çiyninə qoyub və işarə etdim ki, mənə tərəf əyilsin, qulağına söyləyəcəyəm var.

Atam mənə tərəf əyildi və qulağına, “Ata, bəs sən ölmüşdün axı, mən sənin öldüyünü sanırdım, dəfn mərasimində özüm iştirak etmişdim.”- dedim. Atam, “ölüm və həyat bir-birinin içindədir, ölümün həyat, yoxsa həyatın mı ölüm olduğu bəlli deyil, ancaq bunları mən sənə anlada bilmərəm. Özün də öldüyündə anlayacaqsan. Ancaq sənin üçün nə fərq edər ki.

Önəmli olan budur ki, bir yerdəyik”- dedi və sonra da barmağı ilə sifəti görünməyən adama işarə edərək, “Hər şeyi bilən odur. Onun bilmədiyi heç bir şey yoxdur.”- dedi.

Atama, “sən onun sifətini görə bilirsən mi, mən görə bilmirəm”- dedim. Atam da, “Yox, mən də görmürəm onun sifətini, onun sifətini görə biləcək göz yoxdur. Onun sifəti görünməz, ancaq hər yerdə olur o”- dedi.

Mən məclisdən ayrılıb anamın yanına getmək istədim. Anam mavi bir örpəyi üzərinə çəkib uzanmışdı, yatmışdı. Geri döndüyümdə məclisdəki adamların çoxu getmişdi.

Yaınız şeir oxuyan qız qalmışdı və bir də sifətini görə bilmədiyim adam orda idi. Qıza “mənimlə öpüşəcəksən mi?”-deyə soruşdum. Sifəti görünməyən kişi, davranışları ilə bizim öpüşməmizi istəyirdi sanki.

Qız dodaqlarımı dodaqlarına yapışdırıb və yavaş-yavaş məni öpməyə başladı. Ancaq o məni öpdükcə məndə şəhvət duyğuları baş qaldırmadı, sadəcə onun dodaqlarından ağzıma heç bir zaman dadmadığım bal şirinliyi axırdı.

Qız, dodaqlarını dodaqlarımdan ayırdığında özümü bulaq başında gördüm. Sifəti görünməyən adam da getmişdi.

Qız da mənə təşəkkür edib bulaqdan axan suya qarışıb axıb getdi. Ağzımdaki şirinliyin dadından məst olmuşdum.

enyeniedebiyat.com

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG