Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:44

Azərbaycanlıları birləşdirən «bölgə» hansıdır?


Keçən həftə İçərişəhərdəki «Abşeron» Rəsm Qalereyasında «Azərbaycan deyəndə» adlı toplunun və təqvimin təqdimatı olub. Həmçinin eyniadlı 60 foto-kompozisiyadan ibarət sərgi də açıldı.

«Kitabda bütün Azərbaycanlıları birləşdirən bir «bölgə»yə xüsusi yer ayrılıb- bu «bölgə» Azərbaycan mədəniyyətidir».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına «Abşeron» Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov söylədi.

HAMIMIZ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN ÖVLADLARIYIQ

Ötən həftə sonu qalereyada düzənlənən «Azərbaycan deyəndə» adlı toplunun və eyniadlı fotosərginin açılışında proqramımıza müsahibə verən Eldəniz bəyin sözlərinə görə, haralı olduğumuzdan asılı olmayaraq bizi bir mədəniyyət birləşdirir. «Birimiz Baklı, birimiz Qarabağlı, birimiz Naxçıvanlıyıq, amma hamımız Azərbaycan mədəniyyətinin övladlarıyıq».

«VƏTƏN QARIŞ-QARIŞ» SİLSİLƏSİNDƏN İKİNCİ KİTAB


E. İbrahimov bir neçə il öncə Avropa İttifaqının «Azərbaycan regionlarının stabil inkişafı» layihəsinə yerli ekspert qismində qatılıb və iş prosesində zəngin material toplayıb. «Proqramın rəhbərlərinin icazəsi ilə bir kitab nəşr etməyə qərar verdim. «Vətən qarış-qarış» silsiləsindən «Şərqin qapısında möcüzələr» adlanan kitab Şəki-Zaqatala zonasına həsr olunmuşdu. Amma bu kitabı onunla müqayisə etmək olmaz. Həcmcə böyükdür, həm də daha dolğundur. Burada Azərbaycan əhatə olunub».

SƏTTARIN TABLOLARI, VURĞUNUN MİSRALARI...


Toplunun həm də müəllifi olan Eldəniz İbrahimov kitabın bədii tərtibatında Səttar Bəhlulzadə yaradıcılığından istifadə etdiklərini dedi. «Hər bölgənin təqdimatı rəssamın o bölgəyə həsr etdiyi tablo ilə tamamlanıb».

İdeoloji simvol kimi Səməd Vurğunun dillər əzbəri olan «Azərbaycan» şeiri seçilib. «Eynən Səttar Bəhlulzadə kimi hər bölgə məşhur şairin həmin bölgəyə aid misraları ilə təqdim olunur».

TƏKLİF «SİNAM» ŞİRKƏTİNDƏN GƏLİB


Kitaba maliyyə dəstəyini elektron məhsullar üzrə ixtisaslaşan «Sinam» şirkəti göstərib. Maraqlıdır ki, Eldəniz İbrahimov belə bir kitabın çap edilməsiylə bağlı təklifi də şirkətin prezidenti Elçin Əliyevdən aldığını dedi. «O şikayətləndi ki, Azərbaycan haqqında təsəvvür çox məhduddur. Azərbaycan deyəndə çoxları bilmir ki, söhbət hansı ölkədən gedir. Xaricə gedəndə, hədiyyə vermək üçün ölkə haqqında bir kitab axtarırsan, tapmırsan. İdeya belə yarandı. Ona görə də, kitabı Tofiq Bayramın «Azərbaycan deyəndə» şeiri ilə adlandırdıq».

KİTAB ÜÇ DİLDƏDİR


Müəllif topluda «Ən, ən, ən kiçik ensiklopediya» başlığı altında ölkə barədə əlifba sırası ilə müxtəlif bilgilər verildiyini də bildirdi. «Bütün bilgilər üç dildə-azərbaycan, rus, ingilis dillərində verilib». Eldəniz İbrahimov ölkə anlayışından, inzibati sərhəddən savayı kitabda müxtəlif asbektlərin əhatə olunduğunu vurğuladı. «Etnoqrafiya, adət-ənənələr, memarlıq və təbiət abidələri, qan yaddaşımız—çalışmışıq ki, kitabda bütün bunlar öz əksini tapsın».

KİTABDA 400-Ə YAXIN ŞƏKİL VAR

Kitabı ölkənin tanınmış 26 fotoqrafının 400-ədək şəkli bəzəyir. Həmin gün qalereyada açılan «Azərbaycan deyəndə» sərgisinin ekspozisiyasında nümayiş olunan şəkillər də həmin fotoqraflara məxsusdur. Eldəniz İbrahimov ekspozisiyada kitabın gələcək buraxılışı üşün gözaltı etdikləri fotoların olduğunu da söylədi. «Sərgi martın 26-sına qədər davam edəcək».

Mərasimdə «Azərbaycan deyəndə» adlı bənzər tərtibatlı təqvim də təqdim olundu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG