Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:42

Yazıçılar Birliyinin sədrinin kitabları yandırıldı


Nikolay Çerginets
Nikolay Çerginets
Martın 19-da Minskdə bir qrup bloqçu Belorus Yazıçılar Birliyinin sədri Nikolay Çerginetsin kitablarını yandırıb.

Onlar bununla “Gənc Belorus mənəviyyatının qorunması” gününü qeyd ediblər.

Çerginets - “Avropanın sonuncu diktatoru” – Belorus prezidenti Aleksandr Lukaşenkoya yaxın adam sayılır.

O, rəsmi yazarlar birliyinin sədri kimi çalışmaqla yanaşı həm də uzun müddət parlamentin deputatı olub. İndi isə həm də “Mənəviyyat üzrə İctimai Şura” sədridir.

Yazıçılar Birliyi bu şuranı Belorus kilsəsi ilə birlikdə yaradıb – təbii ki dövlətin himayəsi altında.

Məqsəd “gənc nəslin tərbiyəsini pozan hallara qarşı mübarizə aparmaqdır”.

İndiyəcən şura Elton Con, “Ramstein” rok qrupu və bir sıra başqa sənətçilərin konsertləri əleyhinə çağırışlar edib, onların Belorusda çıxışından qabaq konsert proqramlarının yoxlanması məsələsini qaldırıb.

Amma kitabyandırma aksiyası hətta müxalif fikirli bloqçuların öz arasında da birmənalı qarşılanmayıb.

Bəziləri bütün hallarda kitab yandırmağın münasib aksiya olmadığını, hökumətə bunu
mənfi yöndən təqdim etmək üçün bəhanə verdiyini, belə aksiyaların nasist və inkvizisiya aksiyaları ilə müqayisə oluna biləcəyini deyiblər.

Bəzi bloqçular bildirir ki, aksiyaya daha yaradıcı yanaşmaq olardı, məsələn Çerginetsin kitablarını yığmaq və daha sonra kağızdoğrayan maşından keçirib makalaturaya çevirmək olardı və bu, kitab yandırmaq aksiyası kimi onsuz da Çerginetsin heç kimin oxumadığı kitablarının reklamına çevrilməzdi.

1937-ci il doğumlu Çerginets 30-dan çox kitabın müəllifidir.

Belorus prezidentinin siyasi kursunu davamlı dəstəklədiyinə görə, hətta 2006-2008-ci illərdə onun Avropa Birliyi ölkələrinə səfərlərinə qadağa qoyulmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG